Qəbələ RLS-in yenidən istifadəsinə ehtiyac varmı?

11

Və yaxud Azərbaycan bu məsələdə Türkiyə ilə ortaq fəaliyyət göstərə bilərmi?

İyirminci əsrin 60-cı illərində dünyanın super güc statusu uğrunda ABŞ-la yarışa girən keçmiş Sovet İttifaqı nüvə silahı sahəsində bərabərlik yaratmaq üçün Qitələrarası Ballistik Raketlərin sayını artırdı. Bu zaman təbii olaraq raket buraxılışlarını aşkarlayacaq, raketin trayektoriyasını izləyəcək komplekslərinin yaradılması ehtiyacı ortaya çıxdı. Bu məqsədlə Qazaxıstanda, Latviyada, Moskva, Sevastopol, Olenoqorsk yaxınlığında Radiolokasiya stansiyaları tikilməyə başladı. Beləliklə, Rusiyada 1984-cü ildə Peçora yaxınlığında Alyaska, Kanada, Qrenlandiya üzərindəki hava məkanına tam nəzarət etmək imkanı verən tikilən RLS-dən sonra 1985-ci ildə Qəbələdə “Daryal” adlı RLS istifadəyə verilir.

Qəbələ RLS (“Qəbələ-2”, “Ləki-2”, obyekt 754/Stopor, “PO-7” qovşağı, 428 saylı əlahiddə radio-texniki qovşağı) – 5H79 tipli üfüq üstü uzun məsafəli “Daryal” radiolokasiya stansiyasıdır. Stansiya 1985-2012-ci illərdə Sovet və Rusiya raket hücumlarından erkən xəbərdarlıq sisteminin bir elementi olaraq cənub hava məkanına nəzarət edib. Qovşaq Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmir yolu stansiyasından isə 50 km məsafədə yerləşirdi. RLS bir birindən 1,2 km məsafədə yerləşən iki ədəd AFAR-a (aktiv fazalı anten barmaqlığı) sahib olan qurğudan ibarət olub. Ölçüləri 100×100 metr olan qəbuledici AFAR üzərində təxminən 4000 vibratordan, 40×40 metr ölçüsü olan ötürücü mərkəz isə hər biri çıxışda 300 kVt impuls gücünə malik 1260 ədəd əvəz edilə bilən modullardan ibarət idi. Metrlik dalğa diapazonunda (VHF) çalışan stansiya eyni zamanda təxminən 100-ə qədər hədəfi 6000 km məsafədən və azimut üzrə 90 dərəcə görüntü bucağı altında izləməyə və müşayiət etməyə imkan verirdi. Bu isə Hind okeanından raket buraxılışlarını tamamını izləmək və müşayiət etmək demək idi. Bu zaman Afrikanın, Yaxın Şərqin və Cənub-Qərbi Asiyanın bir çox ölkələri, eləcə də Pakistan, Hindistan, Çin və Avstraliya ərazisi tamamilə Qəbələ RLS-in əhatə dairəsinə daxil olurdu.

Erkən xəbərdarlıq stansiyası yalnız raketlərin buraxılış yerini deyil, həm də trayektoriyasını izləməyə imkan verirdi. Bu isə raket əleyhinə sursatları əvvəlcədən lazımi istiqamətlərə tuşlamağa şərait yaradırdı. Texniki göstəricilərinə və əlverişli ərazidə yerləşməsinə görə Qəbələ RLS-in dünyada analoqu yox idi. Onu adətən ölkənin “gözü və qulağı” adlandırırdılar.

1991-ci ildə İraqda ABŞ-ın keçirdiyi “Səhrada Fırtına” əməliyyatı zamanı Qəbələ RLS ABŞ bombardmançılarından, gəmilərindən və sualtı qayıqlarından 302 qanadlı raketin buraxılması, 15 raketin trayektoriyaya çıxa bilməməsi və 30 raketin də İraq hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi hallarının hamısını istisnasız olaraq qeyd etdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya hərbi radarını uzun müddət hüquqi qeydiyyatdan keçirmədən istifadə etdi. 2002-ci ildə imzalanan sazişə görə məlumat-informasiya mərkəzi adlandırılan Qəbələ RLS Azərbaycan Respublikasının əmlakı hesab edildi və Rusiyaya icarəyə verildi. İcarə müqaviləsi müddəti 10 il, yəni 2012-ci ilə qədər, dəyəri isə illik 7 milyon dollar (bəzi mənbələr 7,5-10 milyon dollar göstərirlər) razılaşdırıldı. Kommunal xərclər (əsasını elektrik xərcləri təşkil edirdi) əlavə ödənilirdi və ümumilikdə 15 milyon dolları keçirdi. İnfrastrukturu qorumaq və personalın maddi texniki təminatı üçün xərclər də daxil olmaqla RLS saxlanılması Rusiyaya ildə təxminən 50 milyon ABŞ dollarına başa gəlirdi. Stansiyada 1100- 2000 qədər Rusiya vətəndaşı, həmçinin az miqdarda yerli vətəndaşlar müqavilə əsasında xidmət edirdi.

2007-ci ilin iyunun 7-də “Böyük Səkkizlər”in sammiti zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşa Polşa və Çexiyada ABŞ raket əleyhinə müdafiə sisteminin elementlərini yerləşdirilməsi əvəzinə, Qəbələ radiolokasiya stansiyasından birgə istifadə etməyi təklif etdi. Həmin ilin iyul ayında isə NATO-Rusiya Şurasının iclasında Rusiya nümayəndə heyəti təklifin detallarını təqdim etdilər. Pentaqon generallarına tam məxfi obyektə səfər etməyə də icazə verildi. Pentaqonun raket əleyhinə müdafiə Agentliyinin direktoru Patrik Oraylli Qəbələ RLS-in birgə istifadəsi perspektivlərini yüksək qiymətləndirib və “bu çox səmərəli sistem olardı” deyə vurğulayıb. Lakin bir müddət sonra amerikalılar kübarcasına onların texniki və texnoloji standartlarının Rusiyada qəbul edilən standartlara uyğun gəlmədiyini ifadə edərək təklifi rədd etdilər.

2011-ci ilin əvvəllərində stansiya texniki resursunun uzadılması istiqamətində elementlərin modernləşdirilməsi işlərinə başlandı. Təsbit etmə və aşkarlama sahəsini bir dəfə yarım artırmaq ehtimal olunurdu. Müəyyən şərtlər altında yüksək olmayan xərclərlə yenilənəndən sonra Qəbələ RLS hətta 10-20 il arası daha səmərəli fəaliyyət göstərə biləcəyi bildirilirdi.

Qəbələ RLS-in icarə müqaviləsi başa çatmasından bir il əvvəl yeni müqavilə bağlanması üçün ikitərəfli görüşlər başladı. Müqavilənin müzakirə prosesi zamanı Azərbaycan tərəfi çalışırdı ki, yeni müqavilədə RLS tərəfindən toplanan məlumatlara çıxış (Ukrayna ərazisindəki stansiyada toplanan məlumatlara nisbətən çıxışı var idi) əldə etsin. Rusiya isə məlumatın dərhal Moskvaya ötürüldüyünü bəhanə edərək, sadəcə elmi-tədqiqat məqsədilə əməkdaşlıq edə biləcəklərini bildirərək məxfi məlumatları paylaşmaqdan (məlumatların NATO-ya sıza biləcəyindən ehtiyatlanan Rusiyanın mövqeyi aşkar seçilirdi) imtina etdilər. Digər tərəfdən strateji tərəfdaşımız olan qardaş Türkiyə də bu stansiyanın Azərbaycanda yerləşməsindən məmnun deyildi.

Həmçinin Qəbələ RLS sistemi ilə bağlı müəyyən hüquqi problemlər mövcud idi. Azərbaycan raket hücumundan müdafiə müqaviləsinin üzvü deyildi. Yalnız bu müqaviləyə üzv olmaq Qəbələ RLS-in Azərbaycan ərazisində yerləşməsinə hüquqi don geyindirə bilərdi. Bu müqavilənin 9-cu maddəsinə görə, hər bir tərəf öz milli hüdudlarından kənara çıxmamağı və digər dövlətlərin ərazisində RƏM sistemlərini yerləşdirməməyi öhdəsinə götürürdü.

Qəbələ RLS Azərbaycan ərazisində yerləşməsi o zamankı siyasi şəraitdə dövlət üçün də strateji baxımdan ciddi problemlər yaradırdı: NATO sərhədlərinə yaxın olan Azərbaycan ərazisindəki RLS potensial nüvə raket zərbəsinin strateji vacib hədəfinə çevrilirdi. İlkin mərhələdə adını dəyişməklə stansiya ərazisini qorumaq istəsələr də nəticələr tərəfləri qane etmədi. Digər tərəfdən Rusiyanın Dağlıq Qarabağ məsələsində ikili standartlardan çıxış etməsinin radiolokasiya stansiyasının taleyində rolunu sonuncu hesab etmək də düzgün olmazdı. Nəhayət 2012-ci ilin dekabrın 9-da Rusiya, tərəflər arasında icarə dəyəri ilə bağlı razılıq əldə edilmədiyinə görə Qəbələ RLS-də fəaliyyətini dayandırdı. Rəsmi Bakı ilkin olaraq icarə haqqını 15 milyon, sonra hər il üçün 300 milyon dollara qədər artırdı. Təbii ki, 7 milyondan 300 milyona icarə qiymətini qaldırmaq Rusiyanı o ərazilərdən mədəni surətdə çıxarmaq demək idi. 2013-cü ildə bütün avadanlıqlar sökülüb Rusiyaya daşındı, rus hərbçiləri qarnizonu tərk etdilər və obyekt Azərbaycana təhvil verildi. Elə həmin ilin 6 iyun tarixində Rusiyanın Armavir şəhərində “Voronej” adlı yeni nəsil stansiyası Qəbələ RLS-i əvəz etdi.

Rusiyanın aerokosmik qüvvələrinin ən iti “gözü və qulağı” olan Qəbələ RLS bağlanmasını Rusiya tərəfi nisbətən rahat həzm edə bildi. 1984-cü ildə Qəbələ RLS-in inşası başa çatan kimi SSRİ-nin Komi respublikasının Armavir şəhərində yeni eyni tipli “Daryal” radiolokasiya stansiyasının inşaatına start verildi. Qəbələ RLS-in bağlanmasını Rusiya tərəfi Armavirdəki RLS hesabına kompensasiya etməyi düşünürdü. Rusiyanın nisbətən rahat həzminin səbəbini yeni RLS-in hazır olması ilə əlaqədar olduğunu iddia etmək mümkündür. Bu obyektə digər ölkələrdən heç biri maraq göstərmədiyinə görə 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarıldı. Qəbələ radiolokasiya stansiyasının fəaliyyəti məsələsi dəfələrlə Milli Məclisdə və digər qurumlarda daxili siyasi müzakirə mövzusu olub.

Qəbələ RLS 210 hektar bərəkətli münbit torpağı və 30 hektar əlavə lazımsız tullantıları ilə dolu bir ərazini tuturdu. Qəbələ RLS lazım olan gərginliyi təmin etmək məqsədilə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi onsuz da az olan meşə örtüyünün 400 hektarının məhv edilməsinə səbəb oldu. 1984-cü ildə 300 MVt güc tətbiq edilərkən bir hektar meşə tamamilə yandırıldı. Təbii ki, Rusiya tərəfi həmişə olduğu kimi belə vəziyyətlərdə məsuliyyəti öz üzərindən ataraq səbəbi araşdırmağa belə şərait yaratmadı. Bundan əlavə stansiyanın fəaliyyəti nəticəsində ətraf mühitə və insanların sağlamlığına vurulan ziyan rəqəmlərlə ifadə olunacaq deyildi.

Qəbələ RLS fəaliyyətinin su təchizatını həyata keçirmək üçün dəqiqədə 7 kubmetr suya ehtiyac vardı. Bu məqsədlə qazılan 15 dən çox artezian quyusu yeraltı suların səviyyəsi xeyli aşağı düşməsinə səbəb oldu. İldə 350 milyon kub metr su heç bir kimyəvi və bioloji təmizlənmədən keçmədən Türyançay çayına, oradan isə Kür vasitəsilə Xəzərə qədər axıdılırdı. Rusiya tərəfi bu dəfə göstərilən rəqəmin yarısı qədər suya olan tələbatını və təmizlənmədiyini etiraf etməyə məcbur oldu. O zaman qazılan artezianların sayı ilə bağlı haqlı sual ortaya çıxır. Sonradan soyutma sistemində 25 ton freon qazından istifadə edilməsi ilə bağlı alternativ texnologiyadan istifadə edilməsi xəbərləri yayıldı. Freon qazı isə ozon qatını digər qazlardan 500-600 dəfə daha çox zədələyir. Alimlərin də bununla əlaqəli həyacan təbili çalması Milli Məclisdə xüsusi komissiya yaradılmasına səbəb oldu. Komissiya Qəbələ otel və restoranlarında tez-tez görünsə də, komisiyanın işinin nəticələri hələ də elan edilməyib.

Hazırkı siyasi şərtlərin dəyişdiyi və Türkiyə ilə ölkəmizin hərbi-siyasi müstəvidə demək olar ki, birləşməsini, həmçinin Rusiyanın Qafqaz regioununda və ölkəmizdə zəiflədiyini, bunu da həzm edə bilmədiyini nəzərə alsaq Qəbələ RLS-in yenidən Azərbaycan Müdafiə Nazirliyinin inventarına qaytarılması barədə düşünülməlidir. Bu məsələ Türkiyə ilə müzakirəyə çıxarıla bilər. Həm də RLS-in yerləşmə mövqeyini, izləyə bildiyi ölkələri düşünsək, bu sistemlərin qurulması üçün uyğun coğrafi ərazi və infrastruktur seçmək elə də asan deyil. Əgər ərazinin uyğun olmadığı hesab edilirsə, bu stansiya üçün uyğun ərazinin axtarılması HHM qoşunlarını və digər aidiyyatı qurumları düşündürməlidir. Əlbəttə ki, stansiyada quraşdırılacaq qurğuların yeni standartlara uyğun modernləşdirilməsi və ekolji şərtləri nəzərə almaqla. Yeni ərazi olmasa belə Azərbaycan Respublikasının doktrinasına uyğun olaraq obyektin ən azından ətraf ölkələrin HHM komplekslərini və radio-texniki qoşun bölmələrinin təsbit və aşkar etmə stansiyalarını yerləşdirmək üçün istifadəsi məqsədəuyğun olardı.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA