“Prezident Elçibəyin bizdən istədiyi variantı təşkil edə bilmədik…” – PARTİYA BAŞQANI

216

Müsahibimiz Turan Partiyasının başqanı Cahandar Bayoğludur. Onunlsa söhbətimizdə AXC hakimiyyəti dönəmində baş verən bir sıra proseslərə aydınlıq gətirməyə çalışdıq.

– Cahandar bəy, yazılarınızda bildirmisiniz ki, Elçibəy hakimiyyətdən devriləcəyini bilsə də, rus qoşunlarının Azərbaycandan çıxarılmasına qərar verdi. Nəyə əsasən bu fikirdəsiniz?

– Bilirsiniz, Elçibəy hər kəsdən fərqli olaraq rus imperiya rejiminin mahiyyətini çox gözəl bilirdi. O, Prezident seçilmə ərəfəsində – öncə də, sonra da – kimlərlə olduğunu gözəl bilirdi. Prezident seçkilərinə qədər bir çox kadrlar yerlərini artıq almışdılar. Önəmli postlarda Xalq Hərəkatının nümayəndələri yer tutmuşdu. Oktyabr ayına kimi hər şey gözəl idi, görüntüdə vahid komanda üst səviyyədə idi. Oktyabr ayından sonra hərbi səhnədə uğursuzluqlar başladı. Və artıq daxili sabitliyin pozulması göz önündə idi. Naxçıvan Məclisinin sədri Heydər bəyə etimadsızlıq, Bakıdan top-tüfənglə getmək cəhdi, Prezidentə sui-qəsd cəhdləri – bütün bunlar o zamana təsadüf edir ki, Azərbaycan Müdafiə Komitəsində Qarabağa muxtar status verilməsinin əleyhinə qərar verilmiş, ABŞ diplomatiyası istəyinə nail ola bilməmişdi. Xatırladım ki, həmin toplantıda muxtariyyətin olmasına, yəni Elçibəyin təklifinə tək Tofiq Qasımov səs vermişdi. Görünən odur ki, Moskva Elçibəyi devirmək niyyətində Qərb dövlətlərinin incikliyini diqqətə almışdı.

“Moskva Elçibəyi Rusiya üçün böyük təhlükə görürdü”

Azərbaycan xəyanət içindəydi, 10-a yaxın adama Prezidentlik söz verilmişdi. Moskva Azərbaycanın bağımsız siyasətindən narahat idi. Üstəlik, Azərbaycan iqtisadiyyatının getdikcə inkişaf etməsi də qonşu dövlətləri narahat edirdi. Bütün bunlara paralel olaraq, Türk kimlik hərəkatı Rusiya daxilində və Orta Asiyada güclənirdi. Bu səbəblərdən Moskva Elçibəyi Rusiya üçün böyük təhlükə görürdü. Təhlükəsizlik Şurasının toplantıları Azərbaycana həsr olunurdu. Prezident Yeltsin və baş nazir Qaydar Elçibəyə tərəfdi. KQB, hərbi generallar, hərbi sənaye kompleksi isə Elçibəyə qarşıydı. Analoji olaraq bu strukturların Azərbaycandakı adamları da Elçibəyə qarşı yönəlmişdi. Elçibəy onu yıxacaqlarını artıq bilirdi. Müxtəlif tədbirlər görürdü və variantlar üzərində işləyirdi. Belə bir variantlardan birini də yanvarın 10-da olan görüşümüzdə, yəni AXC İcraiyyə Komitəsinin 6 üzvü ilə birlikdə olan görüşdə bizimlə müzakirə edib, bəzi tapşırıqlar vermişdi. Təəssüf ki, bizə qarşı olan pozucu fəaliyyətlər nəticəsində Prezidentin bizdən istədiyi variantı təşkil edə bilmədik…

“Yeltsin tək qaldı, Təhlükəsizlik Şurasında Elçibəyin yıxılması üçün qərar verildi”

– Sirr deyilsə, Elçibəy sizdən hansı variantı istəmişdi və kimlər buna mane oldu?

– Bu, nə variantdı, kimlər mane oldu, bu haqda zamanı gələndə danışacağıq. Amma hələlik onu deyim ki, 1993-cü ilin fevral ayında Qaydar hakimiyyətdən getdi, yerinə generalların adamı Çernomırdin gətirildi. Yeltsin tək qaldı, Təhlükəsizlik Şurasında Elçibəyin yıxılması üçün qərar verildi. Paralel olaraq Rəhim Qazıyev, Surət Hüseynov vəzifələrindən alındı. Qarabağda hücumlar gücləndirildi. Fizuliyə birinci hücum uğursuz olsa da, Kəlbəcərin işğalı baş verdi. Fizulidə ikinci təhlükə yarandı və qarşısı alındı. Elçibəy Yeltsindən rus qoşunlarının çıxarılmasını tələb edirdi. Hər kəsin öz oyunu vardı, Elçibəy ruş qoşunu olmayan Azərbaycan istəyirdi. Üstünə gələnləri də bilirdi, yanında olanların da kim olduğu ona çox yaxşı bəlli idi.

“Moskva Azərbaycandan qisas alma planını işə salıb, 4 iyun qiyamını törətdi”

– Belə demək olarmı ki, Rusiya daxilində də rus qoşunlarının Azərbaycandan çıxarılmasına qarşı olmayan qüvvələr olub?

– O zaman Moskvada da siyasi güclər çoxbaşlıydı, Rusiya Ali Sovetinin sədri Xaspulatov olmaqla, generalların bir qismi bütün Sovet məkanında yeni hərəkətlənmə başladıb, Moskvada Yeltisini yıxıb, yeni KQÇP gerçəkləşdirmək istəyirdilər. Bu proseslərə artıq Azərbaycan da, Ermənistan da cəlb edilirdi. Proses fevral ayından başladılmışdı. Azərbaycanda bu siyasətin ayaq izləri vardı. Xaspolatov bir sıra adamlarla görüşürdü.

26 may 1993-cü ildə rus qoşunları Azərbaycandan çıxarıldı və Moskva Azərbaycandan qisas alma planını işə salıb, 4 iyun qiyamını törətdi.

– Sizcə, Moskva Elçibəyi devirməklə, Azərbaycanda tam olaraq isəyinə nail ola bildimi?

– Doğrudur, 4 iyun qiyamı baş tutdu, amma Moskva istədiyini ala bilmədi. Bu, ayrı bir mövzudu…

– Yeri gəlmişkən, AXC hakimiyyəti dönəmində MTN rəhbərinin birinci müavini postunu tutan Sülhəddin Əkbər deyir ki, bu qiyamın pərdəarxasında Heydər Əliyevlə Elçibəyin fevral ayında baş tutan danışıqları və hakimiyyətin təhlil verilməsi planı yatır…

– Sülhəddin Əkbər diletant dedektiv kimi danışır, özünün uğursuzluğuna don geydirmək istəyir. Sülhəddin bəyi sanki dindirənlər, danışdıranlar vardı. Məncə, bundan artığını danışmayacaq. Fikir verdinizsə, Pənah bəy TV açıqlamasında ona ciddi mesajlar göndərdi ki, “danışarsan, danışaram”.

“İsa Qəmbər, Sülhəddin Əkbər və digərləri öz aralarında “heç-heçə”yə razılaşacaqlar”

– Sizcə, İsa Qəmbər və Sülhəddin Əkbər Sizin mətbuat vasitəsilə onlara ünvanladığınız yazılı suallara cavab verəcəkmi?

– Verməyəcəklər. İsa Qəmbər, Sülhəddin Əkbər və digərləri öz aralarında “heç-heçə”yə razılaşacaqlar və onlar buna məcburdurlar.

– Yenə üstüörtülü danışırsınız. Axı, bütün bu qaranlıqlar nə zaman açılacaq?

– Məncə, yaxın üç ildə hər şey açılacaq. Azərbaycanda siyasi fiqurlar dəyişəcək, siyasət təmizlənəcək.

Hurriyyet.org