QƏLƏBƏMİZİN ELAN OLUNACAĞI GÜN… – Eldar Sabiroğlu: “Uzağı 15 gün ərzində düşmən üzərində tam və qəti qələbə xəbərini səbrsizliklə gözləyirəm”

216

Azərbaycanın mövqeyi dəyişməzdir. Ali Baş Komadanımız qərarında qətidir. Düşmən nə qədər ki, silahı yerə qoyub işğalçı siyasətindən əl çəkməyib, onu daha ağır faciələr gözləyir. Cənab İlham Əliyev Müdafiə Nazirliyində dünən keçirdiyi müşavirədə və bu günkü çıxışında problemin səbəblərini, müharibənin davam etməsində maraqlı olan qüvvələrin iç üzünü açıb tam ortaya qoydu.

Biz zəbt olunmuş ərazilərimizi düşmən tapdağından xilas etmək istəyirik. Paşinyan isə hər gün ağılsız bir davranış tərzi nümayiş etdirərək vəziyyəti gərginləşdirməyə çalışır. Şübhəsiz cavabını da gecikmədən alır. “Boş” nazirin yeni tezisinə görə, Qarabağın diplomatik həlli artıq tükənib. Deməli, bu adamın sülh danışıqları barədə yalvarışlı təklifləri büsbütün yalan və hiyləgərlik üzərində qurulub.

Azərbaycanı müharibə ilə hədələyən bu boşboğazdan soruşmaq gərək, axı nəynən, hansı gücnən, Nikol!? Ordun dağılıb, iqtisadiyyatın çöküb, bahalıq baş alıb gedir. Ərzaq çatışmazlığı, günbəgün artan qiymətlər əhalini çıxılmaz hala salıb. Görünür ki, öz ölkəsinin informasiya mənbələrinin verdiyi məlumatlardan belə tam xəbərsiz olan “Boş” nazir iddialarından kənarlaşa bilmir. Onun şıltaqlıqları qarşısında Azərbaycan daha nə etməlidir, susub durmalıdır? Nə müharibənin dayandırılması, nə də danışıqlara başlamaq barədə konkret mövqeyi olmayan belə birisi ilə yumşaq rəftara getmək olmaz. Bu baxımdan prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət tamamilə düzgündür.

Ermənistanda daha hansı müdhiş mühit hökm sürür!? İnsanların artıq çörək almağa pulları yoxdur. Dövlət əmək pensiyalarını ödəyə bilmir. Sutka ərzində onlarla əsgər itirir, saysız-hesabsız hərbi texnikası sıradan çıxarılır. Buna baxmayaraq “Boş” həyasızlığını xəcalət hissi çəkmədən yenə də sürdürür. Bu axmağın dərsi karantin dövrünə təsadüf etsə də, çox tərs qayda da verilməlidir ki, bir də bu cür qələtlərə yol verməsin. Ali Baş Komandanımız İlham Əliyev əks diplomatik həll yolun nədən ibarət olduğunu ona elə həmin gecə göstərdi və nəticədə 40-a yaxın əsgərini itirdi.

Daxilimdə çırpınan xoş bir əminlik məni rahat buraxmır. Azərbaycan Ordusunun uzağı 15 gün ərzində düşmən üzərində tam və qəti qələbə xəbərini səbrsizliklə gözləyirəm. Qisas əməlliyyatları qarşısında düşmən ordusu tab gətirə bilmir və döyüşdən imtina edir. Çox təəssüf ki, bəzi ölkələr Fransanın timsalında Paşinyan hökumətinə dəstək verməklə müharibənin nəinki dayandırılmasını, onun daha da alovlanmasına çalışırlar.

Fransa parlamentinin bir qrup üzvünün icazəsiz Azəbaycanın ayrılmaz hissəsi olan Qarabağa səfərini necə başa düşək!? Minsk Qrupunun susqun fəaliyyəti, Rusiyanın ikiüzlülüyü, ABŞ-ın isə indiyədək ortaya əsaslı bir mövqe qoymaması Ermənistanın qudurğan hərəkətlərinə ciddi zəmin yaradır. Əslində işğalçıya hərbi-siyasi dəstəyin tarixcəsi indinin işi deyil.

Hər iki tərəfi sülh danışıqlarına dəvət edirlər. Sanki bundan özgə söz bilmirlər. Həmişə olduğu kimi bu gün də Şuşanın və Xankəndinin işğalında ermənlərə dayaq dururlar. Halbuki Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan bu tarixi yurd yerlərimizin erməni ilə heç bir əlaqəsi olmamışdır. Yadellilərın çar Rusiyanın yardımı ilə bu şəhərlərə yerləşdirilməsi təkzibedilməz faktdır. Azərbaycan daha bundan sonra işğalçı Ermənistana geniş qol-qanad verən heç bir ölkənin səmimi əməkdaşlığına inanmamalıdır.

Birgəyaşayış norma və prinsiplərinin Azərbaycanın idarəçiliyi əsasında əvvəlki məcraya qaytarılması və beləliklə, bu təməl üzərində sülh danışıqlarına başlanılmasından savayı özgə yolun olmadığı barədə cənab İlham Əliyevin səsləndirdiyi mövqe tamamilə Azərbaycanın haqlı maraqlarına və beynəlxalq hüquqa uyğundur. Odur ki, Ermənistanın qeyd-şərtsiz torpaqlarımızdan geri çəkilməsindən başqa yolu yoxdur. İlham Əliyevin bu dönməz qərarı müsbət cavabını almadan bölgədə hər hansı sakitlikdən, silah səslərinin kəsilməsindən söhbət gedə bilməz.

Düşmənin iflası göz qabağındadır. Ordusu artıq çöküb. Cinayətkar Paşinyan vəziyyətdən çıxmaq üçün məktəb yaşlı uşaqları döyüşə cəlb edir. Təsəvvür edin, hansı ağlı başında olan normal hökumət rəhbəri buna gedər!?

Minsk Qrupu ağzına su alıb durur. BMT, ATƏT və digər beynəlxalq qurumların Paşinyanın bu dövləti cinayəti barədə səsi çıxmır. Azərbaycan Ali Baş Komandanının tökülən qanların dayandırılmasına yönəlik irəli sürdüyü sülhpərvər təkliləri problemin dinc vasitələrlə həllinə böyük siyasi töhfələr verə bilər.

Prezident Əliyev Fransanın “LE FİQARO” qəzetinə müsahibəsində bir daha ölkəsinin siyasi xəttini beynəlxalq ictimaiyyətə çatdıraraq hər iki millətin birgə yaşayışına zəmanət verdiyini çox aydın şəkildə səsləndirdi. Lakin işğalçı Ermənistanın baş naziri Nikolun Rusiyaya, həm də Fransanın özünə bəslədiyi ümidləri hələ sönməyib. Dağlıq Qarabağın işğal faktını göz bəbəyi kimi qoruyan Rusiya 27-illik müttəfiqini müasir silahlarla təchiz etməkdədir.

Ali Baş Komandanın Müdafiə Nazirliyində keçirdiyi dünənki müşavirədə və bu gün səhər ölkənin telekanalları vasitəsilə səsləndirdiyi ciddi açıqlamalar beynəlxalq ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. Ermənistana silah yardımında iştirak edən ölkələrin adını çəkməsə də, bu sırada əsasən Rusiyaya işarə etdiyi aşkar hiss olunurdu.

Eldar Sabiroğlu,

Keçmiş millət vəkili və ehtiyatda olan polkovnik