“Polis orqanlarında ciddi islahat olmalıdır” – NATİQ CƏFƏRLİ

120

“Polisin sayı bizdə çox yüksəkdir, ciddi ixtisarlara ehtiyac var”

“Saakaşvilini bəyənmək də olar, bəyənməmək də, çox doğru gördüyü işlər də, səhvləri də olub. Amma məhz Saakaşvilidən sonra Gürcüstanda ən güvənilən orqan polis olub. Bu gün də ölkə əhalisinin 80%-dən çoxu polisə güvənir ”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.

“Polisi saymayan toplum olan gürcülər belə, doğru siyasət, normal sistem sayəsində polis orqanlarına hörmət etməyə başladılar”

Cəfərli vurğulayıb ki, dövlət olmaq üçün bu çox vacib məsələdir: “Çünki hətta tarixən “qanuni oğrulara”, cinayət aləminə pozitiv baxan, milisi-polisi saymayan toplum olan gürcülər belə, doğru siyasət, normal sistem sayəsində polis orqanlarına hörmət etməyə başladılar. Əslində, çox da çətin bir şey deyil. Polis olmaq üçün böyük ağıla, biliyə, elmi bazaya malik olmaq lazım deyil, hətta illərlə oxumağa da ehtiyac yoxdur, cəmi 6 aylıq gözəl düşünülmüş, vətəndaşa və qanunlara hörmət üzərində təşkil olunmuş kurslar, treninqlər kifayətdir ki, normal polis işçisi yetişdirəsən. Gürcüstanda biznesin daha azad olmasında da polisin mühüm rolu oldu, indi də var”.

“YPX ləğv edilməli, ümumi patrul xidməti yaranmalıdır”

N.Cəfərli hesab edir ki, bizdə polis orqanlarında ciddi islahat olmalıdır: “İlk növbədə, vahid polis xidməti yaradılmalı, YPX ləğv edilməli, ümumi patrul xidməti yaranmalıdır. Polisin sayı bizdə çox yüksəkdir, ciddi ixtisarlara ehtiyac var. Çünki polis əlavə dəyər yaradan institut deyil, tam büdcə üzərinə oturmuş bir xidmət növüdür”.

“Vətəndaşla dövlət arasında iki vacib bağ var – vergi və seçki”

Cəfərlinin fikrincə, nə vaxt ki, bizdə büdcənin azı 70%-i vətəndaşların vergilərindən formalaşacaq, o zaman əsl vətəndaş davranışı da yaranacaq: “Əslində, vətəndaşla dövlət arasında iki vacib bağ var – vergi və seçki. Vətəndaş ona görə vergi ödəyir ki, seçdikləri insanlar onun təhlükəsizliyini, təhsilini, tibbi ehtiyaclarını və ən əsası, təhlükəsizliyini və dövlətin sərhədlərini qorusun. Dövlət məhz bunun üçün lazımdır, dövlət müqəddəs sitayiş obyekti deyil də, vətəndaşa xidmət edən orqanların məcmusudur, hökumət isə dövlətin ağası deyil də, vətəndaşa xidmət etməli olan institutlar toplusudur.  Baxın, nə vaxt ki, ölkədə qavramlar, institutlar öz yerinə oturacaq, o zaman da Dövlət vətəndaş üçün qürur mənbəyinə, Hökumət isə vətəndaşın qulluqçusuna çevriləcək. Başqa nədən danışsaq da, bu nəticələrin müzakirəsi olacaq”.

Şamo EMİN, Hurriyyet.org