Putinin islahat paketi Dumadan keçdi – Bir deputat da əleyhinə çıxmadı…

    21

     Rusiya qanunvericiləri prezident Vladimir Putinin irəli sürdüyü konstitusiya islahatı ilə bağlı qanun layihəsini ilk debat zamanı yekdilliklə təsdiq ediblər.

    Dövlət Dumasının iclasında iştirak edən 432 qanunvericinin hər biri dəyişikliklər parlamentə təqdim olunandan üç gün sonra cümə axşamı qanun layihəsinin lehinə səs verib. “Bu, güclü birlik nümayişi idi” – deyə, Dumanın spikeri Vyaçeslav Volodin səsvermədən sonra bildirib. Volodin deyib ki, ikinci debatın fevralın 11-də keçiriləcəyi gözlənilir.

    Daha sonra qanun layihəsi ilə bağlı üçüncü debat keçiriləcək, lakin Kremlə sadiq qanunvericilərin çoxluq təşkil etdiyi parlamentdə qanun layihəsinə qarşı çıxanların olacağı gözlənilmir.

    Dumada hər üç debatda təsdiq olunandan sonra qanun layihəsi parlamentin yuxarı palatası olan Federasiya Şurasına göndəriləcək və daha sonra Putin tərəfindən imzalanacaq. Putinin yanvarın 15-də illik hesabat məruzəsi zamanı islahatları açıqlamasından dərhal sonra baş nazir Dmitri Medvedevin hökuməti istefa verdi və onun yerinə yeni baş nazir və yeni kabinet təyin olundu.

    Müşahidəçilər deyir ki, Putin sürətli dəyişikliklər etməklə hazırkı vəzifə müddəti 2024-cü ildə bitəndən sonra da hakimiyyətdə qalmaq üçün zəmin hazırlayır.

    Rusiya lideri bildirir ki, bu plana əsasən parlament və digər dövlət qurumlarına daha çox səlahiyyətlər veriləcək.

    Prezident islahatlarla bağlı referendumun keçiriləcəyinə söz verib, lakin bəzi rəsmilər bunun bir neçə həftə sonra keçirələcəyinə işarə edib. Putinin sözlərinə görə, o, konstitusiyanı dəyişməyi ona görə təklif edib ki, konstitusiya 1993-cü ildə qəbul ediləndən bəri “çox şey dəyişib”.

    O, Dövlət Şurasının gücləndirilməsi və parlamentə daha çox səlahiyyətlərin verilməsi kimi bəzi təklifləri vurğulayıb.

    Bəzi təhlilçilər Putinin hakimiyyətdə qalmaq üçün 2024-cü ildən sonra Şuraya başçılıq edə biləcəyinə işarə edib.

    Parlamentin vebsaytında yerləşdirilən qanun layihəsinin mətnində bildirilir ki, baş naziri prezident deyil, qanunvericilər təsdiq edəcək, lakin prezident hər hansı namizədi rədd edə bilər.

    Putin islahatlar üzərində işləmək üçün idmançılar və məşhurlardan ibarət 75 nəfərlik “işçi qrupu” formalaşdırıb. /amerikanınsesi/