Problemli kreditlər kəskin artacaq – PROQNOZ

90

“SP Global Ratings” beynəlxalq reytinq agentliyi COVID-19 pandemiyasının nəticələri ilə əlaqədar 2020-ci ildə Azərbaycan banklarının balansındakı problemli kreditlərin həcminin artacağını gözləyir.

Agentliyin “Bank sektorunun sahə və ölkə risklərinin qiymətləndirilməsi: Azərbaycan Respublikası” adlı hesabatına əsasən, ölkədə iqtisadi riskin inkişaf tendensiyası sabit olaraq qalır ki, bu da bütövlükdə son 12 ay ərzində balanslaşdırılmış riskləri əks etdirir.

“Biz gözləyirik ki, ölkə hakimiyyəti əvvəlki kimi makroiqtisadi sabitliyin təmin edilməsinə, o cümlədən büdcə vəsaitlərinin idarə edilməsinə hədəflənəcək. Bununla yanaşı, maliyyə sistemi nisbətən zəif olaraq qalır və hələ də düzəliş mərhələsindədir ki, bu da bank sektoruna güclü təsir göstərir. Azərbaycan banklarının balansındakı problemli kreditlərin həcminin və ehtiyatların formalaşdırılmasına çəkilən xərclərin artması buna dəlalət edir. Biz yüksək qeyri-müəyyənlik səviyyəsini nəzərə alaraq ən azı 2020-ci ilin sonuna qədər kreditləşmə templərinin aşağı olacağını proqnozlaşdırırıq”, – deyə hesabatda bildirilir.

Agentlik Azərbaycanın bank sektorunda sahə riskinin inkişafı tendensiyasını sabit olaraq qiymətləndirir.

“Biz bank sektorunun strukturunun dəyişməz qalacağını və aktivlərin yüksək səviyyədə konsentrasiyası ilə xarakterizə olunacağını gözləyirik. Baxmayaraq ki, bank sistemi əsas müştərilərin baza depozitlərinin nisbətən yüksək səviyyəsi ilə fərqlənir və xarici fondlaşdırılma mənbələrindən əhəmiyyətli dərəcədə asılı deyil, son illərdə manatın kəskin devalvasiyası xarici valyutada fondlaşdırılma payının bank müştərilərinin vəsaitlərinin 60%-ni üstələyən səviyyəyə qədər kəskin artması ilə əlaqədar olaraq bankların valyuta aktivlərinin və öhdəliklərinin həcminin uzun müddət uyğun gəlməməsinə gətirib çıxarıb. Bu, 2015-ci ilin dekabrında manatın devalvasiyasından sonra depozitlərin kütləvi şəkildə xarici valyutaya köçürülməsi ilə şərtlənmişdi. Biz xüsusilə 2020-ci ilin I rübündə neftin qiymətinin ucuzlaşması nəticəsində manata təzyiqin artmasını nəzərə alaraq valyuta disbalansının qalmaqda davam edən səviyyəsini əvvəlki kimi risk amili hesab edirik”, – deyə agentliyin analitikləri hesab edirlər.

SP analitiklərinin fikrincə, bank sektorunun risklərini müəyyən edən müsbət amillər arasında xarici aktivlərin böyük həcmini və Azərbaycan hökumətinin borc yükünün nisbətən aşağı səviyyəsini qeyd etmək olar.

Agentliyin mütəxəssisləri mənfi amillər arasında neftin qiymətinin aşağı düşməsi və koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərlə əlaqədar yüksək iqtisadi riskləri, milli valyutanın zəifləməsindən sonra müştərilərin depozitlərinin yüksək dollarlaşma səviyyəsini və nəticədə bank sektorunun valyuta və kredit risklərinin artmasını, həmçinin dünya kontekstində şəffaflığın aşağı səviyyəsini və korporativ idarəetmənin aşağı keyfiyyətini qeyd edirlər.

SP Azərbaycanın bank sektorunu sahə və ölkə risklərinin (Banking Industry Country Risk Assessment — BİCRA) təsnifatı üzrə 9-cu qrupa aid edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit portfeli 4,7% – 14 milyard 585,3 milyon manata qədər azalıb.

Bununla yanaşı, avqustun əvvəlinə milli standartlar üzrə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 62,4 milyon manat (ilin əvvəlindən azalma 16,6% – İF) və ya bütün kreditlərin 7,3%-ni təşkil edir. \\Interfax