Problemlər məngənəsində sıxılan dağ kəndi

    21

    Desəm ki, sovet dağılandan sonra Lerik rayonunun Siyov kəndində heç bir faydalı iş görülməyib, inanın. Sadəcə rayon rəhbərlərinə burada yaşayan adamların problemləri maraqlı deyil. Hətta illər bir-birini əvəz etdikcə, köhnədən qalan sosial obyektləri də dağılıb gedir. Həm də vicdanını, ədalət hissini itirən yerli məmurların Siyovda yaxın illərdə nəyisə dəyişəcəyinə ümid etmək yanlışdır.

    Siyov rayonun böyük yaşayış məntəqəsidir. Elə buranın dərdi də özü boydadır. Yayda toz əlindən, yağış, qar yağanda isə palçıqdan kəndin içinə girmək olmur. Qışın çox hissəsi bu dağlar diyarında işıqlar yanmır. Elektrik dirəkləri iyirminci əsrin 60-ci illərdən qalmadır və bir balaca küləyə, qara bənddir.

    Avtobus marşrutun yoxluğu üzündən camaat rayon mərkəzinə getməkdə sözün əsl mənasında zillət çəkir. Hazırda uşaqların dərs aldığı, vaxtilə kolxoz anbarı üçün nəzərdə tutulmuş iki birmərtəbəli məktəb binası yararsız və dağılmaq üzrədir. Rayon rəhbərləri düz 9 ildir Siyova qaz çəkiləcəyini deyirlər. Qaldı ki, əməli iş görülmür. Ucqar kənddə qazın yoxluğu daha böyük dərdir. Artıq siyovlular evini isitməyə yanacaq odun da tapa bilmirlər.

    Ümumiyyətlə, Siyov kəndinin hazırkı problemləri saymaqla qurtaran deyil. Ayağı yer tutan buranı tərk edir, köməksiz qocaların fəryad səsi ürək dağlayır . Vəziyyət olduqca ciddidir. Hələlik siyovluların haqq səsi eşidilmir. Bu gedişlə dinamik inkişafı ilə bütün dünyaya səs salan Azərbaycanın bir dağ

    kəndi də lap yaxınlarda ömrünü lerikli məmurlara bağışlamalı olacaq.

    Zəfər ORUCOĞLU,

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü