Putin Serbiya Prezidentindən üzr istədi

96

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Avropada və Balkan yarımadasında əsas müttəfiqi olan Serbiya Prezidenti Aleksandr Vuçiçdən üzr istəyib.

Serbiya Prezidenti Vuçiç Serbiya televiziyasına açıqlamasında Rusiya XİN MX katibi M.Zaxarovanın sosial şəbəkədəki paylaşması ilə bağlı Rusiyanın dövlət başçısının ondan üzr istədiyini bildirib. Vuçiç Putinin ona həmin paylaşmaya qarşı olduğunu söylədiyini deyib, Rusiyanın bu reaksiyasının ona və Serbiyaya hörmətinin əlaməti olduğunu bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da “RİA Novosti” agentliyinə açıqlamasında Putinin Vuçiçdən üzr istədiyini bildirib.

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuatın Xidmətinin nümayəndəsi Mariya Zaxarova Serbiya Prezidenti Aleksandr Vuçiçin ABŞ Prezidenti Donald Trampın Oval Ofisdə keçirdiyi mətbuat konfransında uzaq məsafədəki stulda oturdulmasını Şaron Stounun “Əsas instinkt” filmi ilə müqayisə etmişdi. Zaxarova “Feysbuk” səhifəsində Vuçiçin fotoşəklini “Əgər sizi Ağ Evə çağırıb, stulunuzu istintaqa çəkilirmiş kimi yerləşdirsələr, özünü üstün tutan birisinin qarşısında oturulduğunuz zaman tövsiyəm budur ki, “Əsas instinkt”  filmindəki kimi əyləşəsiniz” sözləri və filmdən bir foto ilə birlikdə paylaşmışdı.

Belqrad hakimiyyəti Zaxarovanın açıqlamasına etirazını bildirmişdi.

Aleksandr Vuçiç “Rink TV” kanalında çıxış edərək Zaxarovanın paylaşması ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirərək demişdi: “Rusiyanın Serbiya ilə yaxın və dostyana münasibətlərinə lazımi dəyəri vermədiyinə görə çox təəssüflənirəm. Mariya Zaxarovanın paylaşması sadəcə özü və onu bu vəzifəyə gətirən şəxslər barəsində təsəvvür yaradır. Tərbiyəsiz və ibtidai mənəvi səviyyəsini göstərir. Onu bu vəzifəyə kim gətiribsə, o da narahat olsun. Mən onun çıxışı barəsində əlavə şərh verməyəcəyəm”.