“Bizim dövr” qəzetinin baş redaktoru və müavini məhkəmə zalından azadlığa buraxıldı – YENİLƏNİB

    15

    Bakı Ağır Cinayətlər Məhkəməsində "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

    Hurriyyet.org xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Surxay Əliyev və Hikmət Nəcəfli barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. S. Əliyev və H. Nəcəfli məhkəmə iclas zalından azadlığa buraxılıblar.

    Sevinc Məmmədsalayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər M. Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyeva barəsində də şərti cəza seçilib./apa/

    ***

    “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Hurriyyet.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

    Prokuror Surxay Əliyevin və Hikmət Nəcəflinin hər birinin 5 il 3 ay, S.Məmmədsalayevanın 6 il 6 ay və M.Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. G.Əliyeva və İ.Qasımovaya isə şərti cəza verilməsini tələb edib.

    İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayət işi başlanıb. Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.