Putinin ənənəvi zəhərləmə metodu

171

Rusiya müxalifətinin lideri Aleksey Navalnının ortadan qaldırılması prezidentə nə üçün lazımdır…

İki gün əvvəl Tomsk-Moskva reysi ilə uçan təyyarə onun sərnişinlərin arasında olan müxalifət lideri Aleksey Navalnının vəziyyətinin pisləşdiyinə görə təcili eniş etdi. Bunun ardınca Rusiyanın müxalifət liderinin kafedə içdiyi çay vasitəsilə zəhərləndiyi bildirildi. Omsk şəhər xəstəxanasının baş həkimi açıqladı ki, Navalnının vəziyyəti yaxşı deyil.

“Putin çayı” ilə zəhərlənən Navalnı komadadır…

“Xəstəxana çox sayda hüquq-mühafizə orqanlarının, o cümlədən FTB əməkdaşlarının mühasirəsindədir. Reanimasiya bölməsində xeyli sayda polis əməkdaşı var və onlar həkimdən izahat almağa çalışırlar. Həkimsə polislərə bu məlumatların məxfi olduğunu bildirib və onları digər palataya aparıb”, – deyə Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

TASS xəbər agentliyi bildirib ki, Navalnının qəsdən zəhərlənməsi ehtimalı gözdən keçirilmir.

Rusiya mediasının məntiqinə gərə, Navalnı elə-belə komaya düşüb və Omsk xəstəxanasının reanimasiya şöbəsinə də təsadüfən yerləşdirilib, zəhərləndiyi üçün deyil. Hansı ki, KQB yetişdirməsi olan prezident Putinin rəqiblərini zəhərləyərək öldürmə praktikasından ilk dəfə istifadə edilmir. Bu metodla aradan götürülməyə cəhd olunanların siyahısında xeyli sayda ədalət və demokratiya tərəfdarı şəxslər var:

Yuriy Şekoçixin-2003; Moskva;

Anna Politkovskaya-2006, Moskva;

Aleksandr Litvinenko-2006, London;

Vladimir Karamurza-2017,Moskva;

Sergey Skripal və qızı Yuliya Skripal – 2018, İngilitərə;

Dmitri Bıkov-2019, Moskva.

Şübhəsiz, Putinin zəhərlənmə ilə öldürməyə çalışdığı növbəti şəxs isə Navalnı oldu. Doğrudur, Rusiya prezidentinin başçılıq etdiyi cinayətkar oliqarx şəbəkəsinin hər birinin Navalnını öldürməyə kifayət qədər “əsası” var, amma bu işdə ən maraqlı olan elə Putinin özüdür…

Belorusda xalqın keçmişin qalıntılarından yaxa qurtarmaq və xoşbəxt gələcək qurmaq uğrunda mübarizəsi Kremli qorxuya salıb. Xabarovskda baş verənlər artıq bir ayı keçib və keçirilən mitinqlərdə “Putinə istefa!” şüarları çoxdan səslənməkdədir. Belarusdakı ayaqlanma bu istefanın reallaşma ehtimalının olduğunu ortaya qoydu. Görünür, Lukaşenkonun qarşısında dayanan Tixonovskaya kimi, Navalnının da çox az müddət sonra, gələn ilin martında keçiriləcəyi güman olunan parlament seçkilərində onun qarşısına dikiləcəyini bilən Putin, indidən çevrilişin “ayaq səsləri”ni eşitdiyindən, “zəhərləmə” variantına əl atmaqla rəqibini sıradan çıxarmağa çalışıb.

Ümumiyyətlə, regiondakı proseslərin gedişi Putinə və post-sovet məkanından mövcud olan bütün avtoritar liderlərə yaxçı heç nə vəd etmir. Putin də anlayır ki, gec-tez çevriliş növbəsi ona da çatacaq. Son vaxtlaradək Belarusda iqtisadi vəziyyətin Rusiyadan daha yaxşı olduğu və ölkədə korrupsiyanın olmadığı mediada yayılırdı, amma bu, Lukaşenkoya kömək etmədi. Görünür, insanların yenilik görmək istəyi hər şeyə üstün gəlir, hətta iqtisadi stabilliyə də. Amma Putinlə bağlı vəziyyət oxşar deyil. Rusiyanın “qaymağı”nın Putinin ətrafında cəmləşmiş bir ovuc cinayətkar-oliqarxiyanın ölkəni böyrü üstə qoyması, bu da azmış kimi, ötən ay Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi onu göstərdi ki, prezident Putin növbəti seçkilərdə hakimiyyətdə qalmasını qarant altına almağa çalışır. Bu isə, ölkədə müxalif cəbhənin sıradan çıxarılması hesabına mümkün ola bilər. Navalnının zəhərlənməsinə də məhz bu prizmadan yanaşmaq lazımdır.

Təbii ki, avtoritarizmin hökm sürdüyü hər bir ölkədə, o cümlədən Rusiyada baş verən demokratik proseslər prezidentlərin hakimiyyətin laxlada və onların devrilməsinə gətirib çıxara bilər. Konkret olaraq Rusiyaya gəldikdə, şübhəsiz, neftin qiymətinin düşməsi, Putinin ölkəni enerji resursları hesabına idarə edə bilməməsi, onu xaos yaratmağa meylləndirir. Məsələn, bu gün onun insanların boğazından kəsib Afrikada muzdlu ordu saxlamasına, Suriyada, Liviyada Türkiyə ilə nüfuz toqquşmalarına girməsinə kimsə mane olmur. Amma bu faktor getdikcə yoxsullaşan rusların hakimiyyətə qarşı nifrət hisslərini körükləyir ki, bu narazılığın vulkan kimi partlaması heç də uzaqda deyil.

Kimsəyə sirr deyil ki, hazırda Rusiyada narazı kütlənin və müxalifətin önündə gedəcək əsas fiqur Navalnı idi. Ola bilər ki, Putin onu aradan götürməklə müəyyən müddətə vaxt qazanmağı və bu zaman çərçivəsində öz postunu gücləndirməyi qarşıya məqsəd qoyub. Təcrübədə də belə faktlar var ki, Rusiyada müxalif siyasi liderlər zamanla bu və ya digər şəkildə zərərsizləşdirilməklə, Rusiyada etiraz aksiyalarının mərkəzləşdirilməsinin qarşısı alınıb və hakimiyyətin çöküşü prosesi ləngidilib. Mərhum müxalifət lideri Boris Nemtsovun Kreml divarlarına yaxın qətli də məhz Rusiyada kütləvi etirazların mərkəzləşdirilməsinin qaşısının alınamsına hesablanmışdı. Hansı ki, o, Putinin əsas tənqidçilərindən biri idi.

Bir neçə ildir ki, müxalif blogger, qısa zamanda Rusiyada narazı elektoratın dəstəyini alan Aleksandr Navalnı ölkə miqyasında onlayın mitinqlərin təşkili və etirazların idarə edilməsində, xalqın dəstəyini almasında Putinə əsl rəqib olduğunu sübut edib. A. Navalnıya bir neçə dəfə təxribatlar baş verib. Amma hazırda regionda davam edən geosiyasi proseslər və Rusiyada etirazlar Aleksandr Navalnı ilə xalqı birləşdirib, Kremlə qarşı ciddi şəkildə mövqe ortaya qoya bilərdi. Bunun Rusiyada yeni və böyük dəstəyə sahib olan bir müxalif liderin aradan götürülməsinə hesablanan sui-qəsd olması da məhz bu baxımdan istisna deyil.

Həkimlərin ehtimallarına görə, Navalnı oksibutiratla zəhərlənib. Preparat narkologiyada istifadə olunsa da, o toksikologiya və ya reanimasiyada, həmçinin narkologiyada təxirəsalınmaz dərman kimi məsləhət görülmür, çünki bu tənəffüs mərkəzinin iflici ilə nəticələnə bilər.

Hazırda isə Almaniya Omsk xəstəxanasına komada olan xəstənin daşınması üçün xüsusi təchiz olunmuş tibbi təyyarə göndərib. Təyyarədə alman həkim briqadası var. Onlar Navalnını Berlindəki Charité klinikasına köçürməyi planlayırlar, reysin və müalicənin xərci xüsusi şəxslər tərəfindən ödənilib. Bütün bunlara baxmayaraq, Omsk xəstəxanasının həkimləri üçüşa icazə vermir. Xəstəxananın baş həkimi Aleksandr Muraxovski bəyan edib ki, “Burdenko və Piroqovdan gələn həkimlər alman həkimlərindən heç də pis deyil”.

Həmçinin Muraxovski zəhərlənmə ehtimalını da təsdiq etməyib: “Etdiyimiz analizlər zəhərli maddə barədə neqativ nəticə göstərdi”.

Navalnının tərəfdaşları “zəhərlənmənin sübutlarını” gizlətmək üçün onun Almaniyaya aparılmasından imtina edildiyini bildirirlər. Onlar vurğulayırlar ki, “Navalnı Omskda müalicə olunmayacaq, orada qalmaq ölümcül təhlükəlidir”.

Srağagün axşam Makron və Angela Merkel birgə mətbuat konfransında siyasətçiyə tibbi yardım göstərməyə hazır olduqlarını bildiriblər. “Biz baş verənlərdən çox kədərləndik və narahatıq”, – deyə Makron vurğulayıb. O, müxalifətçinin xəstəxanaya yerləşdirilməsinə səbəb olan şərtlərə aydınlıq gətirilməsinə “tam aydınlıq gətirməyə” çağırıb.

Xatırladaq ki, 2019-cu ilin iyulunda Navalnı “mitinqlərin keçirilməsi qaydasının təkrar pozulması” maddəsi ilə 30 günlük inzibati həbs cəzası çəkmişdi və təcili yardım  maşını ilə “kəskin allergik reaksiya” diaqnozu ilə xəstəxanaya aparılmışdı. Yəni bu, onun həyatına ilk sui-qəsd deyil.

Ülviyyə ŞÜKÜROVA