“Postpandemiya dövrünə də hazır olmalıyıq” – Dövlət başçısı

72

“Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir.

Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında deyib.

“Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq. İlk günlərdən biz bunu etmişik.

Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir.

Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq. Bununla bərabər olaraq, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salacağıq.

Çünki hazırda bir neçə ölkə artıq öz sərhədlərini və bir çox obyektlərini açıbdır, turistləri qəbul etməyə başlayıbdır. Ancaq biz həmin ölkələrdə nəyi görürük? Onu görürük ki, orada xəstələrin sayı kəskin artıb. O cümlədən inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, avqust ayında xəstələrin sayı ən pik həddə çatıbdır, hətta aprel ayının səviyyəsinə qalxıbdır.

Baxmayaraq ki, aprel ayından yay aylarına qədər bütövlükdə dünyada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Yəni, bu, nəyi göstərir, bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir – məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir”, dövlət başçısı bildirib.