Putinin bəyanatının mənası: “Qarabağ Azərbaycandır!”

87

Vətən müharibəsinin başlandığı gündən hamının gözü Rusiyaya dikilmişdi. Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarına Moskvanın reaksiyasının nədən ibarət olacağı haqda fərqli versiyalar səslənirdi. Putinin son açıqlaması bütün müəmmaların, qaranlıq mətləblərin üstündən xətt çəkdi. Rusiya prezidenti bəyan etdi ki, döyüş Azərbaycan ərazisində gedir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana hər hansı kömək göstərilə bilməz. Bu, elə Putinin “Qarabağ Azərbaycandır” fikrini təsdiqləməsi idi. Əgər Azərbaycan Ordusu Ermənistanın ərazisini vursaydı, onun hansısa rayonuna raket düşsəydi, bu zaman Moskva KTMT üzvü kimi müttəfiqinə kömək edə bilərdi. Sitat: “Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var.Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a dedi ki, Rusiya prezidentinin konkret açıqlaması gözlənilən idi. Deputat hesab edir ki, Ermənistan cidd-cəhdlə Rusiyanı öz avantürist siyasətinə qatmaq istəyirdi: “Amma Rusiya prezidenti açıq mövqe bildirdi ki, döyüşlər Ermənistanda getmir və Rusiya ona heç bir kömək edə bilməyəcək. Çünki bunun hüquqi əsası yoxdur”. A.Mirzəzadənin fikrincə, Putin son açıqlaması ilə Paşinyanın Rusiyanı öz təxribatına çəkmək planına son qoydu: “Rusiyanın problemin həlli ilə bağlı açıqlamaları, atəşkəsə çağırışları var. Ancaq ordumuzun əks-hücum əməliyyatları barədə neqativ fikri yoxdur. İnanmıram ki, Rusiya bundan sonra mövqeyini dəyişsin”.

Deputatın sözlərinə görə, Rusiya mövqeyini dəyişməklə nüfuzunu itirə bilər: “Bu halda dünyda tez-tez fikrini dəyişən ölkə imici qazanar. Onun nəyinə lazımdır ki, avantürist Ermənistana görə fikrini dəyişsin. Bu gün Rusiya ilə yaxşı münasibət saxlayan Azərbaycandır.  Ermənistanın isə Rusiyanı başqa ölkələrə dəyişmək cəhdi görünür”.

Aydın Mirzəzadə: “Putin Paşinyanın Rusiyanı öz təxribatına çəkmək planına son qoydu”

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Putinin son çıxışının bir neçə yorumu və yozumu ola bilər. Partiya sədrinin fikrincə, Putinin açıqlaması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gəlir: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımalıdır. Bu, həm beynəlxalq hüquqdan irəli gəlir, həm də Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədlərdə təsbit olunub. Eyni zamanda Putinin açıqlaması Ermənistana və Azərbaycana açıq mesajdır ki, Rusiya döyüşlərin Azərbaycan sərhədlərinin ərazisində getdiyini təsdiqləyir və KTMT ilə heç bir bağlılığı yoxdur”.

Sülhəddin Əkbər: “Putinin mövqeyi rəsmi Bakının işğal edilmiş torpaqlarımızın hərbi yolla həllində əl-qolunu açır”

S.Əkbərin fikrincə, Putin Paşinyanın ona müraciətlərindən yorulduğunu göstərdi və sözügedən açıqlama ilə birdəfəlik son qoydu: “Rusiya prezidenti İrəvana mesaj verdi ki, müharibəyə qarışmır və bu da yaxşı haldır. Putinin mövqeyi rəsmi Bakının işğal edilmiş torpaqlarımızın hərbi yolla həllində əl-qolunu açır”.

Siyasi ekspert Elxan Şahinoğlu Teleqraf.com-a geniş müsahibəsində Putinin açıqlamasında toxunaraq qeyd edib ki, Türkiyənin Rusiya ilə strateji münasibətləri var: “Buna görə də Rusiyada düşünürlər ki, Dağlıq Qarabağ məsələsinə görə Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirməyə dəyməz. Bu səbəbdən də Putin açıq şəkildə deyir ki, əməliyyatlar Azərbaycan ərazilərində gedir, Rusiya qarışa bilməz”.

Onun sözlərinə görə, Paşinyan kimi təcrübəsiz bir siyasətçinin Ermənistanda hakimiyyətdə olması Azərbaycanın maraqlarına uyğundur: “Hakimiyyətdə Köçəryan və ya Sərkisyan olsaydı, Rusiya onlara dəstək verəcəkdi. Çünki Köçəryan Putinin dostudur. Amma Paşinyan hakimiyyətə gələndə düşünürdü ki, Qərb onu dəstəkləyəcək, buna görə də Moskva əleyhinə addımlar atdı. Hətta Köçəryanı həbs etdirdi, bu da Moskvanı qəzəbləndirdi. Bəlkə də Moskvanın proseslərə müdaxilə etməməsinin bir səbəbi də budur ki, Paşinyanı həm də bu yolla cəzalandırmaq istəyirlər. İndi Paşinyan Putinin ayaqlarına sürünür. Putin isə ona reaksiya vermir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”