Polis şöbəsində döyüldüyünü deyən aprel döyüşçüsü DANIŞDI – VİDEO

171

Bir neçə gün öncə sosial şəbəkələr və mediada Şirvan Şəhər Polis Şöbəsində döyülməsi ilə bağlı məlumat yayılan Valeh Mustafayev ictimaiyyətə müraciət edib.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, V.Mustafayev videomüraciətində bildirib ki, əsəbi olduğu üçün 102 xidmətinə belə bir məzmunlu şikayət edib: “Dərhal Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən şikayətimə reaksiya verilib. Bu məsələ ilə bağlı araşdırmalar başlanılmışdı. Mənim döyülməyim və söyülməyim barədə dediklərim əsassızdır, bunların heç biri olmayıb. Mən əsəbi olduğum zaman özümü idarə edə bilmirəm deyə bunları demişdim”.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenatı Eşqin Qasımov unikal.org-a açıqlamasında bildirib ki, vətəndaş Valeh Mustafayev iyunun 5-də Şirvan şəhər sakini olan bir xanımın şikayəti əsasında Polis Şöbəsinə dəvət olunub: “Orada onun izahatı alınıb, profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. Əfsuslar olsun ki, bəzən vətəndaşlar etdikləri müraciətin diqqət çəkməsi və ya özlərinə bəraət qazandırmaq üçün bu cür yollara əl atırlar. Vətəndaşlara bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinə edilən hər bir müraciət diqqət mərkəzində olur və qanun çərçivəsində araşdırılır. Həmçinin, polisə yalan məlumat vermək cinayət məsuliyyəti yarada bilir. Buna görə də vətəndaşlara tövsiyə edirik ki, bu cür yollara əl atmaqdan çəkinsinlər”.

Qeyd edək ki, Valeh Mustafayev 2016-cı ildə baş verən aprel döyüşləri iştirakçısıdır. Orduda Xüsusi Təyinatlı Kəşfiyyat Taborunun Xüsusi Təyinatlı Bölüyünün qrup komandiri kimi xidmət edib. Sonradan hərbi təlimlər zamanı mərmi dalğasına düşərək kontuziya alıb, hərbidə yaranmış psixi xəstəliyə görə vaxtından əvvəl ordudan ehtiyata buraxılıb.