Pedaqoqlar harada dəfn olunur?

231

Kimsəsizlərin başı üstdə şam yandırmasan, öləndən sonra qəbrin üstdə şam yandırmazlar

Sahib Təbriz

1.

Ölüm haqqında hər dəfə düşünmək çətindir: –həm keçmiş, həm də sabah kino lenti kimi yaddaşını çevirir: gəl bu təbii halətə tab gətir, xü­su­si­lə, yaşın səni al­da­da-aldada mənzilin sonuna qədər çatdırsın və qapının ağzında göz­ləsin! Sən isə xə­bərsizsən, həyat eşqinə sadiqsən və sevgiylə yaşayırsan, iki nəs­nə naminə, tarix üçünmü, yoxsa əbədiyyət üçünmü? Şöhrət üçün də iki şey var: öz təbii istedadınla, da­hiliyinlə və qabiliyyətinlə, yoxsa, qucaqda, ağuşda, bir tə­kan­da “bu üçlük”lərdə şöh­rətin zirəvsinə ucalırsan! Ah, “birincilər”, nə qədər əzab­lı yollardan keçmisən, hə­yatının qızıl gəncliyini qum saatı kimi əritmisən, “dö­yül­müsən” nadanlar tərəfindən, halal yerini göstərməyiblər, əlindən alıblar, amma Sən şöhrət üçün alçalma­mı­san, balacalaşmamısan, kiçilməmisən! Ah, səadət bu­dur. Səadət – mənalı həyat, yük­sək nemət düşüncəsidir, dünyaya əxlaqi baxışdır, əx­laqi qiymət və meyardır. Ah, səadət insan ömrünün məqsədidir və bu həyata nə sərf etmisən, bu gününə, ne­mətə ləyaqətli vasitələrlə çatmısanmı?

Şöhrətpərəstlikdən yox, həqiqətpərəstlikdən, xalqına, dövlətinə işləməkdən, ya­­radıcılıqdan zövq alanlar necə də düzgün düşünmüşlər: Mən istərəm ki, ölənə qə­­dər öz qüvvəmi, enerjimi tam sərf edəm, ona görə ki, nə qədər həvəslə çalışıramsa, bir o qədər də çox yaşayıram. Bu ürəkdən gələn hisslərin fəlsəfəsində həyatın ma­­hiyyəti dayanır, yanan şamdır, məşəldir, istərəm bunu gələcək nəsillərə çatdı­rım, nə qədər mümkünsə.

Bu “birincilər” qarşılarına qoyduqları məqsədə soyuq, ötəri, utilitar ab–hava, ovqatla çatmamışlar, ağılla, fikirlə nail olmuşlar, çünki əxlaq nəzəriyyəçisi T.Karleyl demişkən: “Fikir fəaliyyətin anasıdır, canlı ürəyidir, fikir insan fəaliyyəti­­nin yalnız təşəbbüsçüsü deyil, eyni zamanda onun qoruyucusudur, buna görə fikir Yer üzündə də bütün insan həyatının əsası, başlanğıcı və mahiyyətidir”. Bax, bu “üç­­lük” heç bir halda “ikincilərin” taleyinə yazılmamışdır! Həyatında özünü “də­ri­nə” atmayan, yayın cırhacırında qalstuk bağlayan, gözü kürsüdən yayınmayan, ki­tab oxumayan, vəzifəsinin köləsinə çevrilən bir karyerist, nəfsini boğmağı bacar­ma­­yan – bunlar bir yana – vəzifəli qarşısında sual işarəsi olmağından qürurlanan, im­­tiyazlarını namusundan üstün tutanlar fəxri xiyabanlara çiyinlərdə gedirlər. Am­ma bu rəsmi addımı qazanmaq elə-belə “fədakarlıq” deyil! İllərlə yollar aramışdır, va­­sitələrə əl atmışdır, xoşbəxtliyinin “açarı”nı gizlətməmişdir, əksinə, “bö­yük”lərin qabağında vücudu və yerişiylə nümayiş etdirmişdir. Necə də, asan yol!

“İkincilər” anlamaq iqtidarinda olmamışlar, əksinə, həyatda öz potensial im­kan­­larını sərf edən və bundan səadət duyan “birincilər” üçün həyat ancaq onu öy­rən­­mək istəyənləri öyrədir, sağlam fikirsə onu qavramaq istəyənlərin ağlına, idra­kı­na həkk olunur. İdrak təkcə anlamaqla məhdudlaşmır, sərhəddini bacarmır: idrak fran­­sız yazıçısı və filosofu F.Volterin fikrincə: “İdrak – keçmiş, indiki və gələcək ide­­yaların qaynağından ibarət uzun bir zəncirdir”.

Faciə ondadır, süni yollarla yüksək həyat tərzini yaşayan təbəqələr müdrik­lə­rin və müasirlərinin dəyərli məsləhətlərinə, yazılanlara laqeydlik göstərirlər, bu şi­fa­­hi və yazılı dəyərli mənbələrə təkəbbürlə yanaşırlar, hətta deyirlər ki, bunlar biz­lər üçün lazımsızdır, özüm fikirləşib özüm də yaşayacağam. Anlamırlar ki, fiziki ba­­xımından haqlısız, hərçənd bu, yaşamaqdır, amma birtərəfli düşünməkdir, yan­lış­­lıqdır. Hər bir adam özü düşünüb yaşamalıdır, bunun üçün düzgün hərəkət etmə­li­­dir, insanlıq və həqiqət yolunu tutmaq gərəkdir, heyvani ruhu yox! Xoşbəxt həyat yo­­lunu seçirsənsə, lazım olandan daha çox düşünməlisən. Əgər o adam qəbrini “se­çil­­miş” torpaq parçasında arxayınlıqla təsəvvürünə gətirirsə və bu arzusunu ha­ram­la qazandığı əskinazlar kimi ovcunda möhkəm-möhkəm sıxırsa, böyük filosof S.Smay­lsın kəlamlarını xatırlamağa borcludur: “Biz hər gün məzarımızı diş­ləri­miz­lə qazmalıyıq: həyatın rəmzi qum saatıdır, ondakı qum dənələri axa-axa tükəndiyi ki­­mi, ömrümüz də tədricən tükənir”. Görünür, bir para insanlar üçün şəxsiyyətini hər­­raca qoyan, simasını buqələmun sayağı rəngdən-rəngə salan, hamisinin quca­ğı­na tələsənlərin əsri gəlib XXI əsrə qovuşmuşdur, belə də bu dövr (bəlkə də dövran de­­yək) həqiqətən mürəkkəb və maraqlıdır, bəzi təbəqələri tarixi imtahana çəkir, fi­kir süzgəcindən keçirir. Həqiqətdir, yalnız saflaşmış, büllurlaşmış həyat imtahanın­dan keçmiş fikirlər, ideyalar, əqidələr yaşamaq hüququ qazanırlar.

2.

Böyük hərflə İnsan – Pedaqoq İdrak ağacının Xeyir və Şər meyvəsini dadır, si­­nifdə dərsə ayrılmış 45 dəqiqədə əsrlərin yükünü yaddaşında gətirir və inan­dır­ma­­ğa çalışır ki, əziz balalar Dünyanın harmoniyasını qorumaq Sizə etibarlıdır, el­min bünövrəsi artıq min illərdir qoyulmuşdur, lakin onun inkişafı siz nəslin üzərinə dü­­şür. – Dünya alimləri, o cümlədən, Pifaqor – onun teorimiylə tanışsız – bu qoca­man müdrik Kainatın harmoniyası ilə bağlı axtarışlarla məşğuldu, belə ki, O, sim­lə­rin səslənməsinin hündürlüyü ilə uzunluğu arasındakı ədədi qanunları ax­ta­rırdı. Bu “ələkeçməz” qanun hələ də tapılmamışdır, ümidliyəm ki, gənc nəsillərin pa­yına dü­şəcəkdir, bu hiss inamımdan irəli gəlir. Pifaqorun elmi risqə getməsi ta­ma­milə ye­rinə düşmüşdü, çünki bu ahəngin (harmoniyanın) mahiyyətində bir bə­şə­ri sual da­yanırdı: “Həyatın mənası nədir?” Ötən dərslərin birində bir şagird mənə sual­la mü­raciət etdi. Dərhal cavablandırmadım. Çalışdım müdriklərimizə üz tutum: Bir ca­van sualın cavabı naminə axtarışdan yorulmamalıdır və qonşu el – obaya ayaq açır. Yolda ağsaqqal kişiylə rastlaşır, ağacın kölgəsində söhbətləşirlər. Cavan sua­lı ün­vanlayır. Qoca fikrə dalır, bu qədər yaşamış, həyatın mənasını başa düş­müş­mü? Həm­söhbətini intizarda qoymur: – Bir şərtim olacaq, bunun öhdəsindən gəl­sən sua­lı­na cavab alacaqsan. O, çantasından bir qaşıq çıxarıb oğlana uzadır və de­yir ki, bu qa­şıqla o bağda gəz, ancaq elə etməlisən ki, qaşığın içindəki yağdan bir dam­la da tö­külməsin.

Cavan bağı gəzib dolaşır, zeytun yağdan bir gilə də dağılmır.

– Necə, bu bağ xoşunca oldumu?

– Qoca, qaşıqda idi bütün diqqətim, bağa baxa bilmədim.

Qoca müdrik gülümsünür, yenə bu qaşıqla bağı gəz, ancaq elə et bağa baxa bi­ləsən.

Cavan elə də edir, bağın gözəlliyinə heyran olur, qayıdanda baxır ki, yağ­dan bir damla belə qalmayıbdır. Qoca müdrik deyir:

– Oğlum, həyat buna bənzər, həyat sənin baxışında məna qazanacaq, ya bir nöq­­təyə baxarsan – həyat axıb gedər, fərqinə varmazsan, ya da görə biləcəyin gö­zəl­­liyin ortasında həyatı yaşayacaqsan, axıb gedən zamanın məna qazanar. Həyatın mə­­nası sənin bu baxışında gizlidir…

Qoy uşaqlar öz nəticələrini çıxarsınlar və “həyat nədir?” sualına əməllərilə, dü­­şüncələriylə, proqnozları ilə cavab tapsınlar.

Bu fəlsəfi sual həyatım boyu məni də düşündürmüşdür. Dünya nə qədər zid­diy­­yətlidirsə o, bir o qədər də qüdrətlidir, hətta daşsız yenilməz qala tikmək sehrinə ma­­likdir. Mən özümü o baxımından fenom sayıram (qeyri – təvazökar səslənməz) ki, sərhəddimə məxsus elmləri başa düşürəm, yazmağı bacarıram (bəzi profes­sor­lar, akademiklər kimi muzdla əsərlər qələmə almıram), müşahidəmə və savadıma, mü­­taliəmə müvafiq minlərlə qəzet və jurnal məqalələri nəşr etdirmişəm: əlliyə ya­xın monoqrafiyalar, kitablar, dərsliklər, romanlar və sairə idrakımla təxəyyülümün məh­­suludur. Mən öz tematikama dərindən bələdəm, fikirlərimin assosiativliyini – əla­­qəliliyini təfsilatı ilə mənimsəmişəm. Kitablarımla dost olmuşam, onların xe­yir­xah diqtəsilə hərəkət etmişəm, nazı ilə davranmışam, çünki övladlarımdan ayır­ma­mı­­şam. Əsərlərimdə “boş nəzakət” düsturu yoxdur, miskinliyə yol açmamışam, hiy­­ləyə uymamışam, bu neqativ motivlərə nə səbəbdən rəva görməliyəm? Mən öyüd – nəsihətin quruluğundan qaçmışam, tələbələrimin qürurunu gözləmişəm, hiss­lərini anlamışam. Onu idrak etmişəm ki, yaşadığım məmləkətimdə hələ də na­dan­­lıq və pozğunluq davamlıdır, əxlaq ayaqlar altında tapdanır, bu çirkab “yu­xa­rı­lar­­dan” damcılayır, etibarı itirən məmurların ağzının suyudur.

Ağırlıq, iztirab çəkmək yenə də pedaqoqların və qələm sahiblərinin qis­mə­ti­nə düşmüşdür. Mən də bir yazar və pedaqoq kimi nəcib insanlara sığınmışam. Al­lah – Təaladan umacağım bir odur: sifətimi dəyişməyim. Və yazıçı Mark Tvenin söz­­lərini də unutmayım: “İnsan yeganə varlıqdır ki utandığından qızara bilir”. Biz uşaq­­ları o ruhda – o sağlamlıqda yetişdirməliyik ki, hissləri kobudlaşmasın, insana qar­­şı laqeydləşməsin, düşünməyi bacarsın və məşhur fransız psixoloqu Pyer Da­ko­nun məsləhətini də unutmasın: “Biz əvvəl düşünməyi, sevinməyi, kədərlənməyi, ağ­­lamağı, gülməyi bacaran insan yetişdirməliyik, sonra təlim verməliyik”.

Bu gün bizim çağdaş təhsilimiz həmişə olduğu kimi tərsinə iş görür: elmdən baş­­layır! İnsanlıq dərslərini sona saxlayır. Gülməli (yox, ağlamalı) olsa da “dərs cəd­­vəli”ndə altıncı dərsə yerləşdirilir, uşaqların yorğun saatlarına! Gənc nəslin da­xi­­li, iç dünyasını inkişaf etdirmək keçmiş hadisələri gələcək hadisələrdən ayıran, ümu­­miyyətlə, vahidin – “indi” anlamı yoxdur, halbuki xatırlatdığımız Pifaqorun ax­­tarışı (Dünyanın harmoniyası) hadisələrin zaman ardıcıllığı ilə onların səbəb – nə­­ticə əlaqələri arasındakı üzvü bağlılığı nəzərə almaq (akademik A.D.Alek­sand­rov) lazım gəlir.

Tənhalıqdan daima ehtiyat etmişəm, insana hər ovqatda lazım deyil, acı tən­ha­­lığı özümü yalqız hesab edəndə daha dərindən duyuram, soyuq hava olmasa da xoş hava bədənimi gizildədir, ayaqlarımı üşüdür, hətta göz yaşıma təslim oluram, mən­­dən asılı deyil. Homer hıçqıraraq ağlamağın ləzzətini boynuna almışdır. Uşaq­lar göz yaşından sonra sakitləşirlər, az sonra isə tamamilə şənlənirlər. Deməli, ya­nıl­­mamışam: uşaqlarsız qocalmaq çətinmiş! Tənhalaşmanın (səndən asılı olma­yan­da) faydasını – təsəlli üçün demirəm, vaxt bolluğunda tapıram, olmuşları xa­tırla­yı­ram, ünsiyyətcilliyin yerini görürəm, qiymətləndirirəm. Eyni zamanda cəmiyyətin in­­sanları necə əzmək istədiyinə, belini bükdüyünə cəhd etdiyini, dahi Sabirin “so­yuq insanları neylərdin, ilahi” hayqırtısını unutduğunu da unutmuram. Ona he­yif­si­lə­­nirəm ki, bir qrup adamlar ona verilən üstünlüklərdən, maddi firavanlıqdan, ti­tul­lar­­dan həyasızcasına yararlanırlar, aliliyin ötürdüyü belə etimadı ayaqlar altında tap­­dalayırlar, özləri cəhənnəmə, öz övladının əxlaqını baltalayırlar – ləyaqətsizlik uc­­batından. Belə olmasa idi əsrimizin ilk iki onilliyində bəhbəhlə vəzifə kres­lo­sun­da əyləşən neçə-neçə “birincilər” və “ikincilər” kabinetlərindən qandalla çıxmazdı! Han­­sı ki, bu işıqlı “hücrə”də sehrli nağılları oxuyub camaata həqiqət və ədalət haq­qın­­da uzun-uzadı nəsihətlər yağdırmazdılar (düzü, onların ad və soyadlarını “tarix­ləş­­dirməyi” özümə rəva görmədim, onların uşaqları, nəvə – nəticələri qəlbən ağrı­ma­­sınlar), faktlar göz qabağında, amma divan tərəzisiz.

(Ardı var)

***************************************

 

Pedaqoqlar (müəllimlər) çalışırlar bədii obrazların xislətindən nümunələr gə­tir­­sinlər, dövrləri və dövranları müqayisə etsinlər, bəlkə ibrət aldılar. Uzun illik şəx­­si müşahidələrimə söykənib cəsarətlə deyərdim ki, xüsusilə, “seçilmişlərin”, eli­tar­­ların, yaxud biznesdə əli gətirənlərin övladları (hamı üçün şamil etmirəm) üçün nə klassik, nə də çağdaş bədii obrazlar xarakterik deyil, çünki gərək oxuyasan ki, xə­­bərin ola. Onlar üçün “internet macəraları” daha münasibdir, indi baxanların sayı xey­­li azalıb: ona görə ki, qeyri – halallıqda, korrupsiya oyunlarında, kasıb – kusu­bun dövlət yardımı yeyintisində, məişət qalmaqalında adları hallananlar ataları, da­yı­ları, əmiləridir. Fikrimi o fakta yönəltmək istəyirəm ki, şagirdlər və tələbələr ədə­biy­yatdan bixəbərdirlər, dünya görüşlərini yad istiqamətə bağlamışlar.

Bu məqamdan tutub valideynlərə çatdırmaq istərdim ki, özünüzü emosional zəh­­mətə qatıb V.Hüqonu, O.Balzakı, E.Hemenqueni, L.Tolstoyu, T.Drayzeri, Cek Lon­­donu, İ.Qutqaşınlını, M.F.Axundzadəni, A.Bakıxanovu, Y.B.Çəmənzəminlini, Meh­­di Hüseyni, Mirzə ibrahimovu, Mir Cəlalı, İlyas Əfəndiyevi, İsmayıl Şıxlını, Bay­­ram Bayramovu, Əlibala Hacızadəni… oxuyun. Demirəm adları çəkilənlərin ha­­mı­sını mütaliə edin, bu, şişirtmə olardı, lakin bu ədiblərdən istədiyinizi, nəticə çı­­xara biləcəyinizi seçin.

Mən tənhalığıma qayıdıram, insan ləyaqətinin hörmətdən düşdüyünü, bizi ida­­rə edənlərin (insaflısı yox deyil): nəfsiqılınclının, mayası haramla yoğrulanların, sər­vət “süfrəsi”nə şahmat fiqurları kimi villalarını düzənlərin, piyadısını irəli verib Şa­­hını qoruyanların ixtiyarına tabe olmayaq, oxuduqlarımızdan bir parasını onlar oxu­­sunlar, karantin vaxtından qaçmasınlar, barı, Viktor Hüqonun “Səfillər”ini oxu­yub səfil məişətdən uzaqlaşsınlar, gənc balalarına nümunə görünsünlər. Bu ar­zu­mun xətrinə pedaqoqluğuma güvəndim, vaxtilə universitet həyatımda müəllim­lə­ri­min məsləhətilə oxuduğum “Səfillər” romanından bəzi epizodları “diriltmək” qə­ra­rı­­na gəldim. Və görkəmli pedaqoq, Zaqafqaziyada və Orta Asiyada (eləcə də Ana Və­­tənimizdə) ilk pedaqoji elmlər doktoru, əməkdar elm xadiminin, adına bir dalan qoy­­mağı rəva görməyənlər, professor Əhməd Yusif oğlu Seyidovun (görəsən, qəb­ri haradadır, hər halda fəxri xiyabanda deyil) məsləhətilə oxumuşdum. Bəzi epi­zod­­ları qeyd etmişdim: “Bəli, səfalətə yol verən cəmiyyət, bəli, müharibəyə yol ve­rən bəşəriyyət, bəli, cəhənnəmə yol verən din mənim fikrimcə alçaq dərəcəli cə­miy­­yət, alçaq dərəcəli bəşəriyyət, yüksək dərəcəli dinə, monarx olmayan bəşə­riy­yə­­tə, yazılı ehkamlar olmayan dinə can atıram”. Dahi ədib davam edir: “Bəli, mən ri­­yakarlıq alveri edən keşişə qarşı, ədaləti tapdalayan hakimə qarşı mübarizə apa­rı­ram. Mən səfaləti təqib edirəm, mən xəstləikləri sağaldıram, mən şərə nifrət edi­rəm”.

“Səfillər”in qeyri səfillərə daha bir messajı iri titullu, göstəriş səlahətli, öncə ver­­diyi sözün – vədin arxasında dayanmayan delitantların, masa arxasında böyük gö­­rünənlərin payına düşür. Yazıçı ilk kişilik nümunəsini özü göstərir: Viktor Hüqo Fran­­sa Kralından təyin olunan beş min frank təqaüddən imtina edir, hətta ictimai iş­­lər nazirliyinə məktub yazır, özü də izahlı: “Kralın təyin etdiyi bu təqaüd sər­bəst­li­­yin əl – qolunu bağlayan maddi yardımdan başqa bir şey deyildir. Reallıqda bu hə­­diyyəni qəbul etmək, müstəqil fəaliyyətdən imtina edib hökumət qarşısında öh­də­­lik götürmək deməkdir. Əslində, yazıçı hakimiyyətə müxalifətdə olmalıdır: belə hal­­da namuslu yazıçı, gərək hər şeydən əvvəl hökumətlə pul haqq – hesabını kəs­sin. Ona görə də mən öz təqaüdümdən imtina edirəm”.

Bizimkilər naşükür olmamışlar: “Allah bərəkət versin” demiş və dizlərini qat­­layıb əllərini tavana qaldırmışlar, qadınların çox sevdikləri nöqtəyə…

3.

Azərbaycan pedaqoji elmi – professional baxımından qədim, ulu tarixə ma­lik­­dir. Sasanilərdən başlamış II Şapur (309-379) dövründə Atrat Mehr Əspandanın məş­­hur “Nəsihətnamə” əsərində bir qeydi ibrətlidir: “Əgər kiçik yaşlı uşağın varsa onu dəbistana göndər, çünki elmin işığı ürəyi və gözü nurlandırır”. X-XI əsrlərdə ərəb xilafəti süquta yaxınlaşır, bu isə Azərbaycanda məktəblərin, mədrəsələrin art­ma­­sı zərurətini doğurdu, Lakin bir şəxs, dövlət xadimi kimi tanınan pedaqoq Xacə Ni­­zamülmülkün (1018-1092) adı şərəflə çəkildi. Əxlaq nəzəriyyəçisi və maarifçisi, Or­­ta əsrlər dövrünün  görkəmli şəxsiyyətlərindən Məhəmməd Naxçıvaninin (XIII əsr) adını çəkməmək haqsızlıq olardı. “Mərtəbələrə çatmaq üçün düsturlar, qayda­lar” əsəri daha çox pedaqoqu tanıtmışdır.

Dünyada hərtərəfli elmi kəşfləri, müxtəlif janrlarda əsərlər müəllifi Nəsrəd­din Tusi (1201-1274) haqqında danışmağa ehtiyac duymadım. Eləcə də Ensik­lo­pe­dik bilik sahəsinə malik, tədqiqatçı və müəllim – pedaqoq Mirzə Kazım bəy (1802-1870), Firudin bəy Köçərli (1863-1920), Əhməd Seyidov (1892-1977), Mehdi Meh­­dizadə (1903-1984), Nurəddin Kazımov (1926-2014), Hüseyn Əhmədov (1926-2020) fenomenləri… Bu pedaqoqlar Azərbaycan balalarının ilkin təhsil al­ma­­sında, maarifçiliyimizin tərəqqisində, pedaqoji fikir tariximizin Orta əsr və müa­sir epoxasında müstəsna rol oynamışlar, nümunə olmuşlar, məqsədim o deyil, lakin bə­­zi nüanslara toxunmaq istərdim.

Pedaqoq – müəllim ana kök söz olan “pedaqogika”dan yaranmışdır, iki yu­nan sözünün: payda və loqos birləşməsini ifadə edir. Hərçənd, mənası sadə mət­ləb­dir (uşaq ötürən). Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə müşayət edən ada­­mı “payda qoqos” adlandırırdılar. Zaman dəyişmiş, siyasi sistemlər mövcud ol­muş, sosial proseslər yeni məzmun kəsb etmiş, payda qoqos yeni terminlə beynəl­xalq məzmun kəsb etmişdir.

Məntiqlə yanaşaq: tərbiyə və təhsil tariximizin X əsrinə aparan bu elm (pe­da­­qogika) formalaşdı təhsilli, dünya görüşlü ensiklopedik savadlı mütəxəssis – müəl­­limlərin səyi ilə. Onlar alimlər, ədəbiyyatçılar (şairlər, ədiblər, dramaturqlar), mu­­siqiçillər və digər sənət sahibləri yetişdirdilər. Onlar Napoleon demişkən, “Bö­yük insanlar Dünyanı işıqlandırmaq üçün özlərini yandıran meteorlar” oldular. On­lar əsrlərlə yaşanan sosial – siyasi cəmiyyətlərin (sistemlərin), fərdlərin tərbiyəsini üzə­r­lərinə götürdülər, bu şəxsiyyətlər quruluşun “rəqsləri”nə qol qaldırmadılar, ay­rı-ayrı tiranların vurulduğu idarəetmə prinsiplərinə qəti etirazlarını gizlətmədilər. N.Tu­­si, İ.Qəzzali, M.Övhədi, A.Komenski, J.Russo, K.D.Uşinski və başqa peda­qoq­­ların adı tarixiləşdi. Varisçilik prinsipi davam etdi. Ötən əsrin 30-cu illərində “Əh­­məd Seyidov məktəbi” formalaşdı və rus alimləri qəbul etdilər və böyük peda­qo­­qun Hüseyn Əhmədov, N.Kazımov, Ə.Həşimov, F.Seyidov kimi yetirmələri İtti­faq­da tanındı. Pedaqoq – müəllimlər auditoriyada istedadlıların inkişafına səy gös­tər­­dilər, onların bir şəxsiyyət kimi inkişaflarında böyük rol oynadılar. Yaşlı nəsil­dən olan M.Müşfiq, S.Vurğun, S.Rüstəm, R.Rza, M.Hüseyn, M.İbrahimov, M.Cə­lal, İ.Şıxlı, B.Bayramov, B.Vahabzadə, N.Həsənzadə, .Araz və digərləri sevimli müəl­limlərini unut­madılar. Maraqlı budur ki, onlar öz müəllimlərinin məzarına baş çək­mək istə­dilər, ustadlarının qəbri üstə güllər qoymaq üçün hazırlaşdılar. Lakin: – gö­rəsən han­sı məzarstanda uyuyurlar, bəlkə fəxri xiyabanda dəfn olunublar? – Sual­lar, sual­lar və ümidsizlik, ümidsizlik. Bəzi yetirmələri inadla axtardılar ki – fəx­ri xiya­ban­da uyuyarlar, – düşündülər. Müəllimləri Əhməd Seyidovu, Hüseyn Əh­mədovu, Nu­rəddin Kazımovu, Qədriyyə Səlimovanı (o, Rusiyada fəaliyyət gös­tə­rirdi, aka­de­mik – pedaqoqdu), Ağamməd Abdullayevi, M.Muradxanovu, Feyzul­la Qasım­zadə­ni, Afad Qurbanovu… xatırladılar, əbəs yerə… Bu gün birinci fəxri xi­ya­banda keç­miş nazirlər, partiya funksionerləri, ortabab alimlər, elə ortabab artist­lər və şair­lər dəfn olunublar. Allahdan onlara rəhmət diləyirəm, qəbrləri nurla dol­sun. Unu­dul­mamalıdır ki, fəxri xiyabanda dahilərdən Üzeyir bəy, Məmməd Səid Or­dubadi, Cə­fər Cabbarlı, S.Vurğun, Bülbül, Qara Qarayev, Rəşid Behbudov, Rə­sul Rza, Fik­rət Əmirov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Xəlil Rza, B.Vahabzadə, M.Hü­seyn, Ə.Va­hid, M.İbrahimov kimi söz – sənət adamları ilə yanaşı alimlər, döv­lət xadim­lə­rindən Heydər Əliyev, Şıxəli Qurbanov, akademik Həsən Əliyev, Əziz Əliyev, Lüt­vi-zadə, Ziya Bünyadov da uyuyur, min-min rəhmət diləyirəm.

Hacət varmı təsadüfi vəzifəyə gələn, elmi titula yiyələnən, deputat seçilən gör­­kəmli şəxsiyyətlərin bir qarışında uyusunlar.

Lakin bu simalara dərs demiş, pedaqoji fikrimizin dünəni və bu günü tarixin­də hətta dünya şöhrətli pedaqoqlarımız öz yetirmələri ilə yanaşı dəfn olunmağa la­yiq bilinməmişdir. Akademik – pedaqoqlardan tanıdığım Mehdi Mehdizadənin, Abas­­qulu Abbaszadənin, Mirzə Məmmədovun məzarını II fəxri xiyabanda tapdım, baş əydim, bir dəstə çiçək qoymaqla təsəlli tapdım. Bu üç şəxsiyyət milli təhsilimiz üçün nələr etməmişlər, məktəb quruculuğunda ömürlərini əritmişlər. Hər üç peda­qo­­qun müəllimi professor Əhməd Seyidovu məzarı Qazaxda uyuyur. Görünür şair­lə­­ri, yazıçıları, musiqiçiləri və alimləri yetişdirən müəllimlər (qoy, orta məktəb müəl­­limi olsun) və pedqoqlar ikinci, üçüncü dərəcəli təbəqə sayılır ki, dünyalarını də­yi­şəndə heç bir hökumət rəsmisi ya xəbər tutmur (inandırıcı görünmür), ya da ma­­raqlanmaq sərf etmir və: “Axı, kimdir bu şəxs? Yazıçı, şair, aktyor, oxuyan de­yil ki? Bəlkə hansısa məmurun qohumudur?” Və sair ətürpədici suallar peda­qoq­la­rın ta­le­yinə ünvanlanır.

Pedaqoqlara qarşı belə ədalətsiz, subyektiv, hansısa mənəvi – ruhi dəyərə qar­şı la­qeyd­sizliyi göstərən, əlbəttə, kiçik, ortabab vəzifə məmurlarıdır. Mən yaşım mü­­qa­­bilində bu haqsızlığın şahidi olmuşam. Ad çəkməyəcəyəm, ötən əsrin 70-ci il­lə­rin­də iki görkəmli pedaqoqumuz, uzun illər dərs demiş, universitet rektoru iş­lə­miş pro­fessoru bir partiya funksioneri 30-40 il öz doğma İnstitutundan məhrumla vi­dalaşmağa razılıq vermədi, onları yaşadıqları mənzillərindən dəfn üçün apardılar, hal­­bu­ki, fəxri xiyabana layiq idilər. Həmin partiya funksionerlərin nə adı qalıb, nə də vəzifə şöhrəti. Məzarı da bəlli deyil. Lakin O iki pedaqoq – professorun isə elmi ir­­si yaşayır, yetirmələrinin yaddaşlarındadır. Necə ki, filosof Avrelin Mark uzaqgö­rən­­liklə demişdir: “Vaxtilə şöhrəti göylərə qaldırılan nə qədər adamlar artıq büs­bü­tün unudulmuşdur, yaddaşdan silinmişdir, hələ onları mədh edənlərin gör nə qədə­ri­­nin adı çoxdan qəbrdə yatır”.

Pedaqoqlar tarixin yaddaşında dəfn olunur…

Allahverdi Eminov

02.10.2020