Prezidentə xəyanət: Çox pis hadisələr ola bilər…

57

Vandalizm və vandallar haqqında, yəqin, az-çox eşitmisiniz. Maddi-mədəni dəyərləri, abidələri məhv edənlərə vandallar deyilir.

Bugünlərdə öyrəndim ki, vandallar Azərbaycana sızıb və artıq müəyyən qorxunc aktlar törətməyə başlayıblar. Bu aktlardan biri də dünya səviyyəli bəstəkarımız, mərhum Elza İbrahimovanın adına açılmış Yutub kanalının silinməsidir. Kanalı kim silib, niyə silib – burası mənə maraqlı deyil. Elza xanımın kanalında 800-dən çox video – bəstəkarın ifaları, ona bəstələnmiş bir-birindən gözəl mahnılar olub.

Bu kanalın silinməsi birbaşa Azərbaycana zərbədir. Çünki dünyanın dördbir yanında olan əcnəbilər bu ifaları dinləyib Azərbaycanı, onun mədəniyyətini tanıyırdılar.

Şəxsən mən Afinada olanda əcnəbilərə Elza xanımın musiqilərini dinlətmişdim, heyrətlənmişdilər.

Ölkə başçısı çıxışlarında Azərbaycan mədəniyyətinin, tarixinin beynəlxalq aləmdə təbliğinin önəmli olduğunu deyir. Demək, Elza xanımın kanalını sildirən bu “vandallar” təkcə mədəniyyətimizə yox, elə Prezidentin siyasətinə də zərbə vurublar.

Bu Yutub terrorçularının hücumu bununla kifayətlənməyə də bilər: bu gün Elza xanımın videolarını sildirənlər sabah Qarabağla bağlı həyati əhəmiyyətli kadrları da sildirə bilərlər. Mədəniyyətimizə düşmən olan kəslər tariximizə də düşməndirlər. Ona görə də aidiyyəti qurumlar hərəkətə keçib, bu şəxslərin qarşısını almalıdır. Əks halda çox pis hadisələr ola bilər.

Məsələn, ötən gün bir tanışım yazmışdı ki, əgər bu vandallar mənim Yutub kanalıma hücum etsələr və kanalım bağlansa, bu əməli edənləri dünyanın axırında olsalar da, tapıb öldürərəm.

Sizə zarafat gəlməsin. İki il öncə iranlı bir qadın ABŞ-da Yutubun baş ofisinə hücum edib 5 nəfəri güllələmişdi. Nə qədər ki, ABŞ-da eşidilən atəş səslərini Bakıda eşitməmişik, bununla bağlı təcili tədbilər görmək lazımdır.\\Axar