“Putin Qarabağı nə Azərbaycana, nə də Ermənistana vermək istəyir”

453

Elxan Şahinoğlu: “Putinin çıxışında bizim üçün təhlükəli məqamlar az deyildi, o, Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı”

Qubad İbadoğlu: “O, Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid edir”

Natiq Cəfərli: “Putinin dediyindən belə çıxdı ki, hələ statusla bağlı başımız çox ağrıyacaq, məsələni masaya daşıyacaqlar və bunu Minsk Qrupu çərçivəsində edəcəklər”

Rusiya prezidenti Vladimir Putin “Rusiya-24” telekanalına müsahibəsində ikinci Qarabağ savaşına, noyabrın 10-da imzalanan bəyanata və digər mühüm məsələlərə toxunub. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Putin Qarabağla bağlı razılaşmaya əməl olunduğunu və vəziyyətin stabilləşdiyini bildirib: “Rusiya tərəfi ən aktiv səylərini görüb ki, bizə iki dost ölkə arasında döyüş fəaliyyətlərini dayandırmağa və onlara kompromis həlli tapmağa kömək etsin. Bizim vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Qarabağda rus sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılıq əldə olunub”.

Razılaşma sayəsində böhranın ədalətli, Azərbaycan və erməni xalqlarının maraqları əsasında tamformatlı, uzunmüddətli həlli üçün şərait yarandığını deyən Putin beynəlxalq hüquqa görə, Qarabağın həmişə Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edib: “Heç kim, hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən nə deməkdir? O deməkdir ki, Azərbaycan öz ərazisini geri qaytarıb, hansı ki, bütün beynəlxalq birlik o əraziləri Azərbaycan ərazisi sayırdı. Bununla əlaqədar ona yardım edən hər hansı müttəfiqi seçmək haqqı var idi”. Rusiya prezidenti əlavə edib ki, Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verə bilərsiniz, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz: “Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun üzvü idi. Beləliklə, beynəlxalq bir qurumun, beynəlxalq bir həll mexanizminin içərisində idi. Bizim birgə işləməklə bağlı çox yaxşı təcrübəmiz var. Yaxın Şərqdə, o cümlədən Suriyada – İdlib zonasında, həmçinin Suriya ilə Türkiyə sərhədində birgə patrul həyata keçiririk. Burda (Qarabağda) bu cür fəaliyyət tələb olunmur. Ancaq biz razılaşmışıq ki, birgə mərkəz yaradacağıq, PUA-lardan istifadə ilə situasiyaya nəzarət edəcəyik, informasiyanı birlikdə alacağıq, birgə analiz edəcəyik”.

Putin hesab edir ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi bu ölkə üçün özünəqəsd olar: “Əlbəttə, baş nazir Paşinyan üçün ağırdır, ancaq o, real mənzərəni bilir. Üçtərəfli bəyanatımızı imzalayanda olduğu kimi, o, bugünkü həqiqi mənzərəni, işin həqiqi vəziyyətini açıqlayıb. Heç nə əlavə etmək istəmirəm. O, bütün həqiqəti söylədi”. Onun sözlərinə görə, razılaşmaya əməl edib-etməmək hər bir ölkənin öz əlindədir, ancaq öhdəlikləri yerinə yetirməmək böyük bir səhv olardı: “Ümid edirəm ki, bu baş verməyəcək. Hərbi əməliyyatlar bitənə qədər Qarabağda vəziyyət kritik idi, hər saatın hesabı gedirdi, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq mümkün olmadı. Vəziyyət belə bir şəkildə inkişaf etməyə başladı, ümumiyyətlə, gözlənilən bir şey baş verdi, yəni Azərbaycan Ordusu Şuşanı nəzarətə götürdü. Baş nazir Paşinyan xalqına müraciət edərək dedi ki, vəziyyət erməni tərəfi üçün kritikdir, Xankəndinin tutulması və daha da irəliləmək imkanı yaranıb”. Rusiya prezidenti qeyd edib ki, həmin vəziyyətdə döyüşlərin dayandırılmasında İrəvan maraqlı idi: “Ermənistanın baş naziri Nikol Paşinyanı xəyanətdə ittiham etməyin heç bir əsası yoxdur. Ümumiyyətlə, Ermənistanın daxili siyasətində nə baş verir, bizim işimiz deyil. Bu müstəqil, suveren ölkədir, nəyi lazım bilirsə, daxili siyasətdə onu da etmək haqqına sahibdir”.

“Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun qənaətincə, Putin sözügedən müsahibəsində Nikol Paşinyanı baqaja qoydu və bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib: “Rusiya prezidenti Vladimir Putin müsahibəsində Dağlıq Qarabağla bağlı xeyli mətləbə toxundu. Birincisi, Putin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarının detallarına toxundu. Putin Paşinyanı baqaja qoydu, bəlli oldu ki, Ermənistanın baş naziri Şuşa uğrunda döyüşməyə davam edəcəklərini Kreml sahibinə bildirib. Ancaq Putinin çıxışında bizim üçün təhlükəli məqamlar da az deyildi. Kreml sahibi Dağlıq Qarabağın “status-kvosunun” davam edəcəyini vurğuladı. Bu o deməkdir ki, ordakı separatçılar və onların qanunsuz silahlı qüvvələri fəaliyyətlərini davam etdirə bilərlər. Jurnalistin “Rusiya Dağlıq Qarabağı tanıya bilərmi” sualına isə cavabı belə oldu: “Biz Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıdıq, Krımın özmüqəddarıtını qəbul etdik…” Yəni Kreml sahibi bununla sanki demək istədi ki, “hərbçilərimizə bir şey olsa, Azərbaycana problem yarada bilərik”. Cənubi Osetiyanın “tanınması” məhz sülhməramlılarla əlaqəli olmuşdu”.

Politoloq bildirib ki, Putin müharibə dövründə Ermənistana kifayət qədər silah və hərbi sursat göndərdiyini ilk dəfə açıqlamış oldu: “Putin dedi ki, müharibə zamanı hərbi balansın Ermənistan əleyhinə yönəlməməsi üçün bu ölkəyə hərbi texnika göndərirdi. Putin Türkiyə haqqında da fikirlərini bölüşdü. Kreml sahibi faktiki Türkiyənin sülhməramlı əməliyyatında iştirakının əleyhinə olduğunu vurğuladı. Putin bunu deyərkən ermənilərin etirazına istinad etdi: “Ermənilər ötən əsrin əvvəllərindəki soyqırımı unutmayıblar”. Yəni Putinin sözlərinə görə, Türkiyə sülhməramlıları ermənilərə psixoloji təzyiq vasitəsi ola bilər. O bunu istəmir. Ancaq Putin sözlərinə onu da əlavə etdi ki, Azərbaycan istəsə Türkiyə hərbçilərini ərazisinin istədiyi hissəsində yerləşdirə bilər. Putin Rusiya ilə Türkiyə arasında tarixi düşmənçiliyin arxada qaldığını da sözlərinə əlavə etdi. Başqa sözlə, Kreml sahibi demək istədi ki, iki ölkənin maraqları arasındakı fərqlərə baxmayaraq, ortaq fəaliyyət də az deyil”.

“Putin çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə Ermənistanda və Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın”

“Hürriyyət” xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə Putinin çıxışını zamanı diqqətini cəlb edən məqamlara aydınlıq gətirib: “Putin Azərbaycanı müstəqil və suveren dövlət hesab edir, ölkəmizin ərazi bütövlüyünü qəbul edir. Qarabağı Azərbaycan ərazisi sayır, onu dövlət kimi hətta Ermənistan tərəfindən də tanınmadığını bildirir və bu işin perspektivinə inanmır. Müharibədə Azərbaycan ordusunun üstünlüyünü etiraf edir, hətta atəşkəs bəyanatı bir neçə saat gec imzalansaydı, Azərbaycan ordusunun Xankəndini də götürəcəyi ilə bağlı məlumatlı olduğunu göstərir. Bundan başqa, o, Qarabağ probleminin yaxın vaxtlarda həllinə inanmır və Qarabağda status-kvonun uzun müddətli dövrdə saxlanılmasında, statusun gələcəkdə müəyyənləşdirilməsində marağını gizlətmir. Türk qoşunlarının Qarabağ ərazisində olmasını mümkün saymır, eyni zamanda Azərbaycan ərazisində yerləşməsinə də etiraz etmir”. ADR Hərəkatının sədrinin fikrincə, Rusiya prezidenti Qarabağ problemin yaranmasında və digər məsələlərdə də SSRİ-nin zəifləməsini və dağılmasını səbəb bilir: “SSRİ-nin bərpasında hələ də marağı qaldığını nümayiş etdirir. Həmçinin, Qarabağ probleminin həllində tutduğu mövqeni beynəlxalq hüquqa hörməti ilə əsaslandırır və rus qoşunlarının Qarabağda mövcudluğunu legitim sayır. Çalışır ki, rus qoşunlarının hazırkı fəaliyyətinə görə Ermənistanda və Azərbaycanda ictimai etimadını itirməsin, əksinə tərəfdarlarını artırsın. Qarabağda rus qoşunlarını saxlamağa və bölgədə kommunikasiya xətlərinin bərpasına uzunmüddətli layihə kimi baxır. Qarabağı Kremldən idarə etmək niyyətini gizlətmir, onu nə Azərbaycana, nə də Ermənisana vermək istəyir. Hətta Gürcüstan nümunəsini göstərərək hər iki tərəfi təhdid də edir”.

“Əgər status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları çıxmalıdır, yox əgər qalırsa, status söhbəti bağlanmalıdır!”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin qənaətincə isə Putinin dediklərindən belə çıxır ki, hələ statusla bağlı başımız çox ağrıyacaq: “Birincisi, Şuşa söhbəti masada heç vaxt olmayıb, ordumuz Ali Baş Komandanın əmrini və xalqımızın Şuşa arzusunu bütün maneələrə rəğmən, canı-qanı hesabına həyata keçirib, işğala son qoyub. İkincisi, Putin münaqişənın başlanması haqqında ya məlumatlı deyil (buna inanmıram), ya da qəsdən təhrif edir. Sumqayıt səbəb deyildi, nəticə idi, özü də “KQB”nin yaratdığı nəticə. Onun sözündən belə çıxdı ki, Ermənistan Qarabağı tanıyıb özünə qatsa idi, Rusiya Azərbaycana qarşı qoşun çəkə bilərmiş. O, Paşinyanı çox təriflədi, çox güman, müvəqqəti saxlayıb sazişi yerinə yetirmək üçün bunu etdi. Həmçinin, Ermənistana daha yaxın və isti mesajlar verdi, orada cəmiyyəti itirdiyinin fərqindədir. Rusiya prezidenti Azərbaycana da bəzi pozitiv mesaj verib, müharibəni öz suveren ərazimizdə apardığımızı təsbit etdi. Abxaziya və Osetiya misalı xəbərdarlıq idi. Bizə dedi ki, onlara atəş açsaz Qarabağı tanıyarıq, Ermənistana dedi ki, sözümüzə baxmasaz Qarabağı birdəfəlik unudun. Və ən vacibi, dediyindən belə çıxdı ki, hələ statusla bağlı başımız çox ağrıyacaq, status məsələsini masaya daşıyacaqlar və bunu da Minsk Qrupu çərçivəsində edəcəklər”. Politoloqun sözlərinə görə, əgər Minsk Qrupu masaya dönüb bu gün əsgərimizin yaratdığı yeni, bizə daha üstünlük verən reallıqla “status” söhbətinə başlayacaqsa, o zaman Minsk Qrupunun başqa kriterləri də gündəmə gəlməlidir: “Həmsədr ölkələrin ordusu sülhməramlı ola bilməz! Hətta qonşu ölkələrin əsgərləri də bu missiyada yer almamalıdır. Rusiya hər 2 kriterlə sülhməramlı roluna iddia edə bilməz. Əgər status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları çıxmalıdır, yox əgər qalırsa, status söhbəti bağlanmalıdır!”

Vazeh BƏHRAMOĞLU