“Qərarların dərin düşüncəli şəxslər tərəfindən verildiyinə inam sıfıra bərabərdir” – İLQAR MƏMMƏDOV

183

“Qərarlardan bürokratik çərçivələrin havası gəlir”

“Bütün dünya açılarkən Azərbaycanda karantinin sərtləşdirilməsini ictimai rəy əsasən iki cür yozur: 1. “Bacarıqsızlıq. Futbolu necə oynayırıqsa, dövləti qərarları da elə veririk.” Qərarların dərin düşüncəli şəxslər tərəfindən verildiyinə inam sıfıra bərabərdir. Qərarlardan bilikli kritik düşüncənin deyil, bürokratik çərçivələrin havası gəlir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər REAL Partiyasının sədri İlqar Məmmədova məxsusdur.

“Tibb ekspertlərinin adları rəsmən açıqlanmalıdır”

“Ona görə bir neçə dəfə demişdim ki, dövlət adından qərar verən tibb ekspertlərinin adları rəsmən açıqlanmalı və xalq onların peşə tərcümeyi-hallarını dünyadakı başqa alimlərin təcrübəsi ilə müqayisə etməlidir. Xüsusilə də, sərt karantinin kobud səhv olduğunu deyən dünyaca məşhur alimlərin təcrübəsi ilə”-deyə partiya sədri əlavə edib.

“Şüurlara bu təsəvvürü yazmış olan nədir?”

İ. Məmmədov ictimai rəyin yozduğu ikinci rəyi də nəzərə çatdırıb: “Hakimiyyətin kütləvi etirazlardan qorxusu artır və əsl məqsəd yoluxmaları azaltmaq deyil, legitim məhdudlaşdırma yolu ilə əlavə vaxt udmaqdır.” Şüurlara bu təsəvvürü yazmış olan nədir? Mitinqlərin çoxdandır yasaqlanması”.

“Oolis siyasi həyatdan tezliklə kənarlaşdırılmalıdır”

Məmmədovun sözlərinə görə, polis əsas siyasi fiqura çevrildisə, başqa cür ola da bilməzdi: “Odur ki, polis siyasi həyatdan tezliklə kənarlaşdırılmalı, siyasətlə siyasətçilər məşğul olmalıdır. Məzmunlu və yüksək səviyyəli siyasi-iqtisadi mövzularda bizə qarşı yarışa çıxmağa hakimiyyətin yetərincə siyasi təmsilçisi məncə, vardır”.

Şamo EMİN, Hurriyyet.org