“Putin prezident postunda öz varisini ya hələ müəyyənləşdirməyib, ya da..” – ŞAHİN CƏFƏRLİ

51

“Putin baş nazir vəzifəsinə Federal Vergi Xidmətinin sədri Mixail Mişustinin namizədliyini irəli sürdü. Bu, bir az gözlənilməz gediş oldu. Çünki hökumət başçısı vəzifəsi üçün daha güclü və nüfuzlu şəxslərin (Kudrin, Seçin, Oreşkin, Nabiullina, Siluanov və s.) adları hallanırdı. Lakin Putin aşağı profilli fiqura və siyasi deyil, texniki xarakterli təyinata üstünlük verdi. Rusiyanın yaxın keçmişində buna bənzər baş nazir təyinatları olub: Mixail Fradkov və Viktor Zubkov kimi”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli deyib.

Ş.Cəfərli qeyd edib ki, Medvedevin istefası və TŞ sədrinin müavini təyin ediləcəyi barədə Putinin açıqlaması da gözlənilməz oldu: “TŞ strukturunda belə bir vəzifə yoxdur, onu yaratmaq lazım gələcək. Medvedevin istefası (yaxud buna vadar edilməsi) bir tərəfdən onun prezidentlik şansını azaldan hadisə olsa da, güc strukturlarının fəaliyyətini əlaqələndirəcək vəzifəli şəxs qismində saxlanılması onun tam kənara atılmadığını göstərir”.

“Putin elə situasiya yaratmağa çalışır ki, prezidentin kim olacağını heç kəs bilməsin”

“Belə görünür ki, Putin prezident postunda öz varisini ya hələ müəyyənləşdirməyib, ya da bu kadr yerdəyişmələri ilə elə situasiya yaratmağa çalışır ki, növbəti prezidentin (bəlkə baş nazirin də) kim olacağını hazırkı mərhələdə heç kəs bilməsin. Çünki bu halda içəridəki rəqib qruplaşmalar həmin şəxs əleyhinə kampaniyaya başlaya və onu "vura" bilər, hakimiyyətdaxili güc savaşının nəzarətdən çıxması təhlükəsi yaranar. Seçkiyə qədər bütün iddiaçıların özünü şanslı saydığı bir rəqabət ortamını idarə etmək və bu rəqabətin fövqündə dayanmaq Putin üçün daha rahatdır. Baş nazir postuna yuxarıda adlarını çəkdiyim iddialı şəxslərdən biri təyin edilsəydi, növbəti prezidentin də məhz o olacağı yönündə rəy formalaşardı”,-deyə politoloq əlavə edib.

Cəfərli Rusiyada erkən parlament və prezident seçkilərinin keçiriləcəyini də istisna etməyib.

Şamo EMİN, Hurriyyet.org