“Proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir” – QUBAD İBADOĞLU

156

“Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq”

“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsinin “taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var” fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq 2 qənaətimi bölüşmək istərdim”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Beləliklə, iqtisadçı alim hesab edir ki, proseslər taksi xidmətlərinin də inhisara alınacağına doğru gedir: “Xatırlayırsınızsa, “pomidor taksi”lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir”. Qubad İbadoğlu onu da əlavə edib ki, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir: “Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun. Odur ki, bilin, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org