“Pis günlər bitir, bizi daha pis günlər gözləyir” – NATİQ CƏFƏRLİ

846

“Dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq”

“2020-ci il dünya üçün bərbad il oldu, amma varlılar üçün deyil. Dünyanın ən varlı insanları 2020-ci ildə öz aktivlərini 2 trilyon dollar artırdılar. Dünya milyarderlər klubunun üzvlərinin toplam varidatı 11,4 trilyon dollara çatıb, sayları isə 3000 nəfərə yaxındı (söhbət rəsmi milyarderlərdən gedir). Yəni, dünyada 3000 nəfərin var-dövləti 11,4 trilyon dollardır”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Onun sözlərinə görə, bu vəsait hesabına dünyada aclığa, susuzluğa, kasıbçılığa qalib gəlmək, dünyanı tam yenilənəbilər enerjiyə keçirmək olar: “Yaxşı, böhranlı 2020-ci ildə bu insanların pulu niyə artdı?! Çünki həm FED (ABŞ), həm AB, həm Çin və Yaponiya (kiçik ölkələri heç saymıram da) dünya iqtisadiyyatına göydən pul səpdilər, pul (kredit) ucuzlaşdı və ayrılan 12 trilyon vəsait real sektordan daha çox səhm bazarına getdi, səhmlər, indekslər şişdi, köpdü, şarlar, balonlar yarandı və bu da dünya iqtisadiyyatında növbəti böhranların əsasını qoydu. Obrazlı desək, dünyada “yanğın” var idi, hər tərəfdən “su, köpük” səpib “yanğını” söndürdməyə çalışdılar, amma siz belə bol “su, köpük” ilə söndürülən “binanın” halını təsəvvür edin. Bəzən belə “söndürmə” əməliyyatı “yanğından” daha çox ziyan vurur. Yəni, dünya arxasında heç nə durmayan pul bolluğuna düşüb”.

İqtisadçı ekspert hesab edir ki, bir müddət sonra borcların qaytarılması, “suyun” çəkilməsi dövrü başlayacaq: “O zaman dünyada insanların, şirkətlətin, hətta ölkələrin bankrotluq dövrü başlayacaq. Belə, pis günlər bitir, bizi daha pis günlər gözləyir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org