Putin-Ərdoğan görüşü Suriya probleminin çözülməsinə gətirib çıxaracaq? – POLİTOLOQ RƏYLƏRİ

30

"Moskvada əldə edilən nəticə həm Türkiyə, həm də Rusiya üçün vacib idi"

Şahin Cəfərli: "Atəşkəsin davamlı olacağına şübhəm var"

Elxan Şahinoğlu: "Putin anlayır ki, İdlibə və Əsədin təxribatlarına görə Türkiyə ilə münasibətləri korlamaq Rusiyanın maraqlarına ziddir"

"Ərdoğan dəqiq bilir ki, Putinin istəyi xaricində "Vaqner" Liviyada Haftara dəstək verə bilməz"

Məhəmməd Əsədullazadə: "Putin-Ərdoğan görüşü taktikidir və tərəflərin atəşkəs müqaviləsi kövrəkdir"

"Bundan sonra Rusiya-Türkiyə əlaqələri Suriyada "məcburiyyətdən əməkdaşlıq" kimi xarakterizə olunacaq"

Xəbər verdiyimiz kimi, martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada bir araya gəlib. Görüş zamanı əsasən Suriya məsələsi, İdlibdə yaşanan olaylar, o cümlədən Türkiyə-Rusiya münasibətlərinin gələcəyi müzakirə olunub. Görüşün nəticəsində isə Ərdoğanla Putin arasında əldə edilmiş razılaşmaya əsasən İdlibdə atəşkəs elan edilib. Belə ki, Türkiyə və Rusiya dövlət başçıları arasında əldə olunmuş razılaşmanın şərtlərinə görə, İdlibdə təmas xətti boyunca bütün hərbi fəaliyyətlər 6 mart 2020-cı il tarixindən saat 00.01-dən etibarən dayandırılacaq. Bundan başqa, M4 quru yolunun qərbində 6 km və cənubunda 6 km dərinliyində güvənlik dəhlizi yaradılacaq. Bunun ayrıntıları Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında 7 gün içində hazırlanacaq. O cümlədən, türk-rus ortaq dövriyələri 15 mart 2020-cu ildən M4 quru yolunun Trumbadan (Serakibin 2 km qərbi) Ain-Al-Havra qədər olan xətt boyunca başladılacaq.

Qeyd edək ki, sözügedən görüşün yekununa dair mətbuat konfransında çıxış edən Rusiya prezidenti Vladimir Putin "Türkiyə ilə Soçi anlaşmasına dayanan razılaşma əldə etdik", deyə vurğulayıb. Onun bildirdiyinə görə, Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənəd üzərində razılaşıb: "Bilirsiniz ki, martın 1-də Rusiyanın hərbi bazasına İdlib və ətrafından hücum olub. Son 2 ayda 15 belə hücum cəhdi edilib. Və bu, cavabsız qala bilməzdi. Orada türk hərbçiləri də həlak olublar. Buna görə başsağlığı verirəm. Türkiyə ilə bəzən aramızda fikir ayrılıqları olur. Amma kritik durumlarda ortaq nöqtələr tapmağı bacarırıq. Bu gün də elə oldu. Suriyanın suverenliyindən yanayıq. Beynəlxalq terror qruplaşmaları ilə mübarizədə qərarlıyıq. 6 saatlıq müzakirələrdən sonra bir sənəd hazırladıq. Bunun atəşin dayanmasına, mülki insanların əzablarına son verəcəyinə inanıram". Öz növbəsində, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinlə bənzər və fərqli fikirdə olduqları məsələləri müzakirə etdiklərini deyib: "Türkiyə təhdidlər qarşısında əl-qolu bağlı qala bilməz. İdlib razılaşmasının pozulmasına səbəb olan birinci dərəcəli cavabdeh Suriya rejimidir. Rejimin hər bir hücumuna qarşılıq veriləcək".

ABŞ və BMT Türkiyə və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasını dəstəkləyir

Bu arada, BMT-nin baş katibi Antonio Quterreş Türkiyə və Rusiyanın birgə razılaşmasına əsasən İdlibdə elan edilən atəşkəsin qalıcı olmasına ümid etdiyini qeyd edib. Belə ki, atəşkəsin dərhal tətbiq edilməsini, davamlı olmasını və Suriyanın şimal-qərbindəki vətəndaşların müdafiəsinə ümid etdiyini vurğulayan Quterreş BMT-nin nəzarəti altında siyasi danışıqlara qayıtmaqla bağlı çağırış da edib. Eyni zamanda, ABŞ da Türkiyə ilə Rusiya arasında əldə olunan İdlib atəşkəs razılaşmasının, bölgədəki humanitar böhranı yüngülləşdirməsi və təhlükəli vəziyyətin aradan qaldırılması baxımından ümidverici olduğunu açıqlayıb. Bununla bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir ki, rəsmi Vaşinqton İdliblə bağlı Türkiyə və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasını dəstəkləyir: "Ümid edirik ki, İdlibdəki təhlükəli vəziyyət aradan qalxacaq. Eyni zamanda, Əsəd rejimi, Rusiya, İran və Hizbullah qüvvələri tərəfindən mülki əhalinin yaşadığı bölgələrə edilən hücumlar nəticəsində yaranan qorxunc humanitar böhran həllini tapacaq. İndi isə ən vacib məsələ Əsəd rejimi və tərəfdarlarının bu razılaşmaya sadiq qalıb-qalmamasıdır. Bunun da zamanla şahidi olacağıq".

"Türkiyə Astana və Soçi proseslərində Rusiya və İran ilə əldə etdiyi razılaşma çərçivəsində münaqişəsizlik bölgəsi yaratmağa çalışır"

Yeri gəlmişkən, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün "Twitter" hesabından bəyan edib ki, ölkəsi nə razılaşmalardan geri addım atacaq, nə də Bəşər Əsəd rejiminin milyonlarla mülki vətəndaşı öldürməsinə və ya Türkiyə sərhədlərinə doğru sürgün etməsinə imkan verəcək: "Rejim bölgədə həddindən artıq xaosa və məhvə səbəb oldu. Türkiyə heç bir şey etmədən, gözlərinin qarşısında humanitar fəlakətin yaşanmasını izləyə bilməz". Altun Əsəd rejiminin milyonlarla insanın didərgin düşməsinə, qaçqınlara, müharibə cinayətlərinə, kimyəvi silah hücumlarına, terrorizmə və regional qeyri-sabitliyə görə məsuliyyət daşıdığını vurğulayıb: "Rejimin İdlibdəki təcavüzkar mövqeyi onun etibarlı olmadığını, qarşısı alınmalı və etdiklərinə görə məsuliyyətə cəlb edilməli olduğunu göstərir. Rejim vətəndaş müharibəsi başlayandan bəri bütün razılaşmaları pozub, öz vətəndaşlarını öldürüb və bütün əxlaqi dəyərləri pozub". Onun sözlərinə görə, belə bir rejimi dəstəkləyənlər bölgədə daha çox qeyri-sabitliyə və təhlükəyə səbəb olacaqlarını bilməlidirlər: "Türkiyə Astana və Soçi proseslərində Rusiya və İran ilə əldə etdiyi razılaşma çərçivəsində münaqişəsizlik bölgəsi yaratmağa çalışır. Rejim isə müxtəlif bəhanələrlə mülki vətəndaşlara hücum edərək İdlibin idarəsini ələ keçirməyə çalışmaqla bu razılaşmanın şərtlərini pozur". Türkiyəli ekspert Ceyhun Bozqurd isə bu qənaətdədir ki, İdlibdə bütün hücumların əsas səbəblərindən biri də M5 magistralının tutulması idi. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Ərdoğan-Putin görüşünü şərh edən ekspert hesab edir ki, bu yol Əsəd rejimi üçün çox önəmlidir: "Çünki Hələbdən Dəməşqə, Xümsə gedən istiqamətdir. Strateji önəmi ilə yanaşı, eyni zamanda, ticarət yoludur. Məsələn, Hələbdən gələn gəlir rejim üçün çox böyük maliyyə mənbəyi ola bilərdi. Ölkədə çox ciddi gərginlik var və bunu həll etməli idi. Burada anlaşılan budur: M5-lə bağlı hər kəs mövqeyini qoruyacaq. M4 magistralını Türkiyə müəyyən yolla əldə saxlayacaq, çünki bölgədəki insanların təhlükəsizliyi üçün önəm kəsb edir".

"Türkiyə bu görüşdən nə əldə etdi, Ərdoğan Moskvaya niyə getmişdi, anlaya bilmədim"

Картинки по запросу "Şahin Cəfərli"

Beləliklə, "Hürriyyət"in məlumatına görə, Türkiyə və Rusiya dövlət başçıları arasında əldə olunmuş razılaşmanın şərtlərini şərh edən politoloq Şahin Cəfərli bildirib ki, Türkiyə görüş öncəsi Əsəd qüvvələrinin 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilməsini tələb edirdi: "Yəni Əsəd ötən ilyarımda İdlibdə ələ keçirdiyi ərazilərdən çıxsın. Ərdoğan bu barədə Şama ultimatum ünvanlamışdı. Lakin imzalanan sazişə baxanda görürük ki, bu məsələ orada əksini tapmayıb. Atəşkəs mövcud təmas xətti boyunca qüvvəyə minir, geri çəkilmə söhbəti yoxdur". Atəşkəsin davamlı olacağına şübhə ilə yanaşdığını deyən politoloqun fikrincə, M4 magistralının şimalında və cənubunda təhlükəsizlik zonasının yaradılması o deməkdir ki, Türkiyənin dəstəklədiyi qüvvələr həmin ərazilərdən çıxmalıdır: "Bu, ona gorə lazımdır ki, həm M4 (Hələb-Lazkiye) yolunda hərəkət bərpa olunsun, həm də yaxınlıqdakı Rusiya hərbi bazasına (Hmeymim) olan təhdid aradan qalxsın. Yəni Türkiyə bu görüşdən nə əldə etdi, Ərdoğan Moskvaya niyə getmişdi, anlaya bilmədim".

"Önəmli olan görüşdən real nəticə əldə etmək idi və Ərdoğan ən azı müəyyən mərhələyə qədər həmin nəticəni əldə etdi"

Картинки по запросу "Elxan Şahinoğlu:"

"Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əslində liderlərin görüşü İstanbulda keçirilməli idi: "Ancaq Putin İdlib olaylarından sonra zəif görünməsin və Ərdoğanın ayağına getdiyi görüntüsü yaranmasın deyə İstanbula səfərdən imtina etdi, türkiyəli həmkarını Moskvaya dəvət etdi. Ərdoğan razılaşdı. Doğrudur, Türkiyənin ana müxalifət partiyası "Sən Putinin ayağına niyə gedirsən" sualı ilə Ərdoğanın mövqelərini zəiflətməyə çalışdı. Ancaq vəziyyətin gərgin olduğu mərhələdə görüş yerinin harda olması Ərdoğan üçün önəmli deyildi, önəmli olan görüşdən real nəticə əldə etmək idi və Türkiyə cümhurbaşqanı ən azı müəyyən mərhələyə qədər həmin nəticəni əldə etdi. Eyni zamanda, Putin də bu anlaşma ilə mövqeyini qorumağa çalışdı. Birincisi, prezidentlər ortaq bəyanatda Astana formatının davam edəcəyini bildiriblər. Yəni Rusiya və Türkiyə İranı da yanlarına almaqla dialoqa davam qərarı veriblər. İkincisi, prezidentlər İdlib ətrafında atəşkəsə nail olublar. İdlib ətrafındakı strateji M4 yolu ətrafında 6 kilometrlik təhlükəsizlik koridoru yaradılacaq. Martın 15-dən başlayaraq bu yol boyu iki ölkənin ortaq patrulu işə başlayacaq. Bu arada, Rəcəb Tayyib Ərdoğan İdlibin yeni statusunun müəyyənləşdirilməsi vacibliyini dilə gətirib. Ancaq Putinin buna razılıq verib-vermədiyi bəlli deyil".

"Rusiya İdlibə görə Türkiyə ilə müharibə astanasına gəlsə, ağır vəziyyətini bir az daha mürəkkəbləşdirəcək"

Birgə bəyanatda tərəflərin İdlibdəki terrorçu qüvvələrin neytrallaşdırlmasının vacibliyini qeyd etdiklərini vurğulayan politoloq bu qənaətdədir ki, böyük ehtimalla, bu bəndin ortaq bəyanata salınmasını Putin təklif edib: "Eyni zamanda, bəyanatda mülki insanlara qarşı hərbi əməliyyatların dayandırılmasının vacibliyi də vurğulanıb. Bu isə Türkiyənin təklifidir. Türkiyə İdlibdən növbəti qaçqın axını istəmir. Bəyanata görə Rusiya Türkiyənin bu həssasiyyətini qəbul edir, ancaq Moskvanın buna riayət edib-etməyəcəyini yaxın günlər göstərəcək. Razılaşmaya baxmayaraq, Ərdoğan onu da Putinin diqqətinə çatdırıb ki, Əsəd qüvvələri İdlibi bombalasalar, yenə qarşılığını alacaq. Moskvada əldə edilən nəticə həm Türkiyə, həm də Rusiya üçün vacib idi. Vladimir Putin də anlayır ki, İdlibə və Əsədin təxribatlarına görə strateij tərəfdaş halına gələn Türkiyə ilə münasibətləri korlamaq Rusiyanın maraqlarına ziddir. Rusiya Krımın ilhaqına görə, onsuz da Qərblə münasibətləri soyuqdur, sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir edir, üstəgəl dünyanı bürüyən koronavirus neftin qiymətlərini endirib. Bu azmış kimi Rusiya İdlibə görə Türkiyə ilə müharibə astanasına gəlsə, ağır vəziyyətini bir az daha mürəkkəbləşdirəcək. Təsadüfi deyil ki, Putin Ərdoğanla görüşdə İdlib ətrafında şəhid olan türkiyəli hərbçilərə görə ilk dəfə başsağlığını bildirdi. Putin birtərəfli görünməsin deyə, Əsəd qüvvələrinin də böyük itkilər verdiyini xatırlatdı. Putin onu da nəzərə almaq məcburiyyətindədir ki, Türkiyə ilə münasibətlərini gərginləşdirsə Ankara Bosfor və Dardanel boğazlarını Rusiyanın hərbi gəmilərinə bağlayacaq. Bu isə Rusiyanın prestijinə daha bir zərbə olacaq. Türkiyənin pilotsuz uçuç aparatları və qırıcı təyyarələri İdlib ətrafında Əsəd qüvvələrinə dağıdıcı zərbələr vurmaqla onsuz da Rusiyanın prestijinə zərbə vurublar".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, Rusiya Suriya, o cümlədən İdlibin hava sahəsini başqa dövlətlərin, o cümlədən Türkiyənin hərbi təyyarələrinin uçuşlarına qapalı zona elan etmişdi: "Rusiya guya İdlibin səmasını qoruyurdu. Ancaq Türkiyənin pilotsuz uçuş aparatları Əsədin onlarla tankını, zirehli texnikasını, o cümlədən minlərlər hərbçisini neytrallaşdırdı. Türkiyənin hərbi təyyarələri isə Suriyanın və İdlibin hava sahəsini pozmadan Əsəd rejiminin 3 təyyarəsini vurdu. Yəni Türkiyə hamıya göstərdi ki, Suriyanın hava sahəsini pozmadan da Əsəd rejiminin qüvvələrini darmadağın etmək gücündədir. Bu amil də Rusiyanın prestijinə zərbə idi. Bütün bunları nəzərə alan Vladimir Putin köhnə dostu Ərdoğanla yenidən razılaşmaya üstünlük verdi".

"Ərdoğan-Putun razılaşmasının taleyi "Heyət Tahrir Əş-Şam"ın özünü necə aparacağından asılıdır"

Moskvadakı razılaşmanın ömrünün nə qədər olacağına gəlincə, Elxan Şahinoğlunun fikrincə, bu sual ona görə aktualdır ki, iki dövlətin lideri son illər ərzində Suriya və İdlib mövzusunda dəfələrlər razılaşma əldə ediblər, atəşkəsə nail olublar, ancaq hər dəfəsində də razlaşma pozulub: "Rusiya gözləyir ki, Türkiyə ordusu İdlibdəki "Heyət Tahrir Əş-Şam" simasında terrorçuların tamamını neytrallaşdıracaq. Ancaq bu Türkiyənin imkanı xaricindədir. Avrasiya bölgəsinin, o cümlədən Suriyanın sağ qalan bütün terrorçuları İdlibə yığışıblar. Onların sayı on minlərlədir. Bu terrorçular o qədər güclüdürlər ki, İdlibdə Türkiyənin dəstək verən Suriya Azadlıq Ordusunun döyüşçülərini Türkiyə sərhəddinə tərəf sıxışdırıblar. Terrorçuların təslim olacağını gözləmək də əbəsdir. Onlar Əsəd qüvvələrinə təslim olmaqdansa sona qədər savaşmağa üstünlük verirlər. Bu terrorçular isə yaxınlıqdakı Rusiya hərbi bazasına yenidən raket atarlarsa, Rusiya təyyarələri və Əsəd qüvvələri İdlibi bombardman edəcək, bu zaman mülki əhalidən ölənlər olacaq və Türkiyə yenə buna səssiz qalmayacaq. Yəni Ərdoğan-Putun razılaşmasının taleyi "Heyət Tahrir Əş-Şam"ın özünü necə aparacağından asılıdır. Onlar atəşkəsə riayət etməsələr bölgə yenə qarışacaq və İdliblə bağlı Moskva razılaşması özündən əvvəlkilər kimi nəticəsiz qalacaq. "Heyət Tahrir Əş-Şam"ın İdlibdə varlığını sürdürmələri Rusiya və Türkiyə üçün problem olaraq qalacaq. Hansısa terrorçu təşkilatın uzun müddət 4 milyon əhalisi olan şəhərə hakim olması uzun sürə bilməz. Ərdoğan bu problemin həlli üçün nəsə xüsusi plan hazırlamalıdır. Variantlardan biri budur ki, "Heyət Tahrir Əş-Şam" özünü buraxır, bir hissəsi Azad Suriya Ordusunun sıralarına qatılır, digərləri müxtəlif yollarla şəhəri tərkə məcbur edilirlər. Sadəcə, həmin terrorçular İdlibi ancaq Türkiyə üzərindən tərk edə bilərlər. Bunun reallaşması mürəkkəbdir".

Politoloqun sözlərinə görə, Ərdoğan Putinlə İdliblə yanaşı, Liviyadakı vəziyyəti də müzakirə edib: "Məlumdur ki, Rusiyanın muzdlu "Vaqner" silahlı qrupu müxalif general Haftara dəstək verir. Bu Ərdoğanı ciddi narahat edir. Çünki Haftar dəstək almadan paytaxt Tripoliyə hücum edə bilməz. Ərdoğan "Vaqner"in fəaliyyətindən narahatdır. Ərdoğan onu da dəqiq bilir ki, Putinin istəyi xaricində "Vaqner" Liviyada Haftara dəstək verə bilməz. "Vaqner"in qeyri-rəsmi idarə edən və maliyyələşdirən Putinin şəxsi aşpanı və Kremlin ərzaq təminatına cavabdeh olan Priqojindir. Putin bu dəfə Ərdoğana nəsə deyib ki, Türkiyə cümhurbaşqanı Moskvadan geri dönərkən təyyarədə jurnalistlərə deyib ki, "Rusiya prezidentindən "Vaqner"lə bağlı ciddi addım gözləyirəm" ifadəsini işlədib. Putin Ərdoğandan nəsə qopartmadan "Vaqneri" Liviyadan elə belə çıxarmaz".

"İdlib Suriyanın nəzarətinə keçməyincə Rusiya həmlələrini davam etdirəcək"

Картинки по запросу "Məhəmməd Əsədullazadə"

"Hürriyyət"in məlumatına görə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Putin-Ərdoğan görüşü taktikidir və tərəflərin atəşkəs müqaviləsi kövrəkdir: "Sadəcə, hər iki tərəfə bu atəşkəs lazım idi. Gözlənilən atəşkəs razılaşdırıldı. Amma İdlib məsələsi hələlik "Qodri" düyünüdür. Tərəflər əvvəlki mövqelərinə qayıtdılar. Sadəcə, burada Ankaranın prinsipiallığı Rusiyaya sübut olundu". Politoloq onu da bildirib ki, İdlib Suriyanın nəzarətinə keçməyincə Rusiya həmlələrini davam etdirəcək: "Artıq bundan sonra Rusiya və Türkiyə əlaqələri Suriyada "məcburiyyətdən əməkdaşlıq" kimi xarakterizə olunacaq. Tərəflər kifayət qədər bir-birinə geosiyasi rəqibdir. Amma iqtisadi və enerji tərəfaşıdırlar. Bir sözlə, Türkiyə-Rusiya əlaqələrinin strateji cəhətdən Suriyada əməkdaşlığı mümkün deyil".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org