“Prezident göstəriş verdi ki, 9 köşkü də 24 saat ərzində bərpa et…”

414

Xanhüseyn Əliyev: “…Bu sözdən sonra Abutalıbov dedi ki, qaytarmıram köşkləri”

“Azad mətbuat yayımı olmasa, azad mətbuat ola bilməz”

“Məqsəd sadəcə olaraq “Qaya” firmasını əlimdən almaq və mətbuatı idarə etmək idi”

Hələ 90-cı illərdən Azərbaycanda nəşr olunan qəzet və jurnalların oxucuya vaxtında çatdırılmasında nümunəvi xidmət göstərən “Qaya” Mətbuat Yayım firmasının ölkədə xüsusi yeri var. Lakin təəssüflər olsun ki, zaman-zaman bir sıra korrupsioner məmurlar bu firmanın fəaliyyətinə də çox ciddi əngəllər törədiblər. Məhz bunun nəticəsidir ki, “Qaya”nın bir çox köşkləri yığışdırılıb, qəzetlərin ölkəboyu yayımının qarşısı alınıb. Bəs, hazırda bu sahədə vəziyyət necədir? Bu və digər sullara aydınlıq gətirmək üçün “Qaya” Mətbuat Yayımı firmasının direktoru Xanhüseyn Əliyevlə söhbətləşdik.

– Xanhüseyn bəy, ilk olaraq “Qaya” Mətbuat Yayımı firmasının nə vaxtdan fəaliyyət göstərməsi haqda məlumat vermənizi xahiş edirik…

– Məlum üçün bildirim ki, mən əvvəllər Baltikyanı ölkə olan Litvada işləyirdim. Orada iqtisadi inkişaf gedirdi və dövlət strukturunda olan iqtisadi quruma alternativlər yaranırdı. Mən Azərbaycana köçdüm və 1993-cü  ildə “Qaya” Mətbuat Yayımı firması rəsmi qeydiyyatdan keçdi. Artıq 27 ildir ki, fəaliyyət göstəririk. Bu tip yayım şirkətinin ilk dəfə Latviyada yaranmağa başlamasına baxmayaraq, onlar çatdıra bilmədilər. MDB məkanında dövlət mətbuat yayım qurumuna ilk alternativi biz yaratdıq. Heç kimdən asılı olmayaraq.

– Bəs yarandığı vaxtdan indiyə qədər “Qaya”nın neçə köşkü olub?

– Biz, ümumiyyətlə fəaliyyətə 22 köşklə başlamışıq. İndi köşklər demək olar ki, yox dərəcəsindədir və vəziyyət o qədər də ürəkaçan deyil.

– Vəziyyətin bu yerdə olmasına səbəb nədir?

– İnhisar, monopoliya.

– Kimin monopoliyasından söhbət gedir?

– Hər şey Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun göstərişi ilə baş verib.

– Zəhmət olmasa bu barədə ətraflı danışardınız. Necə oldu ki, Əli Həsənov monopoliya yaratdı və “Qaya”nın fəaliyyətini əngəllədi?

– Mən onu çoxdan, 2001-cü ildən tanıyıram. O, 2001-ci ildən “Qaya”nın fəaliyyətinin məhvinə cəhd etdi. Prezident Aparatından bir nəfər gəldi. İctimai-siyasi şöbədən deyildi, başqa bir şöbənin müdiri idi. Adam göndərmişdi ki, firmanı təhvil ver, bu, müvəqqətidir, kömək edəcəyik, ayağa duracaqsan. Baxmayaraq ki, “Qaya”nın vəziyyəti çox gözəl idi. Sadəcə, alternativ mətbuat yayımı o deməkdir ki, azad mətbuat yayımı olmasa, azad mətbuat ola bilməz. Nəşr olunan qəzetləri çatdırmalısan, əgər çatdırılma yoxdursa, qəzetlər satılmayacaq və qısa müddətə müflis olacaqlar. O vaxt həmin şöbə müdiri firmanı təhvil almağa gələndə mən imtina etdim. Bundan sonra bizə böyük təzyiqlər başladı. Bu təzyiqlərin başında Əli Həsənov dururdu. Mən birinci dəfə onunla belə qarşılaşmışam. Qısa müddətdə araşdırdılar, yoxladılar, təzyiq etdilər, amma işimizi dayandıra bilmədilər. Bu iki il – 2001-2002-ci illərə qədər davam etdi. Bakıdan, rayondan köşkləri götürdülər. İzləmələr, şər-böhtan kampaniyası başlandı. 2003-cü ilin əvvəlində biz bu kampaniyaya nöqtə qoyduq.

– Sizə konkret nə kimi şərtlər qoydular?

– Konkret “Qaya”nı əlimdən almaq və mətbuat yayımını özlərinin idarə etməsinə çalışmaq. “Qaya”nın işlədiyi vaxt mətbuat azad idi. Dəfələrlə olub ki, hansısa məmurun hansısa qəzetdən narazıçılığı olub, zəng edib deyib ki, bu qəzeti yayma. Demişəm ki, siz özünüz onun nəşrinə icazə verirsiniz, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, mən ona niyə qadağa qoyum, niyə yaymayım? Bu, dəfələrlə olub. Görəndə ki, heç nə alınmır, mən o qəzeti onsuz da yayıram, bu addımı atdılar. Şükür Allaha ki, 2003-cü ildə bu söhbətlərə son qoyuldu. Ancaq köşk problemi problem olaraq qaldı.

– “Qaya” firması əvvəllər də abunə sistemini həyata keçirirdi?

– Bizdə sovet vaxtı da abunə sistemi mövcud idi. İki təşkilat var idi, biri Bakıda, digəri regionlarda işləyirdi. Sovet dövründən qalma abunə sistemi var idi.

– Belə demək olar ki, bu sistemi siz yenidən “Qaya”da qurdunuz?

– Abunə sistemi köhnəlmişdi və işləmirdi. O zaman qəzetin alınması və çatdırılması ilə bir təşkilat məşğul olurdu. Qəzet çapdan çıxırdı, verilirdi poçta, poçt bunu abunəçiyə aparırdı, ya aparmırdı. Biz bu iki işi birləşdirdik.

– Bunu necə təşkil etdiniz?

– Əvvəl həm rayonlarda, həm də Bakıda işləməyə başladıq. Köşklər, abunə vasitəsiylə. Hamısı bir yerdə oldu. Məsələn, bizim poçtalyonumuz öz abunəçimizdir. Qəzet çıxan zaman abunəçi bu qəzeti üç günlük istəyirsə, biz razılaşırıq, abunəçinin istədiyi vaxt qəzeti çatdırırıq. Onlar da görürdü ki, biz bu iki təşkilatın işini görürük, ola bilsin, bu səbəbdən də bizə qısqanclıq edirdilər. Amma mən bunu qısqanclıq saymazdım. Məqsəd sadəcə olaraq firmanı əlimdən almaq və mətbuatı idarə etmək idi ki, ““Qaya”nı sıradan çıxarırıq və mətbuatı idarə edirik”.

– Sizə təzyiqlər olunanda qarşınıza onlara tabe olmaq kimi öhdəliklər qoyulurdu?

– Dəfələrlə olurdu, amma gördülər ki, mənə bunların xeyri yoxdur. Çünki mən bir kəlimə deyirdim ki, əgər siz özünüz bunu qeydiyyatdan keçirmisinizsə, icazə vermisinizsə, niyə öz təqsirinizi mənim üzərimə atmaq istəyirsiniz. Qəzet ona görə çıxır ki, çatdırılsın. Mən də onu çatdıracam. Ona görə bunun altını çəkirdim.

– Nə vaxtsa belə hallar olub ki, “bu qəzetləri çatdırma”.

– Olub belə söhbətlər, dəfələrlə olub.

– Hansı qəzetlərə qarşı olub?

– Məsələn, “Zerkalo” qəzetinə, “Yeni Müsavat” qəzetinə, elə “Hürriyyət”in özünə qarşı olub. Dəfələrlə olub. Ancaq görəndə ki, bizə mətbuatın idarə olunması üçün təzyiq etmək mümkün deyil, ondan sonra başladılar bu addımları atmağa.

-Bildiyimizə görə, bu məsələlərlə bağlı prezidentlə də görüşünüz olub və ondan xahiş etmişiniz ki, sizə qarşı təzyiqlər aradan qaldırılsın. Bu barədə danışa bilərsiniz?

– Belə görüş olub. Səhv etmirəmsə, 2007-ci ildə “Gülüstan” sarayında mətbuatın yubileyi keçirilirdi. Prezident İlham Əliyev də tədbirdə iştirak edirdi. Baş redaktorlarla söhbət edirdik. Baş redaktorlardan biri mənə təklif etdi ki, cənab prezident buradadır, get problemini həll et. O vaxta kimi üstündən 6 il keçsə də, köşklər qaytarılmamışdı. Ağlıma batdı. Əflatun Amaşovla söhbət edirdilər. Yaxınlaşdım prezidentə, gülümsədi və Hacıbala Abutalıbovu çağırdı. Onda başa düşdüm ki, prezident hansı məsələni qaldıracağımı bilir. Hacıbala Abutalıbov gəldi, dördlükdə söhbət etdik. Abutalıbova birinci sualı bu oldu ki, “köşkləri niyə götürmüsən?”. Mən heç açıqlama vermədim ki, problemim nədir. O, özü bilirdi. Abutalıbov da başladı hekayə danışmağa ki, qeyri-qanuni qoyulmuşdu. Mənim də yanımda yalan danışanda dözə bilmirəm. Amma bilirəm ki, bu ağ yalandır. Mən bilirdim bu kimin oyunları, kimin təzyiqləri idi. Dözə bilmədim, Abutalıbova dedim ki, Hacıbala müəllim, ayıbdır, bu sözləri mən 6 ildir eşidirəm.

– Sizin sözlərinizə Abutalıbov necə reaksiya verdi?

– Susurdu. Dedim ki, siz baxın kimə məlumat verirsiniz ki, bu köşklər qeyri-qanuni idi. Mənə cavab vermədi. Cənab prezident məni sakitləşdirdi və Abutalıbova daha bir sual verdi ki, köşklərin dizaynı nə cürdür? Fikirləşdim ki, o, yenə yalan danışsa özümü pis hiss edəcəyəm. Ancaq Allah var, dedi ki, cənab prezident, köşklərin dizaynı Avropa standartlarına cavab verir. Belə deyəndə prezident gülümsədi dedi ki, bəs niyə götürdün? Abutalıbov yenə susdu. Yəqin ki, prezidentə Əflatun Amaşov məlumat vermişdi. O dedi ki, neçə köşk götürülüb? Dedim 9. Göstəriş verdi ki, 9 köşkü də 24 saat ərzində bərpa et və mənə məlumat ver. Mən cənab prezidentə təşəkkür etdim, ayrıldım.

– Köşklər bərpa olundu?

– Yenə yaxınlaşdım baş redaktorlara, dedilər sabaha saxlama, get məsələni indi həll et Hacıbala müəllimlə.  Mən bilmirdim ki, nə söhbətdi. Başladım Hacıbala müəllimi axtarmağa. Gördüm Ramiz Mehdiyevlə Abutalıbov söhbət edir. Mən bunların yanına gəldim, onlar ayrılıb, hərəsi bir tərəfə getdi. Yaxınlaşdım Elmira Axundovaya, o şəxsin “Qaya”nın qorunmasına böyük rolu var. Elmira Axundova məni Hacıbala müəllimə təqdim etdi ki, xahiş edirəm Xanhüseyn müəllimə kömək edin. Dedim cənab prezident göstəriş verdi ki, bərpa olunsun. Elmira xanım çox sevindi. Bu sözdən sonra Abutalıbov dedi ki, qaytarmıram köşkləri. Təsəvvür edirsiniz, mən bu sözlərdən şoka düşdüm.

– Necə olur ki, prezident göstəriş verir, amma Abutalıbov əməl etmir, saymamazlıq edir…

– Mən düşündüm ki, Ramiz Mehdiyevlə danışan zaman Abutalıbov bu qərara gəlib. Şok içində Abutalıbova dedim ki, necə qoymursunuz, axı prezident göstəriş verdi?! O, yenə dedi ki, qoymuram.

– Deməli, Hacıbala Abutalıbov prezidentin yox, Ramiz Mehdiyevin göstərişlərini yerinə yetirib?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

******

-Mən belə düşündüm. Belə çıxır ki, verilən göstərişi dəyişirlər. Çünki, verilən göstərişi kiminsə ləğv etdiyini gördüm. Yəqin ki, bunu edən Ramiz Mehdiyev idi, çünki Hacıbala müəllim o addımı ata bilməzdi.

-Demək hələ də bu vəziyyət davam edir?

-İndiyə kimi o köşklər bərpa olunmayıb.

-Bəs hansı addımı atmağı düşünürsünüz?

-Heç bir addım atmaq istəmirəm, yorulmuşam. 2001-ci ildən çalışıram, 19 ildir. Bu cütlük ki var…

-Hansı cütlükdən söhbət gedir?

-Əli Həsənov-Ramiz Mehdiyev cütlüyü. 2010-cu ilə qədər mən Əli Həsənovun bacarığına hörmət etmişəm. Çünki o məmur kimi qəlibə girmirdi. Hər dəfə yeni üsullardan istifadə edirdi. Mən ona həmişə deyirdim ki, bir dənə mətbuat yayım orqanı yaradın və görün ki, qəzetdən qəpik-qəpik pul qazanmaq nə deməkdir. Siz onu başa düşsəz bəlkə məni rahat buraxarsız. Dilimin bəlasını çəkdim. 2000-ci ildə Kaspi mətbuat evini yaratdı. Onun ardınca Azərmətbuat yayım evini özəllləşdirdi. Qara günlərimiz bundan sonra daha da çoxaldı. İndiyə kimi də davam edir.

-Nələr başladı?

-Monopoliya başladı. Məsələn prezident aparatından abunəçilərin hamısını keçirtdi Kaspinin abunəsinə. Açıq-aydın zəng edirdilər bütün təşkilatlara, evlərə, ictimai təşkilatlara deyirdilər ki, Qaya mətbuat yayımından çıxın, Kaspi mətbuat yayımına abunə olun. Təsəvvür edirsiz, balaca bir təşkilat var idi, sahibkarlıq fondu təşkilatı. Onlara da təqyiq edirdilər. Heç kim bunlarla üz-üzə gəlmək istəmirdi. Qorxurdular. Mənim əlimdən 9 qəzetin abunəsini alıb. Bir ayda qazansam 9 qəzetdən iki manat qazanaram. Mənə deyirdilər ki, bağışlayın Xanhüseyn müəlim, biz çox şadıq sizinlə işləməyə, şərtləriniz sərfəlidir, nə vaxt istəyirik çatdırılmanı edirsiz, amma mən ayrılmalıyam sizin firmadan. Əli Həsənovla görüşəndə dedim ki, böyük dövlət təşkilatlarının hamısını məndən alırsan. Mən dinmədim ki, bəs bu 9 qəzeti məndən niyə alırsan? Dedi ki, 9 qəzetlə sənə nə olacaq? Deyirəm 9 qəzetlə mən bir ayda iki manat qazanırdım. Biz də bir təşkilatıq, işləmək, yaşamaq istəyirik. Bacarırsan öz qabiliyyətinlə get qabağa. Bacarmırsan ictimai-siyasi şöbədən niyə zəng etdirirsən. İctimai-siyasi şöbənin 90% əməkdaşları abunə kampaniyasında abunəçilərə zəng edirdilər. Ən çox da Mətanət xanım. Kimə zəng edirsən deyir mənə Mətanət x, Nurlana dedi ki, çıx Qayanın abunəçiliyindən. Elə bil həddə çatdım. İnhisarçılıq Azərbaycanı ölümə yox, uçuruma aparır. İnsan öz bacarığı ilə irəli getməlidir. Bizdə belə deyil. Sən kiməsə bağlı olmalısan. Kiməsə bağlı deyilsənsə sənin qarşında qırmızı işıq var. Lap başını divara vursan da irəli keçə bilmirsən. Bu çox pisdir. Azərbaycanın inkişafını dayandırır. Həqiqətən dayandırır. Buna baxmayaraq biz yenə işlədik. 2006-cı ilə kimi qanun əsasında mübarizə etmişəm. Bacarığımızla, qanunla. Bir təşkilatı bizdən alıb, mən on yerə gedirəm, kataloq verirəm, evlərdən on abunəçi tapıram ki, o boşluğu doldurum, dövriyyəni saxlayım. Ancaq növbəti addım 2015-ci ildə atıldı.

-Necə zərbə vuruldu?

-Nazirlər kabinetinin 2005-ci ildə qərarı var idi. Mətbuata tətbiq olunan əlavə dəyər vergisinin ləğvi haqqında qərar qəbul etmişdi. Ancaq 2015-ci ildə Nazirlər kabineti mətbuata tətbiq olunan əlavə dəyər vergisinin ləğvi haqda qanunun aradan qaldırılması haqda qərar verdi. Bu çox səhv addım idi.

-Bu qərarın mahiyyəti nədir?

-Mahiyyəti odur ki, ölkəyə idxal olunan qəzet kağızlarına və abunəçilər üçün qəzet və jurnallara əlavə dəyər vergisi ödənilsin.

-Bildiyimizə görə mətbuat ƏDV-dən azaddır axı.

-Bəli, qanunla. Amma Gömrük Komitəsi qanunu yox, Nazirlər Kabinetinin verdiyi qərarı rəhbər tutdu. Bu absurddur. Var normativ sənədlər haqqında, var konstitusiya aktı. Qanun olan yerdə qərarın qüvvəsi yoxdur. Əvvəlcə Gömrük Komitəsinə aparıb qanunu göstərdim ki, qanun var, nə olsun qərar verilib. Məni başa düşdülər, təklif etdilər ki, bunu dayandırmaq üçün sənəd lazımdır. Biz icraedici orqanıq. Siz verin məhkəməyə, məhkəmədə görüşək. Məhkəmə hansı qərarı çıxarsa biz qəbul edəcəyik. Appelyasiyaya getməyəcəyik. Mən də inandım. Bu mənim böyük səhvim idi. Deyir sən saydığını say gör fələk nə sayır. Birinci məhkəmə qərar çıxartdı ki, Gömrük Komitəsinin ƏDV-ni tələb etməsi qadağan olunsun. Aydın müəllim apelyasiyaya verdi, appelyasiya da bizim xeyrimizə qərar verdi. Ali məhkəməyə Gömrük Komitəsinin sədri Aydın Əliyev təzyiq etdi. Qanunda belə yazılır ki, “alqı-satqı” vergidən azaddır. Ali Məhkəmə belə bir qərar çıxartdı ki, orada –alqı sözü var. Alqı sözü ora səhv düşüb. Sonradan bildim bu nə söhbətdir. Martda biz Gömrük Komitəsi ilə görüşəndə bu qərarı dayandıracaqdılar. Amma Əli Həsənov Gömrük Komitəsinə göstəriş verə bilməz, bunu bir adam bacarardı.

-Kimi nəzərdə tutursunuz?

Ramiz Mehdiyevi. Məhkəmələrə o göstəriş verirdi. Gömrük Komitəsinə də o cümlədən. Onlar bilirdilər ki, məni məhv edirlər. 2015-ci ilə qədər mən dövlətə 150 min manat vergi verirdim. İndi verirəm ildə ən çoxu 30 min. Təsəvvür edin 313 nəfər işçi işləyirdi Qayada. İndi 70 nəfər işləyir. Bir nəfərin ambisiyasına görə kim uduzdu? 230 nəfər işini itirdi, büdcə hər il 120 min manat itirir. Deyim ƏDV məbləği böyükdür, yox, məbləğ 2 min manatdır. Prinsip söhbəti var idi ki, Qaya məhv olunsun, monopolistlər qalsın. Hazırda işləyən 3 mətbuat yayımı firmasından Azər mətbuat yayım və Kaspi Əli Həsənovundur. İndi Qaya da yoxdur. Pis-yaxşı işləyirdik. Vəziyyət acınacaqlıdır. Azərbaycanın ən böyük bəlası korrupsiyadırsa, ikinci onu doğuran bəla monopoliyadır. Sərbəstlik verilməlidir insanlara, qanunu pozmursan, işləyirsən, bacarığın varsa keç irəli, formalaş, böyü. Daha çox pul qazan. Bacarmırsan çəkil kənara. Ancaq indi məmurlar dövlətin gücündən, səlahiyyətlərindən, adından istifadə edərək öz şəxsi bizneslərini qururlar. Faciədir bu.

– Sonda vəziyyəti düzəltmək üçün hansı tədbirləri görməyi düşünürsünüz?

-Mən dialoq tərəfdarıyam, amma Ali Məhkəmə qərar çıxardıb ki, alqı sözü qanuna səhvən düşüb. Mən kimə müraciət edim? Məhkəmənin saxta qərarına qarşı təzədən  məhkəməyə müraciət etməyə ixtiyarım yoxdur. Təzədən yazışmalar, məktublar etmək lazımdır, çünki o  insanlar artıq yoxdur. Nə Aydın Əliyev, nə Ramiz Mehdiyev, nə də Əli Həsənov yoxdur.

-Düşünürsünüz ki, bu fakt vəziyyətin dəyişməyinə faydalı olacaq?

-Azərbaycanda gedən iqtisadi islahatları çox adam görmür. Mən hüquqşünasam, həm də iş adamıyam. Mən bunları görürəm. Atılır bu addımlar. Azərbaycanın daha da güclü olmasını istəyən insanlar çoxdur və günü-gündən də çoxalır. İnanıram ki, hər şey bərpa olacaq. Əsl normal sahibkarlıq, normal məmurluq olacaq. Məmursan məmurluğunu et. Ancaq dövləti adından və gücündən mənə qarşı istifadə etmə. Dövlət iqtisadiyyata qarışmamalıdır. Hər yerdə belədir, Avropada da belədir. Dövlət qanunları tənzimləyir ki, sahibkarlıq inkişaf etsin.