“Qərbdən və dünyadan gələn reaksiyaları normal saymaq olar” – ŞAHİN CƏFƏRLİ

66

“Ola bilər ki, Azərbaycan və Rusiya arasında, yaxud Azərbaycan -Türkiyə-Rusiya üçbucağında hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib”

“Bu günə olan beynəlxalq reaksiyaları qənaətbəxş saymaq olar. Təbii ki, hamımıza məlum olan səbəblərdən ilk növbədə Rusiyanın reaksiyası önəmli idi. Moskva hələ ki, təmkinli davranır”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Politoloq qeyd edib ki, Rusiyanın Ermənistana və ya oradakı hərbi bazasına hərbi texnika göndərməsi rutin prosesdir, bu, o qədər də önəmli deyil: “Rusiyanın mövqeyi ilə əlaqədar müəyyən ehtimallar irəli sürmək olar. Ola bilər ki, Azərbaycan və Rusiya arasında (yaxud Azərbaycan – Türkiyə – Rusiya üçbucağında) hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib. Bu səbəblə, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb və onun hərbi aktivliyinə muəyyən müddət göz yumacaq. Bu ehtimal doğrudursa, onda Rusiyanın Azərbaycandan nə alacağı da önəmlidir. Ümid edirəm, Avrasiya İttifaqına üzvlük, Rusiya sülhməramlılarının münaqişə tam həll olunmadan bölgədə yerləşdirilməsi kimi qərarlar olmayacaq. Rusiya sülhməramlı kontingentinin yalnız beynəlxalq missiyanın tərkibində, neytral Avropa ölkəsi zabitinin komandanlığı altında ölkəmizə gəlişinə razılıq vermək olar. Amma bundan öncə Azərbaycanın bütün işğal edilmiş ərazilər, o cümlədən Dağlıq Qarabağ üzərində suverenliyini təmin edəcək sülh müqaviləsi imzalanmalıdır. Mümkündür ki, Azərbaycan – Türkiyə hərbi əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi, ölkəmizdə Türkiyənin hərbi mövcudiyyəti Rusiyaya çəkindirici təsir göstərərək onun öz siyasətinə korrektələr etməsinə səbəb olub”.

Şahin Cəfərli onu da bildirib ki, Moskva burada Türkiyənin daimi hərbi mövcudiyyətində maraqlı deyil: “Ola bilsin, yuxarıda bəhs etdiyim razılaşmanın (əgər varsa) mahiyyəti budur ki, Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müəyyən zaman aralığında göz yumur, vaxt bitdikdən sonra isə türkiyəlilər buradan çıxır. Bu da istisna deyil ki, ortada hər hansı anlaşma filan yoxdur və Kreml erməni xalqını inqilab törətdiyinə peşman etmək, Rusiyaya qarşı nankorluğuna görə onu cəzalandırmaq üçün Azərbaycan və Türkiyənin aktivliyinə bir müddət dözümlü yanaşacaq. Ermənilər öz səhvlərini anladıqdan və onu Azərbaycan və Türkiyənin əlindən yalnız Rusiyanın qurtara biləcəyini başa düşdükdən, bir növ, Moskvanın ayağına qapandıqdan sonra Kreml siyasi səviyyədə lazımı müdaxilələri edib, Azərbaycanı dayandıracaq. Qərbdən və dünyadan gələn reaksiyaları isə normal saymaq olar. Hazırkı situasiyada onların tərəfləri atəşkəsə çağırması adekvat reaksiyadır. “Bir-birinizi qırın” deyəsi deyillər. Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır və bu, tamamilə legitimdir. Qərbdə bunu anlayırlar. Vasitəçilər ABŞ və Fransa münaqişənin həllinin məhz Ermənistanın güzəştsiz mövqeyi səbəbindən bu qədər uzandığını çox yaxşı bilirlər. Yadınızdadırsa, ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri heyrətlə söyləmişdi ki, ermənilər nəinki DQ məsələsində, hətta ətraf rayonlarla bağlı da kompromisə hazır deyillər. Bu üzdən, əgər Azərbaycanın hərbi təzyiqi (təbii ki, Qərb bu təzyiqin qısamüddətli olmasını istəyərdi) nəticəsində erməni tərəfi yola gələcəksə, bu, Qərbin maraqlarına zidd olmayacaq. Sonda Azərbaycan rəhbərliyinin apardığı uğurlu diplomatiyanı da qeyd etmək və onları təbrik etmək lazımdır. Sərt gücün işə düşməsinə məhz bu diplomatiya yol açıb. Ən azı, hazırkı mərhələdə görünən budur, sonrasını müşahidə edib, müvafiq qiymət verərik”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org