Polislə mollanın məhkəmə çəkişməsi: “Şəklimi gizlin çəkdi…” – FOTO

114

Zərdab rayonunda “Cümə” məscidinin imamı Şahsuvar Əmiraslanov barəsində karantin qaydalarını pozmağa görə inzibati protokol tərtib edildikdən sonra məhkəmə imamın cəzasını ləğv edib.

Hurriyyet.org bildirirki, məsələ ilə bağlı “MediaPost”a danışan Ş.Əmiraslanov bildirib ki, hadisə iyul ayının əvvəli olub.

“Rayonda yaşayan həmkəndlim zəng edərək bildirdi ki, həyat yoldaşım rəhmətə gedib. Mən də məscidin imamı olaraq cənazə evinə gedib oraya toplaşanlara da bildirdim ki, karantin qaydalarına əməl olunmalıdır. Bu səbəbdən rayondan kəndə dəfn üçün cəmi iki minik maşını getdi. Yəni 8 nəfər adam. Kənddə də mərhumun qohumları bu 8 nəfərə qoşularaq dəfnə gəldilər. Toplasan, cəmi 20 nəfər adam var idi, ya yox”, – o, “MediaPost”a açıqlamasında bildirib.

Məscidin imamı necə cərimələndiyindən də danışıb. O bildirib ki, kəndin sahə müvəkkili dəfndə iştirak edirdi: “Sonra birdən yoxa çıxdı. Sən demə, mənim şəklimi çəkib gedib. Evə qayıdandan sonra polisə dəvət olundum. Polis karantin qaydalarını pozduğumu əsas gətirərək mənə inzibati protokol tərtib etdi. Mən bununla razılaşmayıb məhkəməyə müraciət etdim. Məhkəmə də ədalətli qərar çıxararaq cəzamı ləğv etdi. Lakin polis yenə də əməlindən əl çəkmir. İndi isə işi Şəki Apellyasiya Məhkəməsinə göndəriblər”.

Qeyd edək ki, həmin dəfndə iştirak edən 3 nəfər də cərimələnib.