Prezident sərəncam imzaladı: “AzerGold”un səlahiyyəti artdı

60

Prezident İlham Əliyev “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “AzerGold” QSC-nin yaradılması haqqında” 11 fevral 2015-ci il, eləcə də “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamlarında dəyişikliklər edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, “AzerGold”a ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Bundan başqa, sərəncama əsasən, Nazirlər Kabineti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.