Pentaqon: ABŞ öz ordusunu İraqdan çıxarmaq niyyətində deyil

21

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri Mark Esper İraq parlamentinin xarici hərbçilərin ölkədən çıxarılması qərarını verdikdən sonra, Amerika hərbçilərinin İraqı tərk eləməyə hazır olduqları barəsində xəbəri təkzib edib.

Esper Pentaqonda jurnalistlərin sualına cavab verərkən deyib: “İraqı tərk eləmək qərarı verilməyib, bizim belə planımız yoxdur”.

İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın Bağdaddakı səfiri Metyü Tyüllerə İraq parlamentinin xarici hərbi qüvvələri ölkədən çıxarmaq barədə qərar qəbul elədiyini bildirmişdi.

Dünən İraq parlamenti fövqəladə iclas keçirərək, səs çoxluğu ilə ABŞ-ın və digər dövlətlərin hərbi qüvvələrinin ölkədən çıxarılması barəsində qərar qəbul eləmişdi.

3 yanvar tarixində Pentaqon Bağdad aeroportunun yaxınlığında və ABŞ prezidenti Donald Trampın əmri ilə İran generalı Qasım Süleymaninin raket zərbəsiylə öldürülməsi xəbərini verəndən sonra Yaxın Şərqdə vəziyyət ciddi şəkildə gərginləşib.

İranda üçgünlük yas elan edilib və İran parlamenti ABŞ ordusu ilə Pentaqonu “terrorçu” elan edib. İranın ali dini lideri ABŞ-ın bu addımına cavab addımı atılacağını vəd edib.

Hurriyyet.org