“Putin düz deyir, mətbəxdə “Noviçok” qaynatdım, xəlvətcə təyyarədə içdim…”

132

Ötən gün “Le Monde” qəzeti Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında müxalifətçi Aleksey Navalnının döyüş təyinatlı əsəb-iflic maddəsi “Noviçok”la zəhərlənməsi ilə bağlı telefon danışığının detallarını yayıb.

Virtualaz.org xəbər verir ki, qəzet Putinin fransalı həmkarı ilə telefon danışığı zamanı Navalnın barəsində çox laqeyd danışdığını, onun araqarışdıran və şantajçı olduğunu dediyini yazır. Habelə Putin belə versiya irəli sürüb ki, Navalnı qəsdən özünü zəhərləyə bilərdi.

Rusiya prezidentinin Makrona bildirdiyinə görə, Navalnı adi internet araqarışdıranıdır, əvvəllər də hansısa xəstəlikləri simulyasiya edib, habelə qanunsuz hərəkətlər törədib və Korrupsiya ilə Mübarizə Fondunu bəzi deputatları, məmurları şantaj eləmək üçün istifadə edib. Putin deyib ki, Rusiya tərəfi Navalnının zəhərlənməsi barədə cinayət işi qaldırmayıb. Çünki fransalı və almaniyalı mütəxəssislər öz məlumatlarını rusiyalı həmkarları ilə bölüşmürlər.

Habelə Rusiya prezidenti “digər versiyaların da araşdırılmalı olduğunu” bildirib. Məsələn, bu versiyalardan biri Latviya ilə əlaqəlidir, çünki “Noviçok”u icad edənlərdən biri guya orada yaşayır. “Le Monde” yazır ki, söhbət zamanı Putin Navalnının qəsdən zəhər içdiyini də istisna etməyib.

Bildirilir ki, Makron dərhal bu iki versiyanı rədd edib. Və Putinə deyib ki, fransalı mütəxəssislər Navalnının orqanizmində “Noviçok” sinfindən olan döyüş təyinatlı zəhər olduğunu təsdiqləyiblər. Fransa prezidenti əlavə edib ki, “Noviçok” qeyri-dövlət təşkilatlarında ola bilməzdi və bu səbəbdən Rusiya rəsmi izahat verməlidir.

Qəzet yazır ki, sentyabrın 14-də baş tutmuş telefon danışığı “karların dialoqunu” xatırladırdı.

Fransa prezidenti ötən gün sentyabrın 22-də məsələyə BMT Baş Assambleyasına ünvanlanmış çıxışında da toxunub. O, ilk dövlət başçısı olaraq rusiyalı müxalifətçinin zəhərlənməsini “qətl cəhdi” adlandırıb və Rusiyanı bu cinayətə aydınlıq gətirməyə çağırıb. Makron deyib ki, Fransa istər Suriyada, İstər Avropada və Rusiyada kimyəvi silahın tətbiqinə dözməyəcək.

Avqustun 20-dən sentyabrın 7-nədək komada olan və bir az əvvələ qədər Almaniyanın “Charite” klinikasında müalicə alan Navalnı da Putinin versiyasına münasibət bildirib: “Yaxşı versiyadır. Hesab edirəm ki, diqqətlə araşdırmağa dəyər. Mətbəxdə “Noviçok”  qaynatdım. Təyyarədə sakitcə qulplu fincandan içdim. Komaya düşdüm. Bundan əvvəl arvadımla, dostlarımla və həmkarlarımla anlaşdım ki, əgər Səhiyyə Nazirliyi mənim Almaniyaya müalicəyə aparılmağımda israr etsə onlar heç bir halda buna imkan verməsinlər. Omsk xəstəxanasında ölmək və Omsk morquna düşmək, orada “kifayət qədər yaşadı, ölmək vaxtı çatmışdı” şəklində ölüm səbəbi əldə etmək-mənim hiyləgər planımın son məqsədi belə idi. Lakin Putin məni qabaqladı. Onu elə-belə yanıltmaq mümkün deyil. Nəticədə mən axmaq 18 gün komada qaldım, amma məqsədimə çatmadım.Təxribat baş tutmadı!”

Virtualaz.org