Polis aksiyaçıları niyə rayonlara aparıb, çölün düzündə sərbəst buraxır?

27

Tofiq Yaqublu: “Azərbaycan dövləti rəsmən öz vətəndaşlarını aşağılayır”

Gültəkin Hacıbəyli: “Vətəndaşları dinc etirazlara görə təqib etmək qanunsuz əməldir”

Fevralın 16-da REAL, Müsavat partiyaları, D 18 Hərəkatı və bəzi müstəqil namizədlər MSK binası qarşısında etiraz aksiyası keçirmək istəsələr də, bu cəhdlərinın qarşısı polis tərəfindıən alındı. Belə ki, parlament seçkilərinin nəticələrinə etiraz edən siyasi partiya rəhbərlərini, sadə vətəndaşları  avtobuslara doldurub, ölkənin fərqli rayonlarında buraxdılar ki, bu da ölkəmiz adına çox biabırçı hadisədir. Görəsən, vətəndaşları şəhərdən uzaq hansısa rayonun ərazisində aparmaqda məqsəd, niyyət nədir? Beynəlxalq təzyiqlərdən çəkinərək, aksiyaçıları həbs edə bilmirlər, yoxsa onları aşağılamaq istəyirlər?

“Mən inanmıram ki, Afrikanın banan ölkələrində belə, bu cür davranış sərgiləsinlər”

Картинки по запросу "Tofiq Yaqublu"

“Hürriyyət”in sualını cavablandıran Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirdi ki, məqsəd kifayət qədər aydındır: “Hakimiyyət kütləvi toplaşmaların olmaması üçün min cür üsul fikirləşir, ya gələnlərin qabağını kəsir, ya evdən çıxmamış həbs edir, ya döyür, ya cinayət işi  qaldırır. Bu da bir cür taktikadır. İllər öncədən bu taktikanı tətbiq etməyə başlayıblar. Hakimiyyət baxır ki, dünyanın gözü burdadır, yəni ATƏT-in müşahidə missiyası buradadır və bu zorakılıqlar elə-belə ötüşmür. Çünki hakimiyyətə söz gəlir, iradlar, tələblər var. Ona görə də elə etmək istəyir ki, nə şiş yansın, nə kabab. Yəni bu qədər adamı polis idarəsinə aparıb, onları inzibati həbs etmək, məsələni qaldırmaq çətin görünür ki, sonra Avropa Məhkəməsinə şikayətlər gedir.  Amma həm də insanların toplaşmasını istəmirlər. Ona görə, mümkün qədər uzaq yerə aparıb düşürürlər, bilirlər ki, təzədən qayıdıb, aksiya keçirə bilməyəcəklər.

Əlbəttə, bu, çox biabırçı, barbar bir üsuldur, ayıbdır. Mən inanmıram ki, Afrikanın banan ölkələrində belə, bu cür davranış sərgiləsinlər.  Azərbaycan dövləti rəsmən öz vətəndaşlarını aşağılayır, ələ salır. Bir var, onun hüququnu pozasan, yəni mitinq keçirməyə qoymursan, bir də var, onu aşağılamaq, təhqir etmək. Durub orada Paşinyanla belə, elə danışdı. Boş-boş şeydir. Sən öz vətəndaşına, xalqına, dövlətinə hörmət etməyəcəksənsə, dünya sənə hörmət etməyəcək”.

 “Bu etirazları daha ciddi qüvvələr təşkil etsəydi…”

T. Yoqublu hesab edir ki, insanların şəhərdən uzaqlaşdırılması onların etiraz səsinin ucaltmasının qarşısını ala bilməyəcək: “Sadəcə olaraq mən hər dəfə deyirəm ki, şüarların, tələblərin ulağa, ürəyə yatan olması vacibdir. Bunları kimin səsləndirməsi daha vacibdir. Əlbəttə, seçki saxtakarlığı olub, buna da etiraz olmalıydı. Amma qəbul edək ki, bu etirazı seçki prosesinə qatılan təşkilatlar təşkil etmişdi. Çox zəif təşkil etmişdilər. Ümumiyyətlə, mitinqə hazırlıq, təbliğat, çağırışlar yox idi. Bakı Şəhər İcra Hakimiyyətinə tərəddüdlə müraciət etmişdilər. Heç rəhbərlərin çağırışları yox idi. Baxın, Milli Şura mitinq təyin edəndə dərhal fırtına qopur, mətbuatda, sosial şəbəkələrdə, internet televiziyalarda çağırışlar, plakatlar sistemli olaraq dayanmadan yayılır. Məsələn, partiya rəhbərlərinə baxın, heç kəs çağırış etmir. Bu, aksiyanın zəif alınmasının bir səbəbidir. İkincisi də baxın, REAL Partiyası indiyə qədər mitinqləri lazımsız bir şey, vacib olmayan bir vasitə adlandırıb, ələ salıb, hətta bunu İlham Əliyevə xidmət adlandırmışdı. Amma axırda özü də o vasitəyə müraciət etməyə məcbur oldu. Biz vaxtında ona deyirdik ki, mitinqə qatılmamaq, təşkil etməmək bir ayrı şey, amma bu real, dünyada qəbul olunmuş mübarizə metodunu aşağılamayın. Bu, İlham Əliyevin mənafeyinə uyğundur. Bu, vacib, demokratik bir üsuldur, vasitədir. Bax, indi bu yerə gəldi çatdı. Amma mənə elə gəlir ki, bu etirazları daha ciddi qüvvələr təşkil etsəydi, daha ciddi effekt alınacaqdı və bu seçki saxtakarlığı elə-belə keçməyəcəkdi. Əlbəttə, cəmiyyətin digər ciddi probemlərlə birlikdə buna etirazları gələcəkdə də davam edəcək və daha effektli etirazlar olacaq”.

 “İlham Əliyev bir daha Azərbaycan cəmiyyəti üzərində qələbə çaldı”

“Biz seçkilərə qatılanları heç bir  halda satqın, xəyanətkar adlandırmırıq. Sadəcə olaraq iki münasibət var: iştirak etmək, ya etməmək. Biz deyirdik ki, seçkilərdə indiyə qədər kifayət qədər iştirak etmişik və seçki prosesi daxilində buna qalib gəlmək mümkün deyil, gərək, cəmiyyət ayağa qalxsın, seçki şəraitini dəyişdirsin ki, normal seçki mühitində seçkilər keçirilsin. Amma hörmətli İlqar bəy demokratiya baxımında fiaskoya uğramış bələdiyyə seçkilərinin nəticələrini göstərərək deyirdi ki, “hətta bu seçkilər göstərdi ki, istənilən bu cür seçki komissiyalarının, Seçki Məcəlləsinin mövcudluğunda da uğur qazanmaq olar. Çox absurd bir idda idi. Nə uğur? Hansı uğurdan danışır? Bayaq da dedim ki, cəmiyyət etiraz etməlidir, amma etirazlar bir var spontan, bədahətən olur… Məsələn, o, vaxt Tunisdə, yaxud İsmayıllıda, Qubada olan kimi. Bu, ayrı məsələdir. Bunu heç kəs pronozlaşdıra bilmir.  Bir də praqmatik, təşkil olunmuş etirazlardan söhbət gedirsə, bunu təşkil edənlər daha çox təcrübəsi, nufuzu olan təşkilatlar edir, etməlidirlər və edəcəklər. Mən bunu demək istəyirəm ki, dünənki aksiyaya mən çox üzüldüm. O mənada ki, İlham Əliyev bir daha Azərbaycan cəmiyyəti üzərində qələbə çaldı. Elə bir  ciddi məsələdə, yəni qanunvericilik hakimiyyətini yenidən qəsb ediblər, yenidən cəmiyyətin reaksiyası çox qeyri-adekvat oldu”, – deyə T. Yaqublu əlavə etdi.

“Seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə ayrıca mitinq keçirmək fikrində deyilik”

 Yaqublunun sözlərinə görə, Azərbaycanda ilin 365 günü etiraz aksiyaları təşkil etmək üçün onlarla səbəb var: “Sözsüz ki, biz təkcə seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə ayrıca mitinq keçirmək fikrində deyilik. Biz ölkənin əsas problemləri, o cümlədən saxta seçkilər də oraya daxil olmaqla, bir çox məsələlərə etiraz edəcəyik. Məsələn, siyasi məhbus məsələsi, sərbəst toplaşmaq azadlığının olmaması, seçkilərin saxtalaşdırılması, korrupsiya, məmur özbaşınalığı. Səbəblər çoxdur. Bunu edəcəyik. Məntiqlə belədir, bu seçkiyə qatılmış qüvvələr bunun akkordunu vurmalıydılar. Seçkiyə qatıldılar, o bir sürəc idi və axırda da demişdilər ki, biz bu nəticələrə etiraz edəcəyik. Bu onların dönəmiydi. Baxın, biz də həmin hadisələrdə kənarda qalmadıq, dəstək verdik. Əlbəttə, biz etiraz aksiyalarının keçirilməsini həmişə müzakirə edirik, seçki dönəmində də, ondan sonra da. Yəni 19 oktyabrdan bu yana  mitinq məsələsi Milli Şurada sistemli olaraq müzakirə olunur. Burada bizim artıq müəyyən baxışlarımız formalaşıbdır. Yəqin bu yaxın vaxtlarda qərar verəcəyik”.

“Xüsusilər də zorakılıq törədənləri şiddətlə qınayıram”

Картинки по запросу "Gültəkin Hacıbəyli"

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli  isə bildirdi ki, etiraz aksiyasında iştirak etmək istəyən insanların rayonlara aparılması tam qanunsuz bir hərəkətdir: “Konstitusiyanın 49-cu maddəsinə görə, sərbəst toplaşmaq azadlığı tanınır. Bu, Konstitusiya ilə təsbit olunan hüquqdur. Avropa Konvensiyasının da müdafiə etdiyi hüquqdur. Vətəndaşları dinc etirazlara görə təqib etmək, onlara təzyiq göstərmək qanunsuz əməldir. Buna görə də bu hərəkəti törədənləri, xüsusilər də zorakılıq törədənləri şiddətlə qınayıram.  Hadisədə çox saylı zorakılıq halları qeydə alınıb. Məsələn, jurnalist Fatimə Mövlanlıya qarşı zorakılıq olunub, onun saçından tutaraq polis avtobusunun dəmir divarlarına çırpılmasını gözümüzlə gördük. Nəticədə o gənc xanım ciddi xəsarət alıb. Aksiya üzvləri arasında digər xəsarət alanlar da var. Bunu da şiddətlə qınayıram.  Eyni zamanda təbii ki, bu, bir aşağılayıcı, anormal rəftardır. Aksiya iştirakçıları oradan uzaqlaşdırıb, Kürdəmir, Yevlax və digər rayonlara paylaşdırılmışdı”.

 “Azərbaycan üzərinə təzyiqlərin artması, xüsusilə də Avropanın “Maqnitski qanunu”nun gündəmə gəlməsi ilə bağlıdır”

G. Hacıbəylinin fikrincə, aksiyada iştirak edən insanların rayonlara aparılmasınının səbəbi odur ki, hakimiyyət indi ATƏT-in bütün diqqətinin ölkədə olduğu, ATƏT-in müşahidə missiyasının hələ ölkəni tərk etmədiyi bir vaxtda seçkinin nəticəsinə etiraz edən adamları həbs etmək istəmir: “Ona görə, onlara cinayət işi açmaq, hansısa inzibati cəzalar vermək istəmir. Əslində, son dövrlər o cinayət işlərinin açılmasında bir az səngimə var. Bu da təbii ki, siyasi məhbus məsələsinin beynəlxalq müstəvidə yenidən aktuallıq qazanması, Avropa Şurasının bu mövzuda son qətnaməsinin qəbul olunması ilə bağlıdır. Azərbaycan üzərinə təzyiqlərin artması, xüsusilə də Avropanın “Maqnitski qanunu”nun gündəmə gəlməsi ilə bağlıdır. Amma inzibati qaydada Milli Şura və Azərbaycan Xalq Cəbhəsi  üzvlərinə qarşı həbslər davamlı şəkildə həyata keçirilir. Dünənki (red-srağagün nəzərdə tutulur) aksiyada belə həbslərin olmamasını mən daha çox onunla əlaqələndirirəm ki, həm aksiya kütləvi deyildi, aksiyada xüsusi bir izdiham müşahidə olunmadı, digər tərəfdən ölkədə ATƏT-in müşahidəçiləri var, diqqəti ölkədədir. Ona görə də yəqin məhz inzibati həbs həyata keçirməmək üçün bu yolu seçiblər və aksiya iştirakçılarını Kürdəmirdə, Hacıqabulda, hətta Yevlax rayonuna qədər aparıb, orada buraxıblar. Yəni tam qanuna zidd hərəkətdir. Bu hərəkəti şiddətlə qınayıram, pisləyirəm”.

“Hökumətin siyasi müxalifətlə mübarizə aparmaq üçün başqa bir silahı qalmayıb”

G. Hacıbəyli hesab edir ki, vətəndaşların etiraz aksiyası zamanı bu cür şəhərdən uzaqlaşdırılması onların etiraz səslərini ucaltmasının qarşısını qəti surətdə ala bilməyəcək: “Məşhur bir fikir var, faciə bir dəfə yaşananda faciə olur, artıq ikinci dəfə təkrarlananda o komediyaya çevrilir. Siz özünüz də gördünüz ki, dünən bizim gənclər akisyaya necə ironik münasibət bəsləyirdilər. Əksinə, onların başına gətirilənlər insanlarda bir özgüvən, ruh yüksəkliyi yaradır. İnsanlar anlayırlar ki, hökumətin artıq siyasi müxalifətlə, opponentləri ilə mübarizə aparmaq üçün başqa bir silahı qalmayıb. Hətta repressiya silahı belə  korşalıb. Hətta əvvəlki kimi rahatlıqla kütləvi həbsləri həyata keçirə bilmirlər. Çünki bunun qarşılığında “Maqnitski qanunu”nun işə düşəcəyi andan məsuliyyət daşıyacaqlar. Ona görə də belə addımlar atırlar. Biz  də buna ironik yanaşaq, Yevlaxdı, Kürdmirdi, Hacıqabuldu, bunlar da vətənimizin bir parçalarıdır və seçkidə aktiv iştirak edən gənclərin, namizədlərin gedib həmin bölgələri gəzib, gəlməsində də əlahiddə bir faciə görməyək, düşünək ki, bu, mübarizənin tərkib hissəsdir və nəticə etibarilə bu mübarizə bizi qələbəyə aparacaq”.

 Şamo EMİN, Hurriyyet.org