PKK-nın əsas düşərgəsi havaya uçurulacaq! – TÜRK ƏSGƏRİ QƏNDİLƏ ENİR

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Qəndil yolu üzərində yerləşən Hakurka qarşı əməliyyatlarını gücləndirib.

    Şimali İraqda 2,5 ay ərzində müəyyən aralıqlarla əməliyyatlarına davam edən TSQ xüsusilə Qəndil yolu üzərində yerləşən Hakurk istiqamətində əməliyyatları gücləndirib. Bu əməliyyatların gücləndiriliməsi “Qəndilə getməyə hazırlıq” kimi qiymətləndirilir.

    Martın 18-də Suriyanın Afrin şəhərinin mərkəzinin terrorçulardan təmizlənməsindən bir həftə əvvəl Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terror təşkilatına qarşı qurudan və havadan apardığı əməliyyatlar 2,5 aydır ki, müəyyən aralıqlarla davam edir.

    Bu əməliyyatların son bir həftə içərisində, intensivləşməsi diqqəti çəkir. Bir həftə ərzində 22 ədəd hədəf vurulub, 10 nəfərdən artıq terrorçu zərərsizləşdirilib. Hakurku hədəfə alan əməliyyatların pərdəarxasında PKK terror təşkilatının Şimali İraqda əsas qərargahı hesab edilən Qəndildən bölgəyə terrorçu göndərməsinin qarşısını almaq məqsədi güdülür. Şimali İraqda martın 10-da F-16-larla havadan başlayan əməliyyatların keçmiş ildəkilərlə müqayisədə fərqi, türk hərbçilərin əməliyyatdan sonra Türkiyə sərhədlərinə geri dönməyib bölgədə yerləşməsidir.

    Daimi bazalar qurulub

    Xüsusilə Türkiyə sərhəd xətti (Hakkari-Şırnak) ilə Avaşin və Zap boyunca Hakurka qədər olan zonanın mühüm bir hissəsini terrorçulardan təmizləyən TSQ qüvvələri, həmin ərazilərdə daimi bazalar qurublar. TSQ-nin regionda qalmasının qarşısını almaq üçün son dövrdə PKK Qəndildən Hakurka terrorçu göndərməyə başlayıb. Bu barədə kəşfiyyat məlumatı türk hərbçilərinə çatdırıldıqdan sonra, Hakurka hava hücumları artırılıb.

    Hakurkun bir xüsusiyyəti də Qəndil yolunun üstündə olmasıdır. Buna görə də Hakurkda əməliyyatların artması “Qəndilə enməyə hazırlıq” kimi də qiymətləndirilir. Lakin hələlik bu barədə rəsmi açıqlama verilməyib.

    Hurriyyet.org