Pentaqon Suriya prezidentinə xəbərdarlıq etdi: “ABŞ və müttəfiqlərini ölkənizdən qova bilməzsiniz”

    6

    Əsəd: “Artıq ölkənin yeganə problemi SDQ-dir”

    Hurriyyet.org xəbər verir ki, Pentaqon (ABŞ MN) Suriyadakı Amerika qüvvələrinə zərbə endirməməsi üçün Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edib.

    Bəşər Əsəd Suriya ərazilərinin azad edilməsi üçün güc tətiq eləməyə hazır olduğunu bildirəndən sonra, ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin nümayəndəsi Kennet Makkenzi deyib: “Suriyada amerikalıların və onların müttəfiqlərinin qüvvələrinə hücum pis ideya olardı”.

    ABŞ-ın müttəfiqləri ilə Suriyanın hökumət qüvvələrinin tərəfdarları arasında atışmalar baş versə də, hələlik tərəflər böyük toqquşmalardan yayına bilirlər. Şimalda və şərqdə mühüm ərazilərə Suriya Demokratik Qüvvələri nəzarət edir. Onlar əsasən, amerikalıların dəstəklədikləri PKK/YPG üzvlərindən ibarətdirlər.

    Əsədin sözlərinə görə, “artıq ölkənin yeganə problemi SDQ-dir”. Əsəd qeyd edib ki, Dəməşq onlarla danışığa hazırdır, lakin, danışıqların baş tutmayacağı təqdirdə ordu ölkə ərazilərinin azad edilməsi üçün güc tətbiq eləməyə hazırdır. Bəşər Əsəd həmçinin “ABŞ Suriyanı tərk eləməlidir” tələbini də səsləndirib.

    Bəşər Əsəd deyib: “Biz Suriyada Rusiya qüvvələri ilə ABŞ qüvvələri arasında birbaşa münaqişənin baş verməsinə çox yaxınlaşmışdıq, lakin Rusiya rəhbərliyinin müdrikliyi sayəsində bundan yayına bildik”.

    2014-cü ildən bəri ABŞ və onun müttəfiqləri qlobal layihə olan İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə İraq və Suriya ərazilərinə daxil olublar. Suriyada onlar hakimiyyət tərəfindən rəsmi icazə olmadan qanunsuz fəaliyyət göstərir və PKK/PYD/YPG terror təşkilatını dəstəkləyirlər.

    Hurriyyet.org