Prezident İlham Əliyev: “Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”

72

“Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyyatı aşağı düşməkdədir”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin atılması ilə bağlı tədbirdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, itkilər də azalır.

“İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının “Mingəçevir” İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünki “Mingəçevir” İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır. Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünki hamımız yaxşı xatırlayırıq, iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaq.

Eyni zamanda, bildiyiniz kimi, son vaxtlar bərpaolunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaq”, – deyə Prezident İlham Əliyev bildirib.