Putin diplomatik dillə Azərbaycan və Ermənistanı təhdid etdi

522

Qubad İbadoğlu: “O, bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu ruslardan asılıdır”

Məhəmməd Əsədullazadə: “Putinin “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deməsi və sonradan “status məsələsi dəyişməzdir” tezisi hər iki tərəfin maraqlarını qorumaq və balans yaratmaqdır”

Natiq Cəfərli: “Belə məlum olur ki, Kreml status məsələsini daim gündəlikdə saxlayaraq, torpaqlarımızdakı mövcudiyyəti bacaqdıqca uzatmaq istəyəcək”

Ərəstun Oruclu: “Putinin “Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir” deməsi bəzi həmvətənlərimizi o qədər sevindirib ki, ardınca “Status müəyyənləşdirilməlidir” mesajı tamam diqqətdən kənarda qalıb”

Emin Şaiq İbrahimov: “Putin neçənci dəfədir ki, münaqişənin Sumqayıtda başladığını deyir və ondan sonra ermənilərin silaha əl atmasına hardasa haqq qazandırır”

Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında bir sıra mühüm mövzulara, o cümlədən Qarabağ münaqişəsinə dair sualları cavablandırıb. Belə ki, Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Putin münaqişəsi zonasında döyüş əməliyyatlarının başlanmasının səbəblərinə də aydınlıq gətirib.

Vəziyyətin nəzarətdən çıxdığını, gərginliyin illər boyu davam etdiyini deyən Rusiya prezidenti qeyd edib ki, bunun kənardan hansısa müdaxilə ilə bağlı olduğunu düşünmədiyini vurğulayıb: “Dəfələrlə gərginlik yaranır, atışmalar, xırda toqquşmalar olurdu. Nəticədə bütün bunlar münaqişə səviyyəsinə çatdı. Mən müharibənin hansısa xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Münasibətlər gərginləşdi və sonda münaqişə baş verdi. Rusiya hər zaman qan tökülməsinin əleyhinə olub. Biz uzun illər bu mövqedən çıxış etmişik ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır, Qarabağın hazırkı status-kvosu saxlanılmalıdır. Bəlkə də bu statusu gələcək nəsillər həll etməlidir”. Onun sözlərinə görə, Qarabağ məsələsində Türkiyənin mövqeyi bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır: “1990-cı illərdə hərbi toqquşmaların gedişində işğal edilmiş ərazilərin qaytarılmasından söhbət gedirdi. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini Ermənistan özü də tanımayıb və bu mənada Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”.

Üçtərəfli bəyanat çərçivəsində döyüş əməliyyatlarının dayandırılması barədə razılığın əldə olunduğunu xatırladan Putin bildirib ki, tərəflər üçtərəfli bəyanatın imzalandığı anda olduqları mövqelərdə dayanmalıdırlar: “İnsan ölümlərinin dayandırılması fövqəladə dərəcədə vacib məsələdir. Üçtərəfli razılaşma bunun üçün bütün əsaslar yaradır. Sənəddə qeyd olunduğu kimi sülhə nail olunduqdan sonra növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalıdır. Bu məsələləri sakit şəraitdə, danışıqlar prosesinin gedişində aydınlaşdırmaq lazımdır. Ona görə ki, üçtərəfli bəyanat buna əsas verir. Növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bu, avtomobil yollarına və dəmir yollarına, Naxçıvana yola da aiddir. Atəşkəs rejiminin pozulması məsələsinə gəldikdə, belə hadisə bir dəfə olub və ümidvaram ki, bu, yeganə hal kimi qalacaq”. Rusiya lideri onu da əlavə edib ki, əgər Azərbaycan və Ermənistan istəyərsə, Rusiya sülhməramlılarının orda olma müddəti artırıla bilər. Putinin sözlərinə görə, hər iki tərəf istəyərsə, rus sülhməramlılarının sayı da artırıla bilər: “Sülhməramlıların sayının artırılması bütün tərəflərdən, xüsusilə Azərbaycandan asılıdır. Çünki biz sayla bağlı əvvəlcədən razılaşmışıq. Buna ehtiyac olarsa, bir yerdə ediləcək. Əgər ehtiyac olmasa, onda etməyəcəyik”.

Bu arada, Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqların davam etdiyini vurğulamaqla yanaşı, Naxçıvan və Laçın dəhlizlərində işlərin bərabər şəkildə aparıldığını da qeyd edib: “Məsələ qarşıdakı günlərdə öz həllini tapacaq. Hər şey planlaşdırılmış şəkildə aparılır”. Qarabağda Birgə Monitorinq Mərkəzinin yeri kimi Ağdamın seçildiyini deyən Hulusi Akar hazırda inşaat işlərinin aparıldığını bildirib: “Generalımız və təxminən 100 nəfərlik nümayəndə heyətimiz regiondadır. Həm təlimlər keçilir, həm də iki müxtəlif mina axtarma və təmizləmə heyəti bölgəni minalardan təmizləyəcək. Ümumilikdə atəşkəsə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Prosesləri izləyirik”.

“Rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə salıb”

Beləliklə, “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu Rusiya prezidentinin hər ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında Dağlıq Qarabağla bağlı əvvəl sərgilədiyi mövqeni bir daha bəyan etdiyini bildirib: “Onun sözlərinə görə, Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi sayılır, Qarabağın statusu dəyişməz olaraq qalmalı və gələcəkdə həll olunmalıdır. Bu iki fəqli fikir, əslində hər iki tərəfə, həm Ermənistana və həm də Azərbaycana yumşaq dillə desək, mesaj və olduğu kimi təqdim etsək təhdiddir. Putin bununla bildirmək istəyir ki, Qarabağın bu günü və gələcəyi tərəflərin özlərini necə aparmasından, daha doğrusu ruslardan asılıdır. Noyabrın 10-dan etibarən rus qoşunlarının Qarabağda yerləşməsi hər iki ölkəni, ilk növbədə hazırkı hakimiyyətləri, həm də hər iki ölkənin yaxın gələcəyini Rusiyadan tam asılı vəziyyətə salıb. Əslində, əvvəllər də hər iki ölkənin hakimiyyətləri Putindən asılı vəziyyətdə olub, sadəcə Paşinyanın hərdən həyata keçirmək istədiyi müstəqil siyasət təşəbbüslərinə ona dərs verilməklə bu dəfə son qoyulub”.

“Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbi əməkdaşlıq gücləndirilməli, maliyyə və insan resurslarından daha rasioal istifadə olunmalı, hakimiyyətlə xalq arasında yaranmış həmrəylik möhkəmləndirilməlidir”

ADR Hərəkatının sədri hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanın Rusiyanın arzuolunmaz təsir dairəsindən çıxmaq üçün edə biləcəkləri Ermənistandan daha çoxdur: “Odur ki, Azərbaycan aşağıdakı 3 sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Birincisi, Türkiyə ilə bütün sahələrdə, xüsusilə də hərbidə əməkdaşlıq gücləndirilməli, ikincisi maliyyə və insan resurslarından daha rasioal istifadə olunmalı və üçüncüsü, Vətən müharibəsi dövründə siyasi hakimiyyətlə xalq arasında yaranmış həmrəylik qorunmalı və möhkəmləndirilməlidir. Belə olan halda biz nələr etməliyik? Birincisi, Türkiyə ilə hərbi mütəffiqlik (əməkdaşlıq deyil, məhz mütəffiqlik) sazişi imzalamaqla Azərbaycan-Türkiyə Hərbi İttifaqının yaranmasına nail olmalıyıq. Türk ordusunun Azərbaycanda təlim və hazırlıq bazalarını formalaşdırmaqla, peşəkar ordu yaratmalı, silahlı qüvvələrin texniki silahlanma, bilik və bacarıqlarını daim artırmalıyıq. İkincisi, Azərbaycanın üstün maliyyə və insan resurslarına əsaslanmaqla bütün sahələr üzrə gerçək islahatlar aparmalı, milli iqtisadiyyatın şaxələndirilmiş, institutlara bağlı olan dayanıqlı və insan resurslarına əsaslanan davamlı inkişafına nail olmalıyıq. Bu isə heç şübhəsiz ki, təhsilin inkişafından və yeni texnologiyaların mənimsənilməsindən asılı olacaq. Üçüncüsü, xalqın etimadını doğruldan hakimiyyət komandası formalaşdırmalı, hökümət, məhkəmə, prokurorluq, hüquq mühafizə və ədliyyə sistemi korrupsionerlərdən təmizlənməli, siyasi hakimiyyətlə biznes hakimiyyəti ayrılmalı, parlament müxalif siyasi partiyaları təmsil edən qanun yaradıcılarından, peşəkarlardan ibarət qanunverici instituta çevrilməlidir. Azad biznes, müstəqil vətəndaş cəmiyyəti və mətbuatın inkişafı üçün hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, işsizlik və yoxsulluğa qarşı effektiv mübarizə vasitələri ilə əhalinin rifah halı yaxşılaşdırılmalıdır”.

“Rusiya Türkiyənin regionda mövqeyinin güclənməsini qəbul etməklə, artıq Cənubi Qafqazda ciddi söz sahibiliyini əldən verib”

“Hürriyyət” xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Qarabağla bağlı danışarkən, status məsələsini qaldırması konkret olaraq erməniləri müdafiə etməsi demək deyil: “Putin Rusiyanın burada maraqlarından çıxış edir. Çünki Qarabağda statusun saxlanılması Rusiyanın burada sülhməramlı qüvvələr adı altında öz ordusunu saxlaması üçün siyasi şəraitin davam etməsi deməkdir. Bundan əlavə, Putinin “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deməsi və sonradan “status məsələsi dəyişməzdir” tezisi hər iki tərəfin maraqlarını qorumaq və balans yaratmaqdır. O, bununla da münaqişənin lokal davam etməsinə zəmin yaradır”.

Rusiyanın Qarabağda sülhməramlı qüvvələri ilə təmsil olunmasının sülhün və təhlükəsizliyin qarantı olmadığını ilk gündən qeyd etdiyini vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, ABŞ da verdiyi bəyanatda Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin olmasının təhlükəsizliyi təhdid etdiyini bildirib: “Göründüyü kimi, Azərbaycan ictimaiyyəti və Qərb Rusiyanın Dağlıq Qarabağda provokativ missiyasını yaxşı bilir. Rusiya Türkiyənin regionda mövqeyinin güclənməsini qəbul etməklə, artıq Cənubi Qafqazda ciddi söz sahibiliyini əldən verib. Hesab edirəm ki, mütləq Xankəndi, Xocavənd və Ağdərədə də suverenliyimiz bərpa ediləcək. Bu uzun proses isə regionda dəyişən şərtlərdən və Türkiyə-Azərbaycan birliyinin daha da gücləndirilməsindən asılı olacaq”.

“Putin imzalanmış sənədi təhrif, ya da öz bildiyi kimi şərh edir və deyir ki, erməni silahlı gücləri 10 noyabr tarixində olduğu yerdə qala bilər”

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Vladimir Putin Ermənistanın Qarabağı tanımadığına görə, sanki təəssüf edir, məhz onlar tanımadığı üçün Dağlıq Qarabağ Azərbaycan ərazisi sayılır. Rusiyanın Türkiyənin iştirakından məmnun olmasa da, bununla barışdığını deyən REAL-ın icra katibi qeyd edib ki, Putin rus əsgərlərinin uzun müddət Qarabağda qalmasını istəyir: “Putin imzalanmış sənədi təhrif, ya da öz bildiyi kimi şərh edir və deyir ki, erməni silahlı gücləri 10 noyabr tarixində olduğu yerdə qala bilər. Bundan başqa, o, yenə status məsələsini qaldırdı və belə məlum olur ki, Kreml status məsələsini daim gündəlikdə saxlayaraq, torpaqlarımızdakı mövcudiyyəti bacaqdıqca uzatmaq istəyəcək. Amma status məsələsini tez həll etməyə də çalışmayacaq. Yəni, məsələ nə qədər uzansa, bir o qədər Rusiyaya sərf edir. Müharibəni Azərbaycan uddu, Ermənistan acınacaqlı məğlub oldu, amma bölgəmizdə qələbəni son 200 ildə olduğu kimi, yenə Rusiya qazandı, müvəqqəti, amma qazandı”.

“Azərbaycan əsgərinin “Qarabağ Azərbaycandır!” deməsi Putinin, Baydenin, Makronun və digərlərinin nə deməsindən daha önəmlidir”

Siyasi şərhçi Ərəstun Oruclu isə bu qənaətdədir ki, Putinin “Beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir” deməsi bəzi həmvətənlərimizi o qədər sevindirib ki, ardınca “Status müəyyənləşdirilməlidir” mesajı tamam diqqətdən kənarda qalıb: “Məncə, Azərbaycan əsgərinin “Qarabağ Azərbaycandır!” deməsi Putinin, Baydenin, Makronun və digərlərinin nə deməsindən daha önəmlidir. Bir qədər əvvəl, dekabrın əvvəllərində Avropa Birliyinin xarici əlaqələr komissarı Jozep Borrel bildirmişdi ki, Türkiyə və Rusiya Qarabağda da “astanizasiya” həyata (Suriya ilə bağlı Astana anlaşması) keçirirlər və Avropa Birliyini bu məsələlərdən kənarda qoyurlar. “Biz öz fəaliyyətimizdəki boşluqları aradan qaldırmalı və maraqlarımızın masa üzərində olduğu bütün yerlərdə aktiv fəaliyyət göstərməliyik”,- deyə Borrel əlavə etmişdi. Diqqər yetirin, cənab ali komissar “maraqlarımızın” deyir, “münaqişə tərəflərinin maraqlarının” yox. Bəli, son 27 ildə gördüyümüz də elə bu oldu ki, bütün vasitəçi tərəflər Azərbaycanın ərazi bütövlüyü üzərində öz maraqlarını təmin etməyə çalışıblar və bunu bu gün də davam etdirirlər. Odur ki, biz də öz maraqlarımız üçün kimlərəsə boylanmadan özümüz çalışmalıyıq”. Onun sözlərinə görə, söhbət əsla yeni savaşdan, davamlı gərginlikdən getmir: “Diplomatiyamız, siyasətimiz bu istiqamətdə daha aktiv və daha səmərəli çalışmalıdır. Yalnız bu halda aparıcı rolu özümüzə qaytarıb, məsələni həll edə bilərik. Onu da qeyd edim ki, “sülhməramlıların” özbaşınalığının qarşısının alınmasının ardınca Rusiya “5-ci kolonu” indi də yeni “tezis” ortaya atıb: “Rusiya ilə Türkiyə Qafqazda müttəfiqdir”. “Arqumentləri” də eynidir: Hər ikisinə Qərbdən təzyiq var. Sanki Türkiyəyə Qərbdən təzyiq yeni xəbər imiş. Bu gün təzyiq edirlər, sabah da yeyə-yeyə geri qaydacaqlar. Amma bu gedişlə sabah da deyərlər ki, sən demə Türkiyə NATO-nun yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü imiş. Belə görünür, hamısının təlimatı eyni kabinetdə və eyni əməliyyatçılar tərəfindən, amma çox “xalturno” hazırlanıb”.

“Putinin yanaşması həm də onu göstərir ki, Rusiya barışıqda maraqlı deyil”

“Hürriyyət“in məlumatına görə, Azərbaycanın ABŞ və Uruqvaydakı diplomatik missiyasında işləmiş Emin Şaiq İbrahimov isə qeyd edib ki, Putinin yanaşması Rusiyanın barışıqda maraqlı olmadığını göstərir: “Putin neçənci dəfədir ki, münaqişənin Sumqayıtda başladığını deyir və ondan sonra ermənilərin silaha əl atmasına hardasa haqq qazandırır. Konkret deyir ki, bu, etnik konfliktdir. Bu, münaqişənin mahiyyətini və xronologiyasını tamamilə təhrif edir. Biz buna açıq rəsmi münasibət bildirməliyik. Çünki Putin bu narrativi artıq neçənci dəfədir təkrarlayır. Belə gedişlə bu yanaşma oturuşa bilər. Onda bütün baş verənlərin ilk səbəbkarı biz oluruq. Bu, Qarabağ ermənilərinin özünü qoruma haqqını da legitimləşdirmiş olur. Çünki “silahsız olsalar Sumqayıtdakı kimi qırarsız onları” və s. Putinin bu yanaşması həm də onu göstərir ki, Rusiya barışıqda maraqlı deyil. Onsuz da bu, aksiomadır. Əks təqdirdə, tamam başqa narrativ seçərdi, tarixdən tamam fərqli paralellər gətirərdi. O, bizə düşmən olduğumuzu xatırladır”. Emin Şaiq İbrahimovun fikrincə, Ermənistan-Azərbaycan düşmənçiliyi Rusiyanın Qafqazda əsas dayağıdır: “Biz nə qədər çətin olsa da, bu düşmənçiliyin ötəsinə baxmağa çalışmalıyıq. Ya da biz ömür boyu didişəyəcik, Rusiya da burada əbədi arbitr olacaq. Təbii ki, bu, təkcə bizdən asılı deyil. Ermənilər də gərək bunu anlasın və özünü adam balası kimi aparsın”.

Vazeh BƏHRAMOĞLU