“Postpandemiya dövründə bu iri itkilərin yaratdığı fəsadların altından çıxmaq çox çətin olacaq” – NEMƏT ƏLİYEV

120

“ÜDM-in son 3 aylıq həcmi 4,2 milyard manat və ya 22 faiz azalıb. Çox böyük itkilərlə üz-üzə gəlmişik. Əgər 2019-cu ilin mart, aprel və may aylarında 19,1 milyard manatlıq ÜDM istehsal olunubsa, 2020-ci ilin mart, aprel və may aylarında bu göstərici 14,9 milyard manata düşüb”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Nemət Əliyev qeyd edib.

“İctimai iaşə obyektlərində 41 faiz itki əmələ gəlib”

Əliyev nəzərə çatdırıb ki, mart ayında 884 milyon manat (13 faiz) təşkil edən itkilər, apreldə 1,6 milyardın üzərinə (28,5 faiz), mayda isə 1,7 milyardın üzərinə (25,3 faiz) yüksəlib: “Cari ilin yanvar-may aylarında ÜDM istehsalı ötən ilin eyni dövrünə nəzərən 3 milyard manat azalıb. İtkilər sənayedə 3,7 milyard manata və ya 26,4 faizə yüksəlib. Tikintidə 17 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə obyektlərində isə 41 faiz itki əmələ gəlib”.

“Gecikmədən mövcud idarəetmə sisteminin islahına başlanılmalıdır”

N.Əliyevin fikincə, postpandemiya dövründə bu iri itkilərin yaratdığı fəsadların altından çıxmaq çox çətin olacaq:“Bu işdə ölkənin qeyri-neft sektorunu şikəst vəziyyətə gətirib çıxaran hökumətə qətiyyən güvənmək olmaz. Oğru, kasıbın qəpik-quruşuna göz dikən rayon icra başçılarını, rüşvətxor və korrupsioner nazirləri, müavinləri özünə dayaq edən iqtidara arxalanamaq isə “Qaş düzəldən yerdə göz çıxarmaq” kimi bir şeydir. Odur ki, gecikmədən mövcud idarəetmə sisteminin islahına başlanılmalıdır”.

Şamo EMİN, Hurriyyet.org