PUTİNİN HİYLƏGƏR SİYASİ GEDİŞİ

    18

    Və yaxud Kremlə yaxınlığı ilə seçilən rus ideoloq və deputatların Azərbaycana səfərinin pərdəarxası…

    Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak etməsi və Kremlə yaxınlığı ilə seçilən ideoloq və deputatların Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana məxsus olması barədə beynəlxalq hüquqa əsaslanan açıqlamalarını bəzi politoloqlar hədsiz şişirdib, Rusiyanın Azərbaycana münasibətinin dəyişdiyini ifadə ediblər.

    “Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi” deyən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov hesab edir ki, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur: “İki ölkə arasında münasibətlər günü-gündən pisləşir”.

    Paşinyanın Qərbyönlü siyasət yürütməsi yönündə Rusiya-Ermənistan birliyi çat versə də, iki müttəfiq ölkəni dərindən bağlayan tellərin qırılması çətin prosesdir. Elə bu tellərin qırılmaması üçün də Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana mesaj verdi. Amma bu, hələ o demək deyil ki, Rusiya və Ermənistanı bağlayan tellər qırılacaq, əvəzində Azərbayacana “yaşıl işıq” yanacaq.

    E.Namazov onu da vurğulayıb ki, indiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür: “Rusiya da bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda, bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”.

    Ermənistan hakimiyyətini və ictimaiyyətinin “ya ABŞ, ya da Rusiya” qarşısında seçim durumunda qalması belə, İrəvanın Kremllə müttəfiqlik münasibətlərinə son qoycağı və Rusiyanın tam şəkildə Azərbaycanla müttəfiqlik münasibətlərini bərpa etməsi inandırıcı görsənmir. Çünki tarixən Rusiya Azərbaycan dövlətinin və xalqının düşməni olub ki, ermənilər də bundan həmişə faydalanıblar. Çox güman ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak etmələrində məqsəd də erməniləri uyarmaqdır ki, baxın, vəziyyət dəyişə bilər. Elə həmin konfransda çıxış edən Aleksandr Duqin qatı və radikal millətçidir. Çünki interneti açanda Qarabağ mövzusunda rus ictimai-siyasi xadimləri içərisində Duqinin 2014/16-ci illərdə sərt mövqe nümayiş etdirdiyi aydın görünür. Duqin Qərblə yaxınlaşmaya görə Azərbaycanı Ermənistanla müqayisə edib və bu müqayisə zamanı Azərbaycanı Rusiyaya daha uzaq bilib. Əslində, heç Duqin Rusiyanın siyasətini həll etmir də. O, sadəcə Rusiyanın maraqlarının sözçüsüdür. Onun və yaxud digər ictimai-siyasi xadimin sözü ilə Putin, eləcə də ya Lavrov siyasətini dəyişəsi deyil. Çünki Rusiya Cənubi Qafqazda status-kvonun qalmasının tərəfdarıdır ki, Qarabağ məsələsində Azərbaycan da, Ermənistan da Rusiyadan asılı qalsın. Çox güman ki, işğal etdikləri topaqları Azərbaycana qaytarmamaq naminə Ermənistan ABŞ-ı yox, Rusiyanı seçəcək. Rusiya da Ermənistandan hərbi bazalarını çıxartmayacaq. Bir də ki, onsuz da ABŞ Ermənistanda söz sahibi olmasa da, yeri gələndə İrəvana milyonlarla maliyyə yardımı ayırır. Elə beləcə də Ermənistan ikili siyasətini davam etdirəcək. Erməni siyasətçiləri Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etməsi, ABŞ-ın isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratması üçün əllərindən gələni edəcəklər.

    “Hər bir halda Azərbaycan bu cür aldadıcı mövqelərə inanıb yenidən 10 illər gözləməli deyil”, bu sözləri isə Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri rusiyalı deputatların və Kremlin yürütdüyü geostrateji siyasətin aparıcı simalarının işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində konfransda iştirak etməklərini mətbuata şərh edərkən qeyd edib.

    Əslində, politoloq Natiq Miri doğru vurğulayıb ki, Azərbaycan bu cür aldadıcı mövqelərə inanıb yenidən 10 illər gözləməli deyil. Çünki Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyevin “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalıdır” fikirləri və yaxud “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir” deyən Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqinin açıqlaması gəlişigözəl sözlərdən başqa bir şey deyil. Elə Dağlıq Qarabağ problemini yaradan, yüz illərdir Azərbaycanın başına bəlalar açan, 20 yanvarda yüzlərlə insanın amansızcasına ölümünə fərman verən, Xocalı soyqırımını törədən Rusiya deyilmi? Ona görə, Rusiya tərəfindən deyilən hər yaxşı söz belə, insanda şübhə doğurur. Çünki düşmən daima səndən bəhrələnməyə çalışır. Cocuq Mərcanlı kəndində keçirilən konfransda belə, Rusiya nümayəndləri Paşinyan hakimiyyətinə xəbərdarlıq etmək üçün Azərbaycandan bəhrələniblər.

    “Biz özümüzü aldatmamalıyıq”

    Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılmalarını müsbət tendensiya kimi qiymətləndirən politoloq eyni zamanda vurğulayıb ki, Azərbaycan mediası bundan uzağa gedən nəticələr çıxarmamalıdır. Biz özümüzü aldatmamalıyıq: “Hər bir halda Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılması müsbət tendensiyadır. Amma Azərbaycan mediyası bundan uzağa gedən nəticələr çıxarmamalıdır. Biz özümüzü aldatmamalıyıq” . Bəli, politoloq doğru buyurur ki, biz özümüzü aldatmamalıyıq. Əslində, Rusiya nümayəndə heyəti Paşinyan hakimiyyətinə mesaj vermək üçün Cocuq Mərcanlıya getmişdi ki, bu da Azərbaycan üçün müsbət mənada ciddi əhəmiyyət kəsb etmir.

    Natiq Miri də qeyd edib ki, Putinə yaxın insanların işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfransa qatılması Ermənistanın yeni rəhbərliyinə mesaj xarakteri daşıyır: “Bildiyimiz kimi Rusiya rəhbərliyi yeni Ermənistan hökumətini, yəni Paşinyan hökumətini o qədər də sevmir. Çünki Paşinyan hakimiyyətə gələn kimi Rusiyanın da adamı daxil, keçmiş prezident Sərkisyanın məmurları və oliqarxlarına korrupsiya adı altında həbslər və istintaqlar aparmaqdadır. Bu baxımdan təbii ki, Rusiya müəyyən mənada Ermənistana mesaj verir ki, yeni Ermənistan hökuməti özünü yığışdırsın”.

    Şamo EMİN, Hurriyyet.org