Putinin təklif etdiyi “5+2″ variantından danışmaq artıq gec deyil?

270

“Azərbaycan çox ciddi hərbi qələbələr qazanıb və bu mərhələdə həmsədrlərin mandatı öz əhəmiyyətini itirib”

Nazim Cəfərsoy: “Putin problemin həlliylə bağlı danışarkən hər iki tərəfin maraqlarını tarazlamağa çalışıb, ancaq Azərbaycan xalqına hörmət bəslədiklərini xüsusilə vurğulayıb”

Nurlan Qələndərli: “Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın geostrateji perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə tərəflərin strateji maraqları təmin olunmalıdır”

Nəsimi Məmmədli: “ABŞ yeni sülh prosesinə cəhd edir, Türkiyə isə nizamlanma prosesinə rəsmən daxil olmaq istəyir”

“Putin Qərbin bu prosesdən kənərlaşdırılmasında maraqlıdır, odur ki, Suriyada olduğu kimi, Türkiyə, İran və Rusiyanın Qarabağda da birgə fəaliyyətinə cəhdlər var”

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 29-da “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib, lakin bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır: “Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Başa düşürsünüzmü, hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, – bizim mövqeyimiz isə tamamilə açıqdır, – Azərbaycana beş üstəgəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”.

Putin Türkiyənin də Qarabağla bağlı danışıqlarda iştirakını dəstəkləyib

Bundan başqa, Putin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması barədə sualı cavablandırarakən bildirib ki, 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir: “Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaşdığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insanlar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və inkişaf etdirilsin. Bu halda bizim bugünkü diskussiyanın iştirakçılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir”.

Onun sözlərinə görə, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır: “İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk Qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk Qrupunun digər üzvlərinin, – orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, – iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır. Bunu etmək olar”.

“Rusiya prezidenti çıxışında “hərənin öz həqiqəti var” sözu ilə yenə tarazlığı qorumağa çalışıb”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy hesab edir ki, Rusiya prezidenti çıxışında “hərənin öz həqiqəti var” sözu ilə yenə tarazlığı qorumağa çalışıb: “Vladimir Putinin “Rusiya çağırır” başlıqlı forumdakı çıxışını öz dilindən izlədikdən sonra diqqətimi cəlb edən məqamlar bunlardır: Putin çıxışının başında “Qarabağdakı mövqeyi barəsində demək olar ki, yeni bir şey deməyəcəyini” bildirib. Putin problemin ortaya çıxması barədə mövzunu Sumqayıtdan başladıb. Bu məqam qeyri-obyektivdir, çünki bizə məlumdur ki, hadisə ordan başlamayıb. Ancaq bir əvvəlki açıqlamasında Putin Sumqayıt məsələsini daha ciddi vurğulamışdı. Məncə, burada o vurğu nisbətən daha yumuşaqdır. Diqqəti cəlb edən məqam bu dəfə “erməni soyqırımı’ vurğusunu etməməsidir”.

Siyasi elmlər üzrə fəlsəfə doktorunun fikrincə, Putinin durduğu yerdən baxıldığında hadisənin başlamasında və davamında “etnik konflikt” vurğusu yanlış deyil: “Putin açıqlaması boyunca birmənalı tərəf tutulması gərəkən 4 məqamda qismən tərəfsiz qalib. Birincisi, prosesin alovlanmasının günahını SSRİ rəhbərliyinin üstünə atıb. İkincisi, “Qarabağ ermənilərinin silahlanması doğru, yoxsa yanlışdır” sualına birmənalı cavab verməyib. Ancaq yumuşaq ifadələrlə ermənipərəst yanaşma var. Üçüncüsü, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini qəbul edib, ancaq bunu “kontrol etmək” sözləri ilə yumuşaldıb. “Bu yaxşıdır, yoxsa pis” sualını soruşub və cavabsız buraxıb! Dördüncüsü, Azərbaycanın 7 rayonla bağlı bütün tezislərini tərəfsiz bir hakim kimi ifadə edib. Sonra da “hərənin öz həqiqəti var” sözu ilə yenə tarazlığı qorumağa çalışıb. Rusiyanın həllə dair mövqeyinə gəlincə, Putin deyib ki, “biz başından etibarən 5+2 rayon şərtinə və Qarabağın müəyyənləşdirilmiş rejimi, Ermənistan və sonrası formatına bağlı qaldıq”. Bununla Putin əslində “Madrid prinsipləri”ni vurğulayıb. Ancaq burada diqqəyimi cəlb edən maraqlı məqam var. “Madrid prinsipləri”ndən bəhs edərkən “status” məsələsindən danışmayıb. “Status” yerinə “müəyyənləşdirilmiş rejim” ifadəsini işlədib”.

“Putin keçən dəfəki açıqlaması ilə müqayisədə bu dəfə Türkiyənin prosesdə iştirakına daha müsbət baxdığını göstərən mesaj verib”

QAFSAM-ın sədr müavini bildirib ki, diplomatik terminalogiyada “rejim” ifadəsi “status” ifadəsindən daha zəif bir termindir: “Ermənistan tərəfinin “müstəqil dövlət”, “Madrid prinsipləri”nin “status” və Azərbaycan tərəfinin “status olmayacaq” tərzi yanaşmaları fonunda Putinin “rejim” ifadəsi diqqətimi cəlb etdi. Möcvud cəbhə vəziyyəti və prezident İlham Əliyevin statusun olmayacağına dair mövqeyi nəzərə alındığında Putinin “status” məsələsindən yan keçməsi və sadəcə “rejim” ifadəsi istifadəsi mənə maraqlı gəldi. Əcaba, Rusiya da “Madrid prinsipləri”ndəki “status” məsələsinin real olmayacağını düşünməyə başladı? Məncə, maraqlı nüansdır və “rejim” termini Rusiya tərəfindən qarşımıza yeni duruma uyğun konsesus termini kimi çıxarıla bilər. Putinin ifadələrində problemdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ üç tərəfi görülür. Bu bizim arzu etmədiyimiz bir şeydir, ancaq problemin rəsmən “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi” olaraq xarakterizə edildiyini xatırlasaq, anormal deyil. Diqqəti cəlb edən bir məqam da Putinin bu aralar müzakirə mövzusu olan “sülh məramlılar” məsələsinə girməməsi və “sonrası..”‘ kimi ümumi ifadə istifadə etməsidir. Hər halda hazırda ən mübahisəli mövzulardan birinə bu mərhələdə girmək və nisbi tərəfsiz ritorikasını pozmaq istəmədi”.

Nazim Cəfərsoy bu qənaətdədir ki, Putin problemin həlliylə bağlı danışarkən hər iki tərəfin maraqlarını tarazlamağa çalışıb: “Ancaq maraqlıdır ki, Azərbaycan xalqına hörmət bəslədiklərini xüsusilə vurğulayıb. Anlaşılan Ermənistana silah satışı və bu silahlarla mülki əhalinin hədəf alınmasının xalqımızda yaratdığı Rusiya əleydarlığını yumşaltmağa çalışır. Ümumilikdə, Putin həll məsələsində balansı qorumağa çalışıb və tərəfləri gələcəyə baxmağa səsləyib. Atəşkəs olsun, müzakirələr olsun, kimi açıqlamaları isə daha əvvəlki mövqeyinin təkrarıdır. Əvvəlki mövqeyi ilə müqayisədə bu mövzuda heç bir üslub sərtləşməsi görmədim. Maraqlı yeni bir məqam isə həll sonrası Qarabağa investisiya qoymağa istəkli olduqlarını ifadə etməsidir. Putin keçən dəfəki açıqlaması ilə müqayisədə bu dəfə Türkiyənin prosesdə iştirakına daha müsbət baxdığını göstərən mesaj verib, ancaq bunu Minsk Qrupunun digər üzvləri konteksində xüsusi bir vurğu olmadan təqdim etməyə çalışıb. Bu arada, keçən dəfə ilə müqayisədə bu dəfə “erməni soyqırımı” vurğusu da yoxdur. Ümumiyyətlə, Putinin Qarabağ prosesində tərəfsiz mövqeyini qoruduğunu demək, yanlış olmaz. Yeni məqamlar “rejim”, investisiya və Türkiyə mesajında yumşalmaya davam etməkdir. Odur ki, hələlik narahatlığa əsas yoxdur”.

“Rusiya üçün yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır, bu kontekstdə Türkiyə ilə yeni formatda geosiyasi yaxınlaşmanın zəruriliyi ortaya çıxır”

“Hürriyyət”in məlumatına görə, politoloq Nurlan Qələndərli isə hesab edir ki, Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi zamanı qeyd etdi ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması regional təhlükəsizliyin mühüm amilidir. Həqiqətən də, müasir beynəlxalq münasibətlər sistemində və yeni dünya düzənində Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, bu iki regional güc mərkəzi inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq potensialına malikdir. Rusiya və Türkiyənin strateji rəqabətinin nəticələri aydın və proqnozlaşdırılılandır. Lakin əsas məsələ Türkiyə ilə Rusiyanın əməkdaşlığının vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçünsə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır”. Politoloqun sözlərinə görə, SSRİ-nin geosiyasi varisi statusunda çıxış edən Rusiya Avrasiya məkanının böyük bir hissəsinə malik olan regional güc mərkəzi kimi ciddi təsir imkanlarına malik olduğu yeni dünya nizamı formalaşdırmaq istəyir: “MDB və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə geosiyasi çətir formalaşdırmağa çalışan Rusiya əlavə institusional mexanizmlərdən istifadə etmək zərurəti qarşısındadır. Bunun üçün isə yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılması lazımdır. Bu kontekstdə Türkiyə ilə yeni formatda geosiyasi yaxınlaşmanın zəruriliyi ortaya çıxır. Qardaş Türkiyə isə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Azərbaycan ilə dost, qardaş və strateji tərəfdaş olan qardaş ölkənin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetirincə artırır. Özəlliklə də XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb – Avropa üçün müstəsna geostrateji əhəmiyyətə malikdir. Xüsusilə, Moskva bu əməkdaşlıq kontekstində gerçəkləşdirilən layihələr vasitəsilə Avropa ölkələrinə qaz nəql etməklə Rusiyanın Avropanın enerji bazarında öz mövqeyini daha da möhkəmləndirməyə çalışır”.

“Türkiyə və Rusiya əməkdaşlığa üstünlük verərsə, o zaman bu təmaslar regionda mövcud olan münaqişələrin həllinə də mühüm töhfə olar”

Nurlan Qələndərli onu da əlavə edib ki, Türkiyənin NATO ölkəsi olması faktoru da Rusiya və digər Qərblə strateji rəqabət, mübarizə içində olan ölkələr üçün əhəmiyyət kəsb edir: “Xüsusilə də, Rusiya bu kontekstdə NATO-nun Şərqə doğru genişlənmə strategiyasının qarşısını almaq üçün Avropada “sanitar karton” yaratmaq istədiyi üçün prosesləri nəzarətdə saxlamağa, yeni manevr imkanları əldə etməyə çalışır. Digər bir nüans odur ki, əgər tərəflər əməkdaşlığa üstünlük verərsə, o zaman bu təmaslar regionda mövcud olan münaqişələrin həllinə də mühüm töhfə olar. Xüsusilə də, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi kontekstində aktualdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Erməni separatizminin və ekstremizminin bizdən ötrü, – təkcə bizdən ötrü deyil, regiondan ötrü, – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi”. Hər halda, Rusiya-Türkiyə yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın geostrateji perspektivi naminə konkret nəticələr verməsi üçün ilk növbədə tərəflərin strateji maraqları təmin olunmalıdır”.

“Türkiyə dövləti PKK məsələsində hətta bütün dünyanı qarşısına alacaq qədər prinsipial mövqeyə malikdir, bunu Qərb də, İran da, Rusiya da bilir”

“Hürriyyət” xəbər verir ki, politoloq Nəsimi Məmmədlinin qənaətincə, Türkiyə Qarabağ məsələsində geri çəkilməyəcək və ən gözlənilməz qətiyyətli hərbi addımlara da hazırdır: “Xüsusilə də Qarabağ ərazisində, konkret olaraq Şuşa şəhərində PKK-nın 2000 terrorçusunun olması barədə kəşfiyyat məlumatlarını Rusiya prezidenti Putinə çatdırması təsadüfi deyil. Türkiyə məhz PKK amilini özünün “qırmızı xətt”i sayır. Türkiyə dövləti PKK məsələsində hətta bütün dünyanı qarşısına alacaq qədər prinsipial mövqeyə malikdir. Bunu Qərb də, İran da, Rusiya da bilir. Digər tərəfdən, artıq Azərbaycan çox ciddi hərbi qələbələr qazanıb və prosesi diktə edir. Bu mərhələdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı öz əhəmiyyətini əsasən itirib. Görünən budur ki, ABŞ yeni sülh prosesinə cəhd edir və tərəflərlə işləyir. Eləcə də Türkiyə Qarabağda sülh danışıqlarına və ümumiyyətlə, nizamlanma prosesinə rəsmən daxil olmaq istəyir. Ərdoğan Putini buna razı salmağa çalışır. Əgər Rusiyanın razılığı alınarsa, onda Ermənistanın müqaviməti çətinləşəcək. Əslində, Putin Qərbin bu prosesdən kənərlaşdırılmasında maraqlıdır. Suriyada olduğu kimi, Türkiyə, İran və Rusiyanın Qarabağda da birgə fəaliyyətinə cəhdlər var. Son günlər İranın fəal diplomatik təşəbbüslərinin arxasındakı amillərdən biri də bununla bağlıdır”. Politoloq onu da vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin özünün və ölkəsinin maraqları baxımından Türkiyə ilə Qarabağda açıq hərbi toqquşmaya gedə bilməz: “Bu, ona çox büyük itkilər gətirə bilər. Lakin meydanı da tərk etməyəcək. Rusiya burada Türkiyənin rolunu İranın iştirakı ilə balanslaşdırmaq istəyir. Azərbaycan-İsrail münasibətlərinin, strateji əməkdaşlığının indiki vəziyyətində Azərbaycanın buna razılaşacağı inandırıcı deyil”.

Vazeh BƏHRAMOĞLU