“PKK həm də İraqın suverenliyi və ərazi bütövlüyü üçün təhdiddir”

132

Türkiyə İraqın PKK ilə mübarizədə əməkdaşlıq edəcəyini gözləyir

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında PKK terror təşkilatının yalnız Türkiyə Respublikasının milli təhlükəsizliyini deyil, həm də İraq dövlətinin ərazi bütövlüyünü və suverenliyini təhdid etdiyi bildirilir.

Türkiyə XİN-in rəsmi təmsilçisi Hami Aksoy cümə axşamı günü çıxışında Ankaranın İraqın Türkiyə ilə “əməkdaşlıq və razılaşma daxilində hərəkət edəcəyini” gözlədiyini bildirib.

Aksoy deyib: “Türkiyə Silahlı Qüvvələrinin İraqın şimal rayonlarında apardığı Pençe Kartal (“Qartal caynağı”) və Pençe Pələng (“Pələng pəncəsi”) əməliyyatları Türkiyə Respublikasının milli təhlükəsizliyini, həmçinin, İraq dövlətinin ərazi bütövlüyünü və suverenliyini təhdid edən PKK terror təşkilatına qarşı yönəldilib”.

Diplomat qeyd edib ki, bu məsələ Türkiyənin Bağdaddakı səfirinin vasitəsilə İraq hakimiyyətinin müvafiq orqanlarının nəzərinə çatdırılıb.

Türkiyənin xarici siyasət idarəsinin bu açıqlaması İraq XİN-in  Türkiyə qüvvələrinin bu ölkənin şimalında apardığı antiterror əməliyyatlarına qarşı tənqidi qeydlərinin səslənməsindən sonra verilib.

Hurriyyet.org