PUTİN-PAŞİNYAN GÖRÜŞÜNÜN PƏRDƏARXASI

    9

    Qabil Hüseynli: “Putin Paşinyanı müəyyən qaydalara riayət etməyə çağırmalıdır”

    Dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində ilk dəfə Soçidə bir araya gəliblər. Putin yeni erməni lideri ilə görüşdə deyib: “Moskva BMT-dən başlayaraq, regional təşkilatlara qədər-beynəlxalq arenada İrəvanla həm təhlükəsizlik, həm iqtisadi inkişaf sahədində fəal əməkdaşlıq edəcəkdir. BMT-də Ermənistan ilə Rusiya həmişə bir-birini dəstəkləyib”.

    V. Putin qeyd edib ki, Moskva Ermənistanı regionda ən yaxın tərəfdaş, habelə iqtisadiyyat və təhlükəsizlik sahələrində vacib müttəfiq hesab etməklə yanaşı, mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edir.

    Rusiya prezidenti onu da xatırladıb ki, Rusiya Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşıdır. Ermənistanın ticarət dövriyyəsinin 25%-dən çoxu Rusiyanın payına düşür. Erməni iqtisadiyyatına kapital qoyuluşunun 35%-i rus investorlarına məxsusdur.

    Paşinyan da öz tərəfindən Ermənistan ilə Rusiya arasındakı müttəfiqlik münasibətlərinin dəyişmədiyini bildirib və ikitərəfli münasibətlərin səviyyəsinin müzakirə mövzusu olmadığını, habelə onların siyasi və iqtisadi sahələrdə daha da dərinləşəcəyini qeyd edib: “Bu məsələ ilə bağlı Ermənistanda konsensus mövcuddur. Məncə, aramızda heç kim heç vaxt erməni-Rusiya münasibətlərini şübhə altına qoymayıb. Biz siyasi cəhətdən də, ticari-iqtisadi cəhətdən də bu münasibətlərə yeni impuls verilməsi niyyətindəyik”. O, həmçinin Rusiya ilə hərbi-tezniki sahədə münasibətlərin inkişafına ümid elədiyini bildirib. Paşinyan 9 may paradını xatırladaraq, Rusiya hərbi-sənaye kompleksinin nailiyyətlərinə heyran olduğunu bildirib.

    Qeyd edək ki, görüşdə hər iki tərəfin hökumət nümayəndələri iştirak edib.

    Ermənistanda “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündə göründüyü qədər “ütülü” bəyanatlar yer alıb. Amma nəzərə alsaq ki, Putin Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinə qarşı idi, ona görə bu görüş heç də xoş məramlı ola bilməzdi. Çox güman ki, görüşün “pərdəarxası” məqamları bir neçə gündən sonra özünü biruzə verəcək. Putinin ictimaiyyətə açıqlanan bəyanatında Ermənistanın ticarət dövriyyəsinin 25%-dən çoxunun Rusiyanın payına düşməsini, erməni iqtisadiyyatına kapital qoyuluşunun 35%-nin rus investorlarına məxsus olduğunu Paşinyana xatırlatması müəyyən qədər onu deməyə əsas verir ki, Putin rəsmi şəkildə də Ermənistanın Rusiyadan asılı olduğunu dilə gətirib. Bu isə Paşinyana müəyyən mənada xəbərdalıqdır. Paşinyan Amerikayönlü qüvvələr tərəfindən hakimiyyətə gətirilsə də, o, məhz buna görə Putinə aşkarda biət etməyə məcburdur, amma arxada nə planlar cevirəcək, bunu zamanla izləyəcəyik.

    Çox güman ki, Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ məsələsinə və Paşinyanın bu yöndə verdiyi sərsəm açıqlamalara da Putin diqqət yetirib. Hələ ki, bu barədə bir fikir mətbuata sızmasa da, amma yaxın günlərdə Paşinyanın bu yöndə olacaq bəyanatlarını indidən bu görüşün nəticəsi hesab etmək olar. Paşinyanın emosinal davranışlarını nəzərə alsaq, onun da Putindən Azərbaycanla bağlı istəkləri istina deyil.

    Erməni siyasi şərhçi Sarqis Artsruni də yazır ki, Paşinyanın Putindən Azərbaycanla bağlı xahiş edəcəyi istisna deyil: “Sarkisyan “aprel müharibəsi”ndən sonra dəfələrlə Rusiyadan Azərbaycana silah satışını dayandırmağı istəmişdi, lakin uğursuz oldu. Paşinyan da məhz bu məsələni gündəmə gətirəcək”. Amma Putinin Paşinyanın istəklərini necə qarşılaması da suallar doğurur.

    “Paşinyan Rusiyanın nəbzini yoxlaya-yoxlaya Qərbə yönəlik müəyyən reveranşlar edəcək”

    Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

    Dünən Soçidə baş tutan Putin-Paşinyan görüşü ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, o, bundan sonra Ermənista-Rusiya münasibətlərinin yaxşı səviyyəyə gəlib çıxacağını zənn etmir: “Amma bunu Rusiya tərəfi güclə də olsa, abıra salacaq. Paşinyan Rusiyanın nəbzini yoxlaya-yoxlaya Qərbə yönəlik müəyyən reveranşlar edəcək. Hər halda bünövrəsini Sərkisyanın qoyduğu Qərbə inteqrasiya siyasətini davam etdirəcək”.

    “Zənnimcə, görüş xoş deyil, daha çox tənqidi ab-havada keçib”

    “Düzdür, rəsmi məlumat odur ki, Paşinyan orada “ütülü” sözlər deyib. Zənnimcə, ola bilsin ki, Putin ona “qulaqburması” versin və onun fikriləri ilə yola çıxaraq Rusiyanın Ermənistana olan siyasətinin konturlarını müəyyənləşdirsin. Zənnimcə, görüş xoş deyil, daha çox tənqidi ab-havada keçib. Hər halda indiyə kmi birgə hərəkət ediblər. Bu birgə hərəkət də Ermənistan üçün kifayət qədər dividentlər gətirib. Ermənistan nankor çıxıb, bunu qiymətləndirməsə, rusların xasiyyətini bilməlidir, ruslar onu yerində oturdacaq”.

    “Putin Paşinyanın ağlını, dünyagörüşünü yoxlayacaq”

    Hüseynli hesab edir ki, Putin Paşinyanı müəyyən qaydalara riayət etməyə çağırmalıdır: “Demirəm çağırıb. Çünki o danışıqlar prosesinə qondarma “Dağlıq Qarabağ”ın qoşulması, ondan sonra qondarma “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi və dünyaya tanıdılması kimi sərsəm və sarsaq ideyalar irəli sürüb. Putin də bu proseslərin başında duran ağalardan biridir, Minsk Qrupunun həmsədri olan ölkənin başçısıdır, ona deməlidir ki, ay inqilab edib hakimiyyətə gələn kişi, bölgəni yenidən atəş içinə ata bilərsən, ölçülü-biçili danış, elə etmə ki, Azərbaycan qulağını bursun. Ən azından bildirməlidir ki, sizin bu məsuliyyətsiz bəyanatlarınızla bölgə yenidən qaynaya bilər. Mənə belə gəlir ki, Putin həm də onu sərf-nəzər edəcək, onun ağlını, dünyagörüşünü yoxlayacaq. Yəni o, nə dərəcədə Avrasiya İttifaqına, KTMT-yə sadiqdir, Qərbə inteqrasiya eşqi ilə alışıb-yanmır ki və. s”.

    “Paşinyan Azərbyacanı təhqir edib”

    Q. Hüseynli vurğuladı ki, Paşinyan danışıqlarla bağlı bəslənən ümidlərə amansızcasına zərbə endirdi: “Bunu ona xatırlatmalıdırlar. Zənnimcə, danışıqlar missiyasını bərpa etmək üçün Paşinyan müəyyən referanşlar etməlidir, edəcəksə, danışıqlar davam edəcək, etməyəcəksə, bölgədə müharibə təhlükəsi günbəgün artacaq. Çətin də olsa, o, bunu etməlidir, çünki Azərbyacanı təhqir edib”.

    Şamo EMİN, Hurriyyet.org