PLAGİATLIQDA SUÇLANAN ALİM HƏMKARINA CAVAB VERDİ

    51

    Səbuhi Əhmədov: “Şübhəsi varsa, məhkəməyə versin”

    “Mənim məqaləm çıxanda Pərvin Gözəlov hələ məktəbdə oxuyurdu

    “Pərviz Gözəlov iddialarında haqsızdır. Onun mənə yönəlik dissertasiya işinin mənimsənilməsi haqda fikirləri əsassızdır”.

    Bu sözləri tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov həmkarı, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun Azərbaycan bayrağı haqda elmi monoqrafiyasının plagiatlığı ilə bağlı ittihamlarına cavab verərəkən deyib.

    Xatırladaq ki, P. Gözəlov 2006-cı ildən yazdığı və 2008-ci ildə hazır olan “Azərbaycan xanlıqlarının bayraqları dövləçilik tarixinin öyrənilməsində mənbə kimi dissertasiyasının nəticəsi olan monoqrafiyasının elmi rəhbəri Səbuhi Əhmədov tərəfindən mənimsənilərək çap etməkdə suçlayır.

    S.Əhmədov isə həmin iddiaları qəbul etmir: “Pərvin Gözəlov bu məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə müraciət edib. Orda şübhələndiyi, plagiat hesab etdiyi hissələri bənd-bənd göstərib. Müəllif Hüquqları Agentliyi də məsələni araşdırıb və 30 səhifədən yuxarı bir rəy verib. O rəydə göstərilib ki, burada heç bir plagiatlıq yoxdur. Biz etiraz olunan hər bir bənddə cavab vermişik. Ən vacibi sənədlər göstərmişik. İddia olunan kitab Pərvin Gözəlovun kitabından daha erkən çap olunub. Bu, ən azından xronoloji olaraq bu mümkün deyil”.

    “Mənim kitabım bütün illəri, Pərvininki isə xanlıq dövrünü əhatə edir”

    “Pərvin Gözəlov dissertantınız olub. Siz o mövzunu araşdırmısızsa, yenidən Pərvin Gözəlova niyə həvalə olunub” sualına S.Əhmədov belə cavab verdi: “Əgər diqqət yetirsəniz, mənim kitabımın adı “Azərbaycan bayraqları”dır. O kitabda qədim dövrdən müasir dövrümüzədək çatan bütün bayraqlardan bəhs olunub. Amma Pərvin Gözəlovun kitabı isə Azərbaycan xanlıqları dövrünü əhatə edir. Sözügedən kitab 2007-ci ildə Milli Azərbaycan Tarix Muzeyində artıq plana salınmışdı. Amma yazılması isə 2008-ci ildə reallaşıb. Bu barədə müvafiq sənədlər var. 2007-ci ilin elmi planında qeyd olunub ki, mən bu mövzuda elmi məqalə hazırlamışam. O zaman muzeyin maliyyə imkanları olmadığına görə çap etdirmək mümkün olmadı. Sonra iş elə gətirdi, mən 2009-cu ildə Özbəkistan səfirliyinə işə getdim. 2012-ci ilə qədər orda çalışdım. 2009-cu ildə mənə xəbər elədilər ki, Azərbaycanda Bayraq Meydanının yaradılması haqda məsələ qaldırılıb. Bununla bağlı müəyyən qurumlara müraciət olunub. Deyilib ki, bayrağımızla bağlı elmi kitablar haqda məlumat verilsin. Bizdən, yəni muzeydən də cavab verilib ki, belə bir elmi kitab var. Müəllifi Azəbaycanda deyil, amma onun bu mövzuda araşdırması var. Beləcə, 2009-cu ildə kitabın çap olunması ilə bağlı qərar qəbul olunub. Azərbaycan Bayraq Meydanının və ordakı Bayraq Muzeyinin açılışı ərəfəsində verilən qərara uyğun olaraq da Azərbaycan Respublikası Prezident Adminstrasiyası kitabın yüksək keyfiyyətlə çap olunmasını öz üzərinə götürüb”.

    “Amma “Qəsr İctimai Birliyi bu məsələnin də şübhəli olduğuna eyham vurur” fikrinə də müəllifin cavabı sərt oldu: “Bu, ağ yalandır. Kitabın maliyyə məsələsini “SOCAR” gerçəkləşdirib. Müəllif Hüquqları Agentliyi bununla bağlı bütün əlaqədar qurumlara, o cümlədən Prezident Adminstrasiyasına və SOCAR-a da sorğu göndərmişdi. Onlar da cavab veriblər ki, kitab həqiqiətən də SOCAR-ın maliyyə vəsaiti ilə gerçəkləşdirilib. Məndə bunu təsdiq edən sənəd var”.

    “Mənim bu haqda ilk məqaləm çıxanda Pərvin Gözəlov orta məktəbdə oxuyurdu”

    S.Əhmədov deyir ki, 2010-cu ilin iyununda Türkiyədə işıq üzü görən kitab həmin ilin avqustunda prezident İlham Əliyevin də qatıldığı Bayraq Meydanının açılışına gələn mötəbər qonaqlara paylanılıb: “Amma Pərvin Gözəlovun kitabı isə girişində də qeyd olunduğu kimi 2010-cu ilin dekabrında çapa tövsiyə olunub. Mənim kitabım avqusta çap olunub, amma onun kitabı isə bundan sonra çapa məsləhət görülüb. Üstəlik, kitabın girişində mənə təşəkkür də bildirilib. Çünki Pərvin Gözəlovun kitabının ədəbiyyat siyahısındkı bir çox kitabların müəllifi mənəm. Mənim bu mövzuda daha öncəki məqaləm 1997-ci ildə çap olunub. O zaman Pərvin Gözəlovun hələ orta məktəbdə oxuyurdu”.

    Müsahibimiz “kitabınızın həmin mərasimdə paylanılması haqda rəsmi məlumat da yoxdur” fikrinə də münasibət bildirdi: “Rəsmi sənədin olub-olmamasının plagiatlığa heç bir dəxli yoxdur. Bu məsələni Prezident Adminstrasiyasının əməkdaşı Hikmət müəllim bilir, həmin şəxs indi də orda çalışır. Pərvin Gözəlovgil ona da sorğu göndərmişdilər. O da deyib ki, lazım gəlsə, həmin tədbirdəki bəzi rəsmi şəxslər bunu təsdiqləyə bilər. Çünki kitab məhz həmin məqsədlə çap edilib. Sonrası da bu haqda rəsmi sənəd ola da bilməzdi axı… Bəyəm kimsə tədbirə gedəndə deyirlər ki, kitab bağışlanır, bura qol çəkin?! Sonrası da rəsmi qeyd olunmayıbsa da, buna mən neynəyə bilərəm?!”

    “Qonorar da almamışam”

    Müəllif deyir ki, həmin kitabı Prezident Adminstrasiyasının sifarişi ilə yox, herardika şöbəsinin vəzifəsi olduğu üçün yazıb: “O kitab olduqca nəfis tərtibatda, gözəl çap olunub. Mən həmin kitabı şöbəmin vəzifəsi olaraq yazmışam. O kitabın əvəzində bir qəpik qonorar belə almamışam”.

    S.Əhmədov onu da bildirdi ki, bayraq haqda kitabların oxşar məqamları çox cüzidir: “Onun xanlıq bayraqları kitabını götürsək, orda toqquşan məqam iyirmidən bir hissə ola bilər. Yenə də deyirəm, mənim kitabım qədim rəmzlərdən başlayıb müasir dövrə qədər olan müddəti əhatə edir. Onun kitabı isə yalnız xanlıq dövrü haqdadır və muzey materialları əsasında hazırlanıb. Əksinə, mən onlara iddia edə bilərəm ki, necə olur ki, sənin kitabında mənim məqalələrimdəki materiallar əks olunub. Bilirəm cavabları necə olacaq, deyəcəklər ki, istifadə eləmişik, istinad da göstərmişik. Düzdür, göstəriblər. Kitabın əvvəlində mənə təşəkkür da var. O vaxt beləydi. Adama deyərlər, axırda sən muzey rəhbərliyi ilə münaqişəyə girmisənsə, problemin varsa, niyə hamı ilə başqalrı ilə də belə münasibət qurursan?”

    “Deməsin ki, mən Azərbaycanda yeganəyəm”

    Səbuhi Əhmədov həmkarının ölkədə yeganə bayraqşünas olması məsələsinə də münasibətini bildirdi: “Pərvin Gözəlov deyir, mən Azərbaycanda heraldika üzrə yeganə mütəxəssisəm. Halbuki 2007-ci ildə bizim muzeydə ondan üç il qabaq Sənubər Qasımova bu mövzuda – dövlət atributları ilə bağlı müdafiə edib. Ondan başqa, Pərvin Gözəlov 2000-ci ildə ilk dəfə institutu qurtarıb bizim muzeyə gələndə mən artıq heraldika şöbəsinin müdiriydim. Yəni dövlət rəmzlərini öyrənən şöbənin rəhbəri idim. İndi ondan soruşa bilərəm ki, necə olur ki, sən muzeyimizin materiallarından istifadə edirsən, hələ institutu bitirmədiyin ildə çap olunan kataloqdan istifadə eləyirsən, bunu həm dissertasiyada, həm kitabında göstərmisən, hər birimizə də çox sağ ol, demisən, amma 2017-ci ildə iddia edirsən ki, indiyədək heç kim yox idi, mən yeganəyəm…”

    S.Əhmədov onu da dedi ki, P.Gözəlov disserrtasiya müdafiə eləyib, özünü respublikada yeganə bayraqşünas kimi təqdim eləmək istəyinə görə özündən əvvəl yazılan kitabların hamısını müxtəlif formada “vurmağa” çalışır: “İstər mənim, istər muzeyin direktoru Nailə Vəlixanlı tərəfindən çap olunan kitabların hamısını gölgədə qoymaq istəyir. Amma mən məsləhət görərdim ki, onun kitabına diqqətlə baxsınlar. Orda 2002-ci ildə Milli Azərbaycan Tarix Muzeyi tərəfindən çap olunan Milli Azərbaycan Bayraqlar kataloqu olan materialların hamısı Pərvin Gözəlovun kitabındadır. O kataloqdan mən istifadə edə bilərəm, ona görə ki, o kitabın həmmüəlliflərindən biriyəm. Amma P.Gözəlovsa bunu edə bilməzdi. Onun buna haqqım çatmır. Deməyim odur ki, P.Gözəlovun dediklərinin hamısı əsassızdır. Bu faktlar həm elmi, həm də xronoloji baxımdan tutuşduranda onun yanlış olduğunu isbatlayır”.

    “Şübhəsi varsa, məhkəməyə versin”

    Səbuhi Əhmədov Müəllif Hüquqları Agentliyinin P.Gözəlova dediyi cavabla həmfikir olduğunu da dilə gətirdi: “Onlar ərizədə plagiat saydıqları hissələri bənd-bənd göstərmişdilər. Agentlik də həmin sətirləri təhlil edib demişdi ki, burda plagiatlığa dair heç nə yoxdur. Tutaq ki, o demişdi ki, Cavanşirin heykəli haqda yazılan məqam məndən götürülüb. Birincisi, Cavanşirin heykəli muzeyin materiallarıdır. İstənilən adam aparat götürüb muzeydə şəkil çəkdirə bilər. Və istifadə edə bilər, səndən niyə icazə almalıdır. Yəni bu tipli məqamların nəticəsində Müəllif Hüquqları Agentliyi öz rəyini verdi və tövsiyə elədi ki, əgər Pərvin Gözəlovun şübhəsi varsa, qoy məhkəməyə müraciət eləsin”.

    Altunay, Hurriyyet.org