Prosineçkinin nəticəsi təkrarlanmamış qalır…

123

Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi postunda rəsmən debüt edən 15-ci baş məşqçi olub. Sport24.az xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis bunu UEFA Millətlər Liqasının ilk turunda Lüksemburq yığmasıyla Bakı Olimpiya Stadionunda 1:2 hesabıyla uduzduğumuz matçda reallaşdırıb.

Millimizin əvvəlki 14 baş məşqçisi üçün ilk rəsmi oyunlar adətən uğursuz alınıb. Təsadüfi deyil ki, bunun çoxunda – 12-də məğlubiyyət qeydə alınıb. Yalnız 3-də meydanı xalla tərk edə bilmişik. Braziliyalı Karlos Alberto Torreslə Qurban Qurbanov Bakıda heç-heçələrlə – müvafiq olaraq 1:1 və 0:0-la debüt ediblər. Yalnız Yurçeviçin həmyerlisi  Robert Prosineçkinin “siftə”si qələbəylə olub. O, Malta yığması üzərində Tofiq Bəhramov adına Respublika stadionunda inamlı qələbə qazanıb – 2:0.

Millimizin tarixindəki baş məşqçikərdən biri olan Ələkbər Məmmədova rəsmi oyun həyəcanını yaşamaq nəsib olmayıb. Bir oyunluq baş məşqçi əvəzi olan Nazim Süleymanov isə bunu yoldaşlıq görüşündə reallaşdırıb. Mahmud Qurbanov da 1 oyunluq baş məşqçi əvəzi olsa da, bu, rəsmi matçda olub.

Maraqlıdı ki, millimizin çalışdırıcılarından artıq 5-ci dəfə rəsmi debütündə 1:2 hesablı məğlubiyyət qeydə alınır. Vaqif Sadıqovdan fərqli Qyoko Hacıyevski ilə Nikola Yurçeviç və indi də de Canni de Byazi “siftə”sində hesabı açdıqlarından rəqibə xeyli çətin anlar yaradıb.

Onu da qeyd edək ki, millimizin daha bir rekordu da Prosineçkiyə məxsusdu. Bu isə seçmə mərhələdə startda qələbə qazanmaqdı. Millətlər Liqasını da nəzərə alsaq, indiyədək 15 dəfə olan rəsmi turnirdə yalnız 1 dəfə ilk oyunda qalib gəlmişik. Bu, DÇ-2018-nin seçmə mərhələsinin startında San-Marino yığmasını hücumçu Ruslan Qurbanovun qoluyla 1:0 hesabıyla məğlub etdiyimiz səfər matçıdı.

Azərbaycan millisinin baş məşqçilərinin rəsmi debütləri

Ağasəlim Mircavadov

AVRO-1996-nın seçmə mərhələ oyunu

7 sentyabr 1994-cü il. Buxarest. Rumıniya – Azərbaycan – 3:0

 

Kazbek Tuayev

AVRO-1996-nın seçmə mərhələ oyunu

11 oktyabr 1995-ci il. Təl-Əviv. İsrail – Azərbaycan – 2:0

 

Vaqif Sadıqov

DÇ-1998-in seçmə mərhələ oyunu

2 aprel 1997-ci il. Bakı. Azərbaycan – Finlandiya – 1:2

Qol: Nazim Süleymanov-pen.

 

Əhməd Ələsgərov

AVRO-2000-in seçmə mərhələ oyunu

26 mart 1999-cu il. Gimaraynş. Portuqaliya – Azərbaycan – 7:0

 

İqor Ponomaryov

DÇ-2002-nin seçmə mərhələ oyunu

2 sentyabr 2000-ci il. Bakı. Azərbaycan – İsveç – 0:1

 

Əsgər Abdullayev

AVRO-2004-ün seçmə mərhələ oyunu

20 noyabr 2002-ci il. Bakı. Azərbaycan – Uels – 0:2

 

Karlos Alberto Torres (Braziliya)

DÇ-2016-nın seçmə mərhələ oyunu

4 sentyabr 2004-cü il. Azərbaycan – Uels – 1:1

Qol: Rəşad Sadıqov

 

Şahin Diniyev

AVRO-2008-in seçmə mərhələ oyunu

2 sentyabr 2006-cı il. Serbiya – Azərbaycan – 1:0

 

Qyoko Hacıyevski (Makedoniya)

AVRO-2008-in seçmə mərhələ oyunu

17 noyabr 2007-ci il. Helsinki. Finlandiya – Azərbaycan – 2:1

Qol: Mahmud Qurbanov

 

Berti Foqts (Almaniya)

DÇ-2010-un seçmə mərhələ oyunu

6 sentyabr 2008-ci il. Kardiff. Uels – Azərbaycan – 1:0

 

Mahmud Qurbanov

AVRO-2016-nın seçmə mərhələ oyunu

16 noyabr 2014-cü il. Bakı. Azərbaycan – Norveç – 0:1

 

Robert Prosineçki (Xorvatiya)

AVRO-2016-nın seçmə mərhələ oyunu

28 mart 2015-ci il. Bakı. Azərbaycan – Malta – 2:0

Qollar: Cavid Hüseynov, Dmitri Nazarov

 

Qurban Qurbanov

UEFA Millətlər Liqası

7 sentyabr 2018-ci il. Bakı. Azərbaycan – Kosovo – 0:0

 

Nikola Yurçeviç (Xorvatiya)

AVRO-2020-nin seçmə mərhələ oyunu

21 mart 2019-cu il. Zaqreb. Xorvatiya – Azərbaycan – 2:1

Qol: Ramil Şeydayev

 

Canni De Byazi (İtaliya)

UEFA Millətlər Liqası

5 sentyabr 2020-ci il. Bakı. Azərbaycan – Lüksemburq – 1:2

Qol: Ramil Şeydayev