“Putinin vətəndaşlıq haqqında qanunu SSRİ-nin yaradılmasına hesablanıb” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

69

“Rusiyanın əsas hədəflərindən biri MDB ölkələrində yaşayan etnik azlıqların Rusiya vətəndaşlığı almasına şərait yaratmaqla, bu ölkələrə təzyiq etməkdən ibarətdir”

“Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin bərpası ilə bağlı məlum açıqlamasından sonra Rusiya vətəndaşlığını almağı asanlaşdırdı. Belə ki, postsovet ölkələrinin vətəndaşlarının Rusiya vətəndaşlığı alması üçün yeni qanun imzalanıb. Bu qanuna əsasən, bir ölkənin vətəndaşı Rusiya vətəndaşı olmaq üçün öz ölkəsinin vətəndaşlığından imtina etməyə bilər. Bu qanunun tətbiqi əsasən, Belarus, Ukrayna və Qazaxıstan vətəndaşlarına şamil edilib”. Hurriyyet.org-un məlumatına görə, belə bir açıqlama ilə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloqun fikrincə, Kremlin əsas diqqət etdiyi bu üç ölkə keçmiş SSRİ-nin qurulmasında əsas dövlətlərdir: “Rusiya prezidenti ilkin olaraq bu üç ölkə vətəndaşlarına bu qanunu tətbiq etməklə nəzarət mexanizmi əldə etməyə çalışır. Bu presedentin digər MDB ölkələrinə də şamil ediləcəyi gözlənilir. Bura Azərbaycanın da daxil edilməsi istisna deyil. Putinin burada əsas məqsədi inteqrasiya prosesini sürətləndirmək, Rusiya vətəndaşlığını qəbul edən bu ölkələrin vətəndaşlarını müdafiə etmək adı ilə bu ölkələr üzərində siyasi təzyiqi formalaşdırmaqdır. Həmçinin, bu ölkələrin əhalisinin Rusiyaya bağlılığına nail olmaqdır. Göründüyü kimi, Rusiya MDB məkanında bu qanunu tətbiq etməklə, həmçinin Qərbin regionda maraqlarının qarşısını almağı planlaşdırır. Qeyd edim ki, Kremldə bu istiqamətdə ciddi palanlar hazırlanır və Rusiya KİV MDB ölkələri ilə sıx işləmək, Rusiyaya qarşı rəğbəti formalaşdırmaq üçün təbliğat materiallı verlişlər hazırlanması tapşırılıb”.

“Ukrayna vətəndaşlarının Rusiya pasportu alması mümkün deyil” deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Belarusun buna getməsi gözlənilir: “Qazaxıstanın rus əsilli vətəndaşlarının Rusiyanın bu yeni qanundan bəhrələnməsi mümkündür. Bu da Qazaxıstanın təhlükəsizliyi üçün risklidir. Ümumiyyətlə, Rusiya hər hansı bir siyasi və iqtisadi cəlbedici ölkə deyil ki, bu ölkənin vətəndaşlığını qəbul edəsən. Sadəcə, Rusiya əmək bazarıdır və bu da MDB ölkələrinin kasıb əhalisi üçün çətin də olsa iş yeridir. Ona görə də həm Azərbaycan, həm də digər ölkələr iqtisadiyyatı inkişaf etdirməli, demokratik islahatlarla digər ölkələrin cəlbediciliyini minimuma endirməlidir. Qeyd edim ki, Rusiya qonşu ölkələrin demokratikləşməsi və iqtisadi inkişafını ona görə istəmir ki, bu, Rusiyanın maraqlarının qarşısnı almış olur. Putinin bu qanunu Rusiyanın öz vətəndaşlarını qorumaq adı ilə Qazaxıstan, Ukrayna və Belarusa müdaxiləsini “qanunilləşdirir”. Rusiyanın əsas hədəflərindən biri MDB ölkələrində yaşayan etnik azlıqların Rusiya vətəndaşlığı almasına şərait yaratmaqla, bu ölkələrə təzyiq etməkdən ibarətdir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org