Putindən ermənilərə “özünüzdən küsün” mesajı

159

Rusiya prezidenti Ermənistana hərbi dəstəyini gizlətmədi

 Azərbaycanın İkinici Qarabağ Müharibəsindəki qələbəsini həzm edə bilməyənlərin sırası təkcə məğlub Ermənistanla məhdudlaşmır. Bu sıraya xaricdəki erməni lobbisindən tutmuş bir çox beynəlxalq qurumlar, həmçinin Fransa və digər məlum ölkələr də aiddir. Lakin bugünkü mənzərə ondan ibarətdir ki, Azərbaycan bütün erməni havadarlarını fakt qarşısında qoyub və onlar dövlətimizin, ordumuzun, xalqımızın gücünü etiraf etmək, Ermənistanınsa rəzil və aciz durumuyla barışmaq məcburiyyətində qalıblar…

Rusiya prezidenti Vladimir Putinin son müsahibəsində Qarabağ münaqişəsilə bağlı söylədiyi fikirlər də əslində, Azərbaycanın regionda yaratdığı yeni reallıqların həm Rusiya və Ermənistanda, həm də ümumilikdə beynəlxalq arenada daha aydın şəkildə dərk edilməsinə xidmət etmiş oldu. Bu müsahibədə hər nə qədər ermənilərə ürək-dirək verən və bəzən Azərbaycanın maraqlarına uyğun olmayan fikirlərə yer verilsə də, ümumilikdə əsas mesaj Ermənistanın öz məğlubiyyətilə barışmaqdan başqa çıxış yolunun olmadığı ilə əlaqədar idi.

 

“Azərbaycan strateji müttəfiqini özü müəyyən edir…”

 

Həmçinin, bir daha Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını və bunun beynəlxalq hüquq tərəfindən təsbit olunduğunu önə çəkən Rusiya prezidenti rəsmi Bakının müstəqil xarici siyasət yürütməkdə və strateji müttəfiq seçimində azad olduğunu bildirdi və təbii ki, bunu söyləyərkən məhz qardaş Türkiyəni nəzərdə tutdu. “Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir, bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir” – deyən Putin, Azərbaycanın öz strateji seçimini etdiyini və buna kimsənin mane ola bilməyəcəyini vurğulamış oldu. Həmçinin, Qarabağ ərazisində, Azərbaycanın tam nəzarəti altındakı torpaqlarda Türkiyənin Rusiya ilə birgə monitorinq mərkəzinin yaradılacağını bildirən Putin, bununla da Türkiyənin regionda hərbi varlığının razılaşdırıldığını təsdiqləmiş oldu. Təbii ki, bu reallıq Rusiyada çoxları üçün məqbul və arzuedilən deyil, hətta Jirinovski, Solovyov, Zatulin və bu qəbildən olanlar üçün əsl faciədir. Ancaq Rusiya prezidenti elə öz ölkəsindəki “qaynar başlara” da bir növ mesaj verdi ki, artıq “dövran o dövran deyil”.

Bununla yanaşı, hər şeyə rəğmən, ərazisində etnik konfliktlər olan və işğal aktıyla üzləşən Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrlə müqayisədə Azərbaycan Rusiya ilə kifayət qədər yaxın münasibətləri qoruyub saxlayan yeganə MDB ölkəsidir və bu münasibətlər hətta “strateji tərəfdaşlıq” səviyyəsində qiymətləndirilir. Həmçinin, Azərbaycan son zamanlar müşahidə olunan Rusiya-Türkiyə yaxınlaşmasının reallıqda tətbiq olunduğu və regionun inkişafına xidmət edən layihələrin gerçəkləşəcəyi başlıca məkana çevrilir. Bütün bunlar ölkəmizin təkcə Qarabağ savaşındakı qələbəsini deyil, həm də Azərbaycanın regionda və dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasını təsdiqləyir.

 

“Özünüzdən küsün”

 

Rusiya prezidentinin sözügedən müsahibəsi həm də Ermənistan dövləti və cəmiyyətinə ünvanlanan mesajlarla zəngin idi. Ən başlıca mesaj isə məğlubiyyətin qəbul edilməsi və əldə edilən razılaşmanın qeyd-şərtsiz yerinə yetirilməsindən başqa yolun qalmamasıyla bağlıydı. “Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar” fikri o deməkdir ki, ermənilər yenə cığallıq etmək fikrinə düşsələr, Rusiyanın dəstəyinə ümid etməsinlər. Bu isə o deməkdir ki, darmadağın edilmiş Ermənistan ordusu bu halda yenə onun üçün kabusa çevrilən Azərbaycan Ordusu ilə təkbətək qalacaq. Bununsa Ermənistan üçün doğrudan da intihardan başqa bir şey olmadığı gün kimi aydındır.

Yeri gəlmişkən, sözügedən müsahibədə çoxlarının diqqət yetirmədiyi bir məqam var. Putin demək olar ki, açıq şəkildə müharibənin gedişində Ermənistana Rusiya tərəfindən hər cür dəstək göstərildiyini etiraf etdi: “Sizi əmin edirəm ki, Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlıq sferasında bütün öhdəliklərini tam şəkildə həyata keçirdi… Əmin edirəm ki, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi və Rusiya hər şey etdi ki, bu olmasın. Lakin döyüş meydanında Paşinyanın da öz xalqına açıq dediyi vəziyyət yarandı…”

Rusiya prezidentinin söylədiklərindən belə məlum olur ki, hətta Moskva da Azərbaycan Ordusunun Şuşaya qədər gələcəyinə və şəhəri azad edəcəyinə inanmırmış. Putin, həmçinin təsdiqlədi ki, Rusiya müdaxilə etməsəydi, Azərbaycan Ordusu bir neçə saata Xankəndini alacaqdı. “Rusiya hər şey etdi ki, bu olmasın” fikri isə əslində Moskvanın ermənilərə dəstəyinin ən açıq etirafıdır. Bu, o deməkdir ki, Rusiya Ermənistana mümkün olan bütün hərbi dəstəyi göstərib. Əslində, bu fakta Azərbaycan rəhbərliyi də müharibənin gedişində bir neçə dəfə eyham vurub və Rusiyadan Ermənistana, sərnişin təyyarələri də daxil olmaqla, müxtəlif vasitələrlə hərbi texnika və avadanlıqların daşınması, hətta Ermənistandakı Rusiya bazasının imkanlarından maksimum istifadə edilməsi də heç kimə sirr deyildi. Bir o qalırdı ki, rus əsgəri Qarabağa gəlib, ermənilərlə çiyin-çiyinə Azərbaycana qarşı döyüşsün. Lakin bütün bunlara baxmayaraq, Ermənistan ordusu Azərbaycan ordusunun qabağından qaçdı – hər şey bu qədər sadədir və Putin də ermənilərə bunu çatdırmaq istədi. Yəni Rusiyanı və digər gücləri Ermənistanı tək qoymaqda günahlandırmaqdan əl çəkin və heç kimdən yox, özünüzdən küsün.

C.Məmmədov