Özbəkistan prezidenti Şövkət Mirziyoyev şəxsi təhlükəsizlik xidmətinin rəhbəri Abdurahim Mominovu işdən çıxarıb, Daşkənd yol polisinin rəhbəri Barat Mamenov isə həbs olunub.
Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, məlumatı “Azadlıq" radiosunun özbək xidmətinə təhlükəsizlik xidmətinin anonimlik şərtilə danışan iki əməkdaşı verib.
Onların deməsinə görə, Mirziyoev aprelin 23-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la birlikdə Daşkənddə gəzərkən polis maşınının sirena verərək onların yaxınlığından keçməsinə qəzəblənib.
Mənbələr bildirir ki, Mominov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə keçirilib, Mamenov isə beş gün həbsdə saxlanıb. Mamenovun aprelin 28-də buraxıldığı, aprelin 30-da yenidən saxlandığı, otağından “əlləri qandallı aparıldığı” bildirilir.
Bu məlumatı rəsmi təsdiqlətmək mümkün olmayıb.