Qəhrəmanlarımızın xatirəsi dərsliklərdə necə əbədiləşdiriləcək? – Təhsil mütəxəssisləri danışır

285

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə hərbçilərimizin qanı, canı bahasına əldə olundu və bundan sonra vacib məsələ qəhrəmanlarımız haqqında bilgilərin əbədiləşdirilməsi, gələcək nəsillərə ötürülməsidir.

Bəs görəsən, xüsusi qəhrəmanlıq göstərmiş, döyüşlərdə fərqlənmiş şəhid və qazilər haqda dərsliklərə nəsə salınacaqmı? Yaxud onların döyüş yolu haqda informasiya bazası yaradılacaqmı? Video, yazı formasında material hazırlanacaqmı? Bütün bunları hansı dövlət qurumu həyata keçirəcək?

Bizimlə söhbətdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bildirdi ki, qəhrəmanlıq göstərmiş əsgərlərimizə, şəhidlərimzə xüsusi diqqət yetirilməlidir: “Bu diqqət bütün dövlət orqanları tərəfindən olmalıdır. Bəli, Təhsil Nazirliyi tərəfindən dərsliklərə, xüsusilə tarix dərsliklərinə bu qəhrəmanlar hökmən düşməlidir. Amma bunu Müdafiə Nazirliyinin təqdimatı nəticəsində cənab Prezident İlham Əliyevin fərmanı ilə fərqlənmiş əsgərlərin adları salınmalıdır. Bizdə leytenant Şmidt küçəsi var. Məgər bizim qəhrəmanlıq göstərən leytenantımız yoxdur?! Var. Rəsmi olaraq qəhrəmanlıqları təsdiqlənəndən sonra  küçələrimizə də onların adlarını qoyacağıq. Tarix dərsliklərimizdə onlara həsr olunmuş səhifələr olacaq. Əgər qəhrəmandırsa, oxuduğu məktəbə də adını qoymaq olar. Vacib deyil, bu general olsun. Əlbəttə, generalların da adı əbədiləşdiriləcək. Amma sıravi əsgərin, gizirin adını da qoymaq lazımdır. Məsələn, Əsgər Əhmədov küçəsi.

Professor Şahlar Əsgərov - "Biz alimlərin sayını artırırq, keyfiyyəti yox"  | Eurasia Diary

Şahlar Əsgərov

Əgər əsgər bu küçədə yaşayıbsa, o küçənin uğrunda canını qurban veribsə, deməli, onun adı verilməlidir. İndi gəlin bunun nəzəri hissəsinə nəzər salaq. İnsanın iki mənafeyi var – şəxsi və ictimai. Insanları bir-birindın nə ilə fərqləndiririk? Əgər o insan ki, ictimai mənafeyi üstün tutur, özünü ictimai mənafe uğrunda qurban verirsə, bunlar qəhrəmanlardı. İgid isə bir qəbilənin, obanın, bir nəslin igididir. Onun anasına, bacısına sataşdılar, gedib özünü qurban verdi, igidlik elədi. Igidlə qəhrəmanı qarışdırmaq lazım deyil. Qəhrəman vətən uğrunda gedir. Satqınlar isə vətəni özünə qurban edən insanlardı. İctimai mənafeyi şəxsi mənafeyə qurban verən insanlar satqınlardı. Ona görə özünü millət yolunda fəda edən, qurban verən insanlar bizim gözümüzün işığı olmalıdır. Mən universitetin professoru kimi onu görəndə boynunu qucaqlayıb öpməliyəm. Əgər mən də yaxşı bir iş görmüşəmsə, Azərbaycanın bir uğurunu Yaponiyada, İngiltərədə, Amerikada tətbiq etmişəmsə, qəhrəman da mənim hörmətimi saxlamalıdır. O bu cəbhədə qəhrəmanlıq edir, mən bu biri cəbhədə”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov

Təhsil eksperti isə Kamran Əsədov dedi ki,  44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu: “Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq. Qeyd edim ki, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq”.

Ekspert digər dəyişikliyin məzmunla bağlı olacağını söylədi: “İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq. Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq. Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək”.

Cəsarət Valehov qanunu pozmaq cəsarətini haradan alır? - son xeberler

Cəsarət Valehov

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a bildirdi ki, artıq dərsliklərdə bununla bağlı işlərə başlanılıb: “Həm Təhsil Nazirliyinin mütəxəssisləri, həm də müxtəlif həmkar qurumlarla iş gedir. Bunu necə formaya salmaq olar, onun üzərində fikir mübadiləsi aparılır. Eyni zamanda, burda faktlar toplanmalıdır. Çünki Vətən müharibəsinin qəhrəmanları ilə bağlı faktlar tam toparlı deyil. Toplanandan, təəssürat aydın olandan sonra bu həm dərsliklərdə, həm videofilmlərdə, həm də ayrı-ayrı salnamələrdə işlənəcək. Yüksək səviyyədə öz tərtibatını tapacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”