Polisə aparılan Kəramət Böyükçölə qınaqlar yağdı: “Müalicə olmalıdır…”

189

Yazıçı-jurnalist Kəramət Böyükçöl sosial medianın Azərbaycan seqmentində son günlərin baş fiquruna çevrilib. Lukaşenko ilə yanaşı müzakirə edilən ikinci adam Kəramətdir.

Onun sosial şəbəkədə canlı yayıma çıxaraq içkili halda etdiyi çıxışlar, hamını tənqid atəşinə məruz qoyması, hətta vulqar ifadələrdən istifadə etməsi polemikaya səbəb olub.

K.Böyükçölün telejurnalist Mirşahin Ağayevdən prezident İlham Əliyevə qədər hər kəsi ittiham etməsi birmənalı qarşılanmayıb.

O, son statusunda yazıb ki, yaxşı edib içir: “Bu hökuməti də yaxşı edib söyürəm. Bu ölkə təkcə Mirşahin kimilərin deyil, biz də insanıq, yaltaqlanmadan yaşamaq, sevdiyimiz qadının gözlərinin içinə kişi kimi baxmaq istəyirik. Bizi sındırmısınız.

Oğul yanında, qız yanında, arvad yanında sındırmısınız. Heç olmasa icazə verin əsəblərimiz pozulsun, icazə verin içib ağlayaq, ağzımıza gələni danışaq. Oğlumdan ötrü darıxıram.

Amma onu görməkdən imtina etmişəm. Anasına demişəm ki, atma onun şəkillərini mənə. Baxmağa gücüm çatmır.

Atma səsini mənə. Eşidən kimi gözümdən yaş gəlir, dözə bilmirəm. Gözəl balam. Sinəmin üstə doğulan oğlum…”

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə oğlu ilə bağlı “Yeni Müsavat”a söylədi ki, onun son çıxışlarından xəbərdardır.

Atasının sözlərinə görə, hazırda Bakıda olmasa da, Kəramətlə zəngləşib: “İndi Daşkəsəndə Xoşbulaq tərəfdəyəm. Amma Kəramət qoymur ki, dağda rahat oturaq.

Qəşəm Nəcəfzadə — Vikipediya

Qəşəm Nəcəfzadə: “Qayğısına qalmışam, müalicə eləmişəm, yalvarmışam, amma sözümə baxmır”

Əvvəla, 60 yaşım var, indi feysbukda ağlamaq, sızlamaq yeri deyil. Bəzi adamlar deyirlər ki, atası onun qeydinə qalmır, taleyi ilə maraqlanmır.

Kəramət mənlə yaşamasa da, ondan xəbərdaram, zəngləşirəm, sosial şəbəkədə yazdıqlarını bilirəm. Mən çox qayğısına qalmışam, müalicə eləmişəm, ağlamışam, sızlamışam, ona yalvarmışam.

Mən onun bu gün etdiklərinə haqq qazandırmıram. Ancaq nə istədiyini də bilmirəm. İqtidarsan iqtidar ol, müxalifətsən müxalifət ol. Amma fikirlərini söyüşlə, içki ilə bildirmə”.

Q.Nəcəfzadə düşünür ki, oğlu son davranışları ilə özünü nüfuzdan salır: “Kəramət deyirdi ki, həqiqətləri Hafiz Hacıyev deyəndə həqiqət hörmətdən düşür.

İndi ay Kəramət, sən bu gündə, saç-saqqal içində, gərgin və içkili halda əgər həqiqəti belə deyirsənsə, o sözün kəsəri olmur, nüfuzdan düşürsən. Bunu ki özün deyirdin.

Sənin bu halında arxanca kim gələr, kim səni lider edər? Mən demirəm ki, içmə, amma bir hədd var. Amma sözümə baxmır.

Ona görə mən də, anası da narahatıq. Kəramət vətənpərvər oğlandı, sadəcə, içkidən yaranan qara magiya və gərginlik var.

Ona görə də insanlar bilsinlər ki, ata olaraq Kəramətin işlərindən xəbərdaram, amma əlacsızam.

Vaxtilə Əli Kərim, Eldar Baxış kimi istedadlı şairlərimiz olub, içki onları məhv etdi. İçə-içə, bir-birinə can sağlığı arzulamaqla özlərini bitirdilər.

Kəramət bilmir ki, onun sağlığına içənlər düşmənidir. İçənlərin özləri də düşmən olduqarını bilmirlər, sadəcə, özlərini məhv edirlər. Yəni, Kəramət vətəni, dövləti sevən adamdır, amma ona gücüm çatmır”.

Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Aqil Abbas: “Dəfələrlə onu içməyə qoymamışam, demişəm ki, kitablarını çap elə”

Deputat-yazıçı Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, istedadlı olmaq, ağzına gələn hər şeyi demək və yazmaq deyil. Onun fikrincə, kifayət qədər istedadlı yazarlar var və heç biri özlərini Kəramət kimi aparmırlar. “O qədər Qan Turalı, Aqşin Yenisey, Qismət Nur, Emin Piri talantlı cavanlarımız var. Onların hansı belə işlərlə məşğuldur?

Hərəsi öz istedadına görə yaradıcılıqla məşğuldur. Əlbəttə, yaradıcı adam müxalif olar, amma müxalif olmaq başqa, bu başqa…”

A.Abbas hesab edir ki, Kəramət istedadını məhv etməkdədir: “Mən onu çox istəmişəm. Ancaq Mirşahin düz deyir, indi ciddi şəkildə müalicəyə ehtiyacı var. Sadəcə dövlət onu aparıb müalicə etməlidir.

Çünki görünür atasını eşitmir. Özü də atası Qəşəm Nəcəfzadə gözəl şair, yaxşı dost, ədəb-ərkanlı, hörmətli bir insandır. Amma neyləsin, Kəramətin əl-qolunu bağlaya bilməz axı?!”

Deputatın fikrincə, həddi aşmaq olmaz: “Onu oturdub başa salmaq gecdir. İndi kim onunla görüşə gedir-getsin, xeyri yoxdur. Ona görə ki, Kəraməti başa salmaq olmur. Mən dəfələrlə onu içməyə qoymamışam.

Demişəm ki, ay bala, kitablarını çap elə, yazılarınla məşğul ol. Amma xeyri olmayıb. Sadəcə, ciddi müalicə almalıdır. Mənim bir dostum da belə içirdi, Sumqayıtda bir xəstəxana olmalıdır, orada 6 ay müalicə etdilər, bir də içmədi. Özü də sizə deyim ki, Kəraməti kənardan içirdib danışdıranlar var. Düzü, onun çıxışlarını izləmirəm, amma mətbuatdan baxmış, şərhlərə fikir vermişəm, Mirşahinlə də danışmışam ki, müalicə olunsun”.

A.Abbas bildirdi ki, imkanlı qələm dostları Kəramətə həmişə dəstək olublar: “Aynur Camalın saytında maraqlı müsahibələr alırdı, maaşı da yaxşı idi. Sonra saytdan getdi. Eyni zamanda Abel Məhərrəmov rektor olanda ona diqqət göstərirdi, universitetdən də maaş alırdı. Yəni, Kəramətə həmişə köməklik olunub. Ancaq yanındakı adamlar kimlərdir bilmirəm, içirdirlər, sonra gedir nə gəldi danışır. Üstəlik, iki dəfə ailə qurub və ayrılıb, problemlər artıb. Özü də ayılanda hamıdan dediklərinə görə üzr istəyir, yəni Kəramətdə bir ikiləşmə var. Amma dövlətə, onun 10 milyonun rəhbəri olan birinci şəxsinə o sözləri demək düzgün deyil. Hər halda Allah köməyi olsun”.

Pərviz Cəbrayıl - "Öləngi" - "Öz əsərini danışdır" - Layihə ...

Pərviz Cəbrayıl: “Onu həm anlayırsan, həm yox…”

Yazıçı Pərviz Cəbrayıl qəzetimizə söylədi ki, Kəramət onun üçün Kəramət Böyükçöl yox, Azərbaycan reallığının özüdür: “Həm anlayırsan, həm yox. Həm gülməyin gəlir, həm ağlamağın. Həm komediyadı, həm faciə! Onu bir ölkə hesab etsək, onda yaşamaq çox kədərlidir. O ölkənin sonu necə olacaq? Bu suala indi bu ölkədə heç kim cavab verə bilmir. Hamının gözü qaralır o taleyə boylananda. Həm sevirsən, həm diksinirsən bu gerçəklikdən. Dedim ki, o, Azərbaycan reallığının özüdür. Biz Azərbaycanın belə olmasını istəyirikmi? Yox, istəmirik. Demək, onun da belə olmasını istəməzdik. Kəramət haqqında iki-üç kəlmə deməklə iş bitməz, o, ancaq romana gəlir. Mən onun yaxşı romançı olmasını istərdim, ancaq indiki durumda gənc dostumuz sadəcə roman qəhrəmanı olmağa başlayıb. Bu, məni təəssüfləndirir”.

Günün ikinci yarısında Kərmaət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “BakuPost”a açıqlamasında bildirib ki, hələlik deyiləsi hər hansı bir informasiya yoxdur, olan kimi ictimaiyyətə məlumat veriləcək. K.Böyükçölün qonşularının şikayəti əsasında saxlanıldığına dair məlumatlar var.

Emil SALAMOĞLU
“Yeni Müsavat”