“Putin post-korona dövründə SSRİ-nin bərpasına çalışacaq” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

252

“Onun mesajı Azərbaycan da daxil olmaqla, keçmiş sovet ölkələrinin müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təhdiddir”

“Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ-nin bərpası ilə bağlı mövqeyi əsasən, post-korona dövrünə yeni dünya nizamında bu istiqamətdə çalışacağı anonsudur. Qeyd edim ki, Belarus prezidenti Aleksandr Lukaşenko da ötən həftə koronavirusla bağlı SSRİ-nin mümkün bərpası kimi sətiraltı mesaj vermişdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq qeyd edib ki, Aleksandr Lukaşenko bunu koronavirusa qarşı birgə mübarizə kimi vurğulayıb: “Baxmayaraq ki, Lukaşenko çıxışlarında Rusiya ilə birləşməyə razı olmadığını vurğulayır, amma o həlledici məqamda ölkənin müstəqilliyini Rusiyaya güzəştə getməyə hazırdır. Sadəcə, əlverişli situasiyanı gözləyir. Budur, dünya pandemiyaya qarşı mübarizə apardığı bir dönəmdə, Lukaşenko MDB ölkələrini sətiraltı şəkildə birləşməyə çağırdı və ardınca onun böyük qardaşı Putin bunu açıq şəkildə dilə gətirdi. Lukaşenkonun ötən həftə keçmiş SSRİ ölkələrinin birləşmə kimi mesajı təsadüfi deyildi və Putinin bunu açıqlaması göstərir ki, hər iki ölkənin lideri anlaşıb”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiyada günü-gündən iqtisadi vəziyyətin ağırlaşması, Putinin reytinqinin kəskin düşməsi onu belə bir açıqlama verməyə vadar edir: “Putin bu yolla rusların vətənpərvərliyini qaldırmaqla, Krımın anneksiyası illərində eyforiyaya qaytarmaq istəyir. O rusların aclığa dözüb vətənpərvərlik nümayiş etdirmək xarakterini bilərək bunu ortaya atmaqla iqtisadi və sosial problemləri önləməyə çalışır. Amma rusların yenidən Putinin avantürasına sakit qalacağı mümkün deyil. Neftin kəskin şəkildə ucuzlaşması Putini aqressivləşdirib və o, yeni ittifaq haqqında planını reallaşdırmaq istiqamətində çalışarsa, Belarus könüllü birləşəcək, Ukraynaya da ordu yeridə bilər. Bu da Rusiyanın parçalanmasına gətirə bilər. Putinin bu planı yeni deyil. O, hesab edir ki, pandemiya ABŞ və Avropanın iqtisadiyyatını güclü zəiflədib və dünyanın yenidən bölüşdürülməsini ortaya atmaqla SSRİ-nin bərpasını başqa adla təmin edəcək. Amma Qərb, başda ABŞ olmaqla Rusiyanın bu planının reallaşmasına qəti imkan verməyəcək. Bu, ABŞ üçün yeni bir siqnaldır və bu plan birbaşa ABŞ-ın və Avropanın təhlükəsizliyini, beynəlxalq maraqlarını təhdid edir”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Putinin bu mesajı Azərbaycan da daxil olmaqla, digər keçmiş müttəfiq ölkələrin müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təhdiddir: “Belarus istisna olmaqla, heç bir keçmiş müttəfiq respublikalar buna getməz. Yeni dünya nizamında Rusiyanın mövqeyi kəskin zəifləyəcək, konkret olaraq ABŞ güclü şəkildə iqtisadiyyatını qurub, Avropa və Cənubi Qafqazın müstəqilliyinin qarantı olacaq. Göründüyü kimi, Rusiya təhlükəsi qalmaqdadır və bu, beynəlxalq birliyi ciddi təhdid edir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org