Polad Bülbüloğluna sərt təpkilər

147

Azərbaycanın Rusiyadakı səfirinin ermənipərəst mövqe sərgiləməsinin arxasında hansı maraqlar dayanır?

Hikmət Hacıyev: “Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamalardan çəkinməlidir”

Vahid Əhmədov: “Polad Bülbüloğlu sanki Sergey Lavrovu əvəz edir, istefa verməlidir”

 “Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanlarını nəzərdən keçirir”.

Bu sözləri Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinqdə söyləyib.

“Bu gün Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”.

Səfir bildirib ki, bir vaxtlar Dağlıq Qarabağdakı evlərini tərk etmək məcburiyyətində qalan bütün azərbaycanlılar oraya qayıdacaqlar.

  1. Bülbüloğlu bildirib ki, Azərbaycan vətəndaşları 30 ildir ki, Dağlıq Qarabağ məsələsinin həllini gözləyirdilər:

“Demək olar ki, bir milyon azərbaycanlı ata-babalarının yaşadığı ərazilərdən qovulub. Əlbəttə ki, Azərbaycan tərəfdən evlərindən qovulanların hamısı geri dönəcək. Bunun üçün infrastruktur yaradılmalıdır və bu asan proses deyil”.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rusiyanın münaqişənin həllindəki rolunu yüksək qiymətləndirdiyini və şəxsən Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını ifadə edib.

Prezidentin köməkçisindən səfirə sərt xəbərdarlıq

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Həmçinin məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

“Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.

Bunu parlamentin dünən keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər:

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.

Hazırladı: İ.SABİRQIZI