“Putinin Qarabağ məsələsinə dair bəzi tezisləri absurddur”

192

Məhəmməd Əsədullazadə: “Ankara-Bakı platforması yeni mərhələyə keçir və Moskva bu platforma ilə əməkdaşlıqda maraqlıdır”

Natiq Cəfərli: “Kreml 7 rayonun azad olunmasına qarışmayacaq, amma deyəsən, Xankəndinın təslim olmasına imkan vermək istəmirlər”

Şahin Cəfərli: “Düşünürəm ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla tam nəzarətə götürməsində maraqlı deyil”

Araz Aslanlı: “Bu gün Ermənistan nə Rusiyadan, nə də Qərbdən arzuladığı dəstəyi ala bilir”

Bugünlərdə “Valday” Diskussiya Klubunun iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair olduqca maraqlı fikirlər səsləndirib. Belə ki, “Rusiya təkcə Ermənistanla deyil, eyni zamanda Azərbaycanla da xüsusi əlaqələrə malik olub” deyən Putinin sözlərinə görə, pandemiyaya baxmayaraq, keçmiş münaqişələrin həlli üçün sistemli tədbirlər görmək lazımdır. O, həmçinin bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz: “Bu illər ərzində vəziyyəti uzun bir tarixi perspektivdə sabitləşdirmək üçün böhranın həlli ilə bağlı müxtəlif variantlar təklif etdik. İnanın mənə, bir araya gətirmək çox çətin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atırıq və bir həll tapacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün ən pis formada bir qarşıdurma var”.

Bundan başqa, Rusiya prezidenti ATƏT-in Minsk Qrupunun formatını dəyişdirməyin lazım olub-olmadığına dair sualı cavablandırarkən, “Dəyişmək lazımdırmı, bilmirəm, bəlkə də format bir az dəyişdirilə bilər”, deyə vurğulayıb: “Təəssüf ki, mənim sizin sualınıza cavabım yoxdur. Bir neçə obyektiv səbəbdən – Rusiyanın rolunu vurğulamaq istədiyim üçün deyil: hamımız Rusiyanın yaxın olduğunu, bunların qonşularımız olduğunu, bu ölkələrlə, bu xalqlarla xüsusi münasibətlərimiz olduğunu başa düşürük. Təsir çox güclüdür. Rusiya Qarabağdakı tənzimləmə üçün xüsusi bir məsuliyyət hiss edir. Amma ABŞ və Fransanın, eyni zamanda Minsk Qrupunun digər üzvləri, həmçinin Türkiyənin də dəstəyinə ehtiyac var. Bu barədə bir şey dəyişdirməyin lazım olub-olmadığını bilmirəm, bəlkə də format bir az dəyişə bilər”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, ölkəsi ilə Türkiyə arasında fikir ayrılıqları var, lakin ABŞ-la olduğu qədər böyük deyil: “Bu fikir ayrılıqlarını aradan qaldırmağa xidmət edən əməkdaşlıq potensialı mövcuddur”. Peskov onu da deyib ki, Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir: “Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var – siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı”.

“Cənubi Qafqazda sülh və sabitlik yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”

Onu da nəzərinizə çatdıraq ki, Türkiyə hökumətindən trend-ə verilən açıqlamada, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiya prezidenti Vladimir Putinin simasında Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalı olduğu vurğulanıb. Qeyd olunub ki, Ankaranın da mövqeyi aydındır və Azərbaycanın ərazilərinin bir qisminin itirilməsinin əbədi davam edə bilməməsi məsələsində üst-üstə düşür: “Yerevan istisna olmaqla bütün dünya başa düşür ki, hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycan ərazisində aparılır. Bəzi Qərb marionetlərinin münaqişənin həlli üçün “Qarabağın müstəqilliyini tanımaq” barədə bəyanatları dünya ictimaiyyətinin rəsmi mövqeyi deyil. Dünya ictimaiyyəti Ermənistandan qoşunları Azərbaycan ərazisindən çıxarmağı tələb edir”. Türkiyə hökumətindən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində guya Ankara ilə Moskva arasında artan gərginliyi şərh ediblər: “Moskva və Ankara hər zaman Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olublar. Bu isə yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”.

Yeri gəlmişkən, bir məqama da diqqət yetirmək lazımdır ki, NATO Türkiyəni ilk dəfə Dağlıq Qarabağdakı gərginliyi azaltmaq üçün bölgədəki əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb. Qeyd edək ki, bununla bağlı bəyanatı NATO Baş katibi Yens Stoltenberq səsləndirib: “Türkiyə NATO-nun dəyərli üzvüdür, eyni zamanda Ankaradan Qarabağdakı gərginliyi azaltmaq üçün bölgədəki əhəmiyyətli təsirindən istifadə etməsini gözləyirəm”.

“Rusiyanın Cənubi Qafqazda dayaqları zəifləmək üzrədir”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Vladimir Putinin “Valday” Diskussiya Klubunda Qarabağ məsələsinə dair qeyd etdiyi bəzi tezislər absurddur: “Məsələni əsasən etnik münaqişə kimi qabartması Kremlin bundan daim istifadə edəcəyinin mesajıdır. Buna baxmayaraq, bu açıqlamanın Azərbaycana hər hansı bir təsiri olmayacaq. Çünki Türkiyə faktoru Rusiyanı kifayət qədər neytrallaşdırıb”. Politoloq bu qənaətdədir ki, Rusiyanın Ermənistan siyasəti də ciddi problemlə üzləşib: “Qarabağ müharibəsi ermənilərin Rusiyaya qarşı etimad mühitini də məhv etdi. Demək olar ki, Rusiyanın Cənubi Qafqazda dayaqları zəifləmək üzrədir. Ankara-Bakı platforması yeni bir mərhələyə keçir. Moskva isə bu platforma ilə əməkdaşlıqda maraqlıdır”.

“Ümumi götürsək, Putinin çıxışı bizə qarşı deyildi, görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır”

“Hürriyyət”in məlumatına görə, Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, Putin əslində, “Valday” Diskussiya Klubunun iclasında çıxışı zamanı “hələlik münaqişədə tərəf deyilik, çünki Ermənistanla strateji, Azərbaycanla isə dost münasibətlərimiz var”, deyə bildirib: “Ən vacib məqam, dedi ki, Azərbaycan torpaqları daim işğalda qala bilməz. Putin Sumqayıtda və Qarabağda ermənilərin öldürüldüyünü də dedi, amma nə Xocalını, nə də bu günlərdə olan Gəncə faciəsini yada saldı, hətta 1915-ci hadisələrini də xatırlatdı. Məncə, yaxşı mesaj deyildi. Amma Putin erməni xalqına mesaj verdi ki, söhbət sizdən getmir, xalq olaraq xristian xalqını sevirik, amma rəhbərinizlə problemimiz var”. Putinin həm Türkiyə, həm də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında pozitiv danışdığını deyən politoloqun fikrincə, bununla yanaşı, Rusiya prezidenti “qırmızı cizgilərin” olduğunu da gizlətmədi: “Görünən odur ki, Kreml Türkiyəni NATO-dan qoparmaq istəyini gizlətmir, buna nail olacağını düşünür. Bu düşüncə bizə sərf edir, amma mən Türkiyənin NATO-dan, Qərbdən qopacağını düşünmürəm. Beləliklə, çıxardığım nəticə: Putin, hələ ki, qarışmaq istəmir, hələ Ermənistanda məqsədinə çatmayıb, Kreml 7 rayonun tam azad olunmasına qarışmayacaq, amma deyəsən, Xankəndinın təslim olmasına imkan vermək istəmirlər. Ümumi götürsək, Putinin çıxışı bizə qarşı deyildi, görünür ki, adam gücə, hərbə, torpaq qaytarmağa simpatiya ilə yanaşır, məsələyə “Krım naş” dalğasında baxır”.

“Münasibətlərdə qırılmanın baş verməsi Rusiyanın Azərbaycanı öz əlləri ilə Türkiyəyə və Qərbə doğru itələməsi demək olar”

Siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, Putinin açıqlamalarında qorxulu heç nə yoxdur: “Açıqlamaların məğzini təşkil edən və Rusiyanın bugünkü mövqeyinin izahı sayılacaq açar cümlə məncə, budur: “Biz elə bir mövqe tuturuq ki, hər iki tərəfin etimadından istifadə etməyimizə və vasitəçi kimi münaqişənin həllində önəmli rol oynamağımıza imkan versin”. Yəni Rusiya açıq şəkildə Ermənistanın yanında yer almaqla öz vasitəçilik rolunu, Azərbaycanın etimadını və bütövlükdə Azərbaycanı itirəcəyini anladığı üçün nisbətən tərəfsiz davranmağa üstünlük verir. Putinin Ermənistan və Azərbaycanı Rusiyanın bərabər səviyyəli tərəfdaşları adlandırması, hər iki ölkə və xalqla çox yaxın əlaqələrə malik olduqlarını vurğulaması da bunu təsdiqləyir. Rusiya bu mövqeyi ilə Azərbaycanla dialoqunu, ona söz demək haqqını, Bakının qərarlarına təsir göstərmək imkanlarını saxlamaq istəyir. Çünki münasibətlərdə qırılmanın baş verməsi Rusiyanın Azərbaycanı öz əlləri ilə Türkiyəyə və Qərbə doğru itələməsi demək olar”.

Siyasi şərhçinin fikrincə, vasitəçilik missiyasını qoruyub saxlamaq Moskva üçün ona görə vacibdir ki, münaqişənin yekun həllində maraqlarını təmin edə bilsin: “Tutaq ki, Azərbaycanı Rusiya sülhməramlı kontingentini qəbul etməyə razı salsın. Moskvanın praqmatizmi Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini anlamağa, bu münasibətlərin dərinliyinə hörmətlə, yaxud səbrlə yanaşmağa imkan verir, amma Rusiya bu dərinliyin çox artmasını da istəmir. Ölkəmizdə Türkiyənin daimi hərbi mövcudiyyəti, Azərbaycanın Türkiyə ilə siyasi inteqrasiyaya getməsi (məsələn, konfederativ əsasda) Rusiyanın maraqlarına uyğun deyil. Bu səbəblə, Moskva hazırkı situasiyada təmkin nümayiş etdirməklə Azərbaycandan nəsə istəməyə, Bakı ilə dialoqda öz maraqlarını təmin etməyə zəmin hazırlayır və ya mövcud olan zəmini qoruyur. Azərbaycan prezidenti də bunun fərqində olduğu üçün Türkiyə telekanalına müsahibəsində ölkəmizdə Türkiyənin daimi hərbi bazalarının yaradılmasına ehtiyac görmədiyini söyləmişdi. İlham Əliyevin uzun illər ərzində topladığı təcrübə, xarici siyasətdə müxtəlif güc mərkəzləri arasında manevr etmək bacarığı bu situasiyada özünü göstərir və fayda verir. Şübhəsiz ki, Türkiyənin bölgəmizdə aktivliyi, ambisiyaları və Azərbaycana tərəddüdsüz dəstəyi İlham Əliyevin hazırkı siyasətinin uğurunda çox ciddi rol oynayır. Amma o, eyni zamanda Türkiyə ilə münasibətlərdə kənardan nəzərə çarpmayan incə bir məsafə də saxlamağa çalışır və bu münasibətləri Azərbaycanın suverenliyinə xələl gətirməməklə inkişaf etdirməyə diqqət edir”.

“Putinin tərəflərin itkiləri barədə rəqəm açıqlaması o deməkdir ki, Rusiya hərbi kəşfiyyatı müharibəni çox yaxından izləyir və Putin bununla həm də tərəflərə “gözümüz üzərinizdədir” mesajını verir”

Şahin Cəfərlinin sözlərinə görə, Putinin Azərbaycanın öz ərazilərinin önəmli hissəsini itirməsi ilə bağlı vəziyyətin daim davam edə bilməyəcəyini ifadə etməsi göstərir ki, Rusiya bizim Dağlıq Qarabağ ətrafındakı rayonları geri qaytarmağımızdan narahat deyil və bunu anlayışla qarşılayır: “Amma Putinin münaqişənin “Sumqayıtda və Dağlıq Qarabağda erməni xalqına qarşı amansız cinayətlər”lə başladığını, bunu kompleks halında nəzərə alacaqlarını, “Birinci Dünya müharibəsi zamanı erməni xalqının başına gələnləri” heç vaxt unutmayacaqlarını vurğulaması söyləməyə əsas verir ki, Rusiya Dağlıq Qarabağ ermənilərinin hüquqlarının hansısa şəkildə təmin olunmasına çalışacaq. Düşünürəm ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla tam nəzarətə götürməsində maraqlı deyil. Putin Rusiya ilə Türkiyənin Cənubi Qafqazdakı maraqlarının fərqli olduğunu desə də, Ərdoğana simpatiyasını gizlətmədi və onun ABŞ-ın etirazına rəğmən, Rusiya ilə birlikdə “Türk axını” layihəsini həyata keçirməsini və S-400 ZRK almasını yüksək qiymətləndirdi. Putin Türkiyənin NATO üzvü və Avropa Birliyinə namizəd ölkə olmasına baxmayaraq, bu inteqrativ qurumların siyasət xəttindən mümkün olduğu qədər fərqli, müstəqil siyasət yeritməsindən məmnundur. O, qırmızı xətlərin tapdanmaması və Ankaranın Vaşinqtonun regional maraqlarının bələdçisi olmaması şərti ilə müxtəlif bölgələrdə Rusiya-Türkiyə rəqabətinin mövcudluğunu normal qarşılayır, Ərdoğanla istənilən zaman masaya oturub anlaşmağın mümkün olduğunu bilir. Putinin tərəflərin itkiləri barədə rəqəm açıqlaması o deməkdir ki, Rusiya hərbi kəşfiyyatı müharibəni çox yaxından izləyir və prezidentə müntəzəm raportlar təqdim edir. Putin bununla həm də tərəflərə “gözümüz üzərinizdədir” mesajını verir. Ümumilikdə Putin rahat görünürdü. Sanki bu müharibənin necə nəticələnəcəyini bilir və ölkəsinin maraqlarına təhlükə olmadığına inanır. Amma 3 ölkə ilə (Ermənistan, Azərbaycan, Türkiyə) münasibətlərdə balans yaratmaq, hər üçü ilə münasibətləri korlamamaq asan vəzifə deyil və Putinin bu məsələdə bir az sıxıntılı olduğu da hiss edildi”.

“Ermənistan Azərbaycan və Türkiyəni qınaq hədəfi etməyə, bu yolla cəbhədəki ağır məğlubiyyətdən yayınmağa çalışır”

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı isə bu qənaətdədir ki, Ermənistanın prezidenti Armen Sarkisyanın Brüsselə səfəri ölkəsinin aldığı ağır hərbi-diplomatik zərbələrə cavab vermək, düşdüyü ağır durumdan xilas olmaq cəhdidir: “Sarkisyan NATO və Avropa İttifaqının rəhbərliyi, eləcə də Brüsseldəki təhlükəsizliklə bağlı mərkəzlərlə görüşlər keçirir, Azərbaycan və Türkiyəni qınaq hədəfi etməyə çalışır. Bu yolla cəbhədəki ağır məğlubiyyətdən yayınmağa çalışır. Amma bu cəhd də nəticə yarada bilməyəcək. Çünki əvvəla, Azərbaycan mövqeyində haqlıdır. Vaxtı ilə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən sadəcə, BMT deyil, Avropa İttifaqı və NATO da onun bu hərəkətlərini qınamışdı”. Azərbaycanın hazırda beynəlxalq hüququ təmin etdiyini, beynəlxalq təşkilatların qərarlarını icra etdiyini deyən siyasi ekspert qeyd edib ki, buna heç bir beynəlxalq təşkilat irad bildirə bilməz: “İkincisi isə beynəlxalq və regional vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində məsələyə baxış nisbətən daha balanslıdır. 1990-cı illərdə Ermənistan işğalçı olduğu halda həm Qərbdə, həm də onun qarşısındakı güclərdən dəstək ala bilirdi. İndi isə nə Rusiyadan, nə də Qərbdən arzuladığı dəstəyi ala bilir. Eləcə də nəzərə almaq lazımdır ki, NATO-nun ən güclü üzvlərindən biri Türkiyədir. Ermənistan Brüsselə nəsə şikayət edə bilər, amma orada ciddi nəticə əldə etməsi mümkün deyil”.

Vazeh BƏHRAMOĞLU