Paşinyanın baş nazir seçilməsi nə vəd edir? – POLİTOLOQ RƏYİ

    15

    Natiq Miri: “Azərbyacan Nikol Paşinyana mesajlar verməlidir”

    “Nikol Paşinyanın bu gün baş nazir seçilməsində həm də Azərbaycan müəyyən mənada iştirak edib”

    Aprelin 13-dən Ermənistanda başlayan mitinqlər öz bəhrəsini verdi. Etiraz hərəkatının lideri Nikol Paşinyanın baş naziri seçilməsi sübut etdi ki, xalqın iradəsi lazım gələndə həlledicidir.

    Mayın 1-də Paşinyanın baş nazir seçilməməsi və nəticədə bütün ölkədə etiraz aksiyalarının başlaması, etirazçılar tərəfindən yolların bağlanması Respublikaçılar Partiyasının tərəfdarlarını, xüsusən də keçmiş pezident Sərksiyanı sonda Paşinyana güzşəştə getməyə məcbur etdi.

    Əslində, mayın 2-də Ermənistanda etirazçılar yolları bağlayan zaman Respublikaçılar fraksiyanın rəhbəri Vahram Bağdasaryanın verdiyi bəyanat N. Paşinyanın baş nazir seçiləcəyini güman etməyə yetərli idi. Çünki V.Bağdasaryan bildirmişdi ki, baş nazir seçkilərinin ikinci turunda onun fraksiyası dörd parlament fraksiyasının üçünün təklif etdiyi namizədi dəstəkləyəcək. Hansı ki, Paşinyanı birinci turda baş nazir seçkisində “Yelk”, “Daşnaksutyun” və “Tsarukyan bloku” fraksiyaları dəstəkləmişdi, ikinci turda da həmin fraksiyalar yenidən Paşinyanı namizəd kimi irəli sürəcəklərini bəyan etmişdilər.

    Qeyd edək, dünən Ermənistan parlamentində Nikol Paşinyanın baş naziri seşilməsi üçün deputatlardan 59 nəfəri onun lehinə, 42 nəfəri isə əleyhinə səs verib.

    Onu da nəzərə çatdıraq ki, Ermənistanda Nikol Paşinaynın hakimiyyətə gəlməsini istəməyən Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni baş naziri seçilmiş Nikol Paşinyanı təbrik edib. Mayın 14-də isə Soçidə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində Putinlə Paşinyanın görüşü gözlənilir.

    Dünən Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın ilk olaraq Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edəcəyi bildirilir ki, bu da ölkəmizə müəyyən mənada bir mesajdır. Nikol Paşinyan dünən parlamendə çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır: “Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır”.

    Paşinyan “Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır” desə də, onun bir neçə gün öncə səsləndirdiyi “Qarabağ münaqişəsinin həllinin güzəştli variantı yalnız Azərbaycanın “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi hüququnu tanıdığı təqdirdə müzakirə oluna bilər” bəyanatı onu deməyə əsas verir ki, Paşinyanın heç də işğal altındakı torpaqlarımızı qaytarmaq fikri yoxdur. Çünki erməni xalqının öz müqəddəratını təyin etməsi hüququnu Azərbaycanın tanıması absurddur. Amma bütün hallarda Paşinyanın hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağla bağlı danışıqlarda yeni bir dönəmin başlandığını da demək olar.

    “Nikol Paşinyan mitinqlərdə iştirak edən əhalinin ac qarnını doydurmaq məcburiyyəti ilə üzləşəcək”

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    Etirazçıların lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə bağlı politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, Ermənistanda etiraz dalğası, yəni xalqın “məxməri inqilabı” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın baş nazir seçilməsi ilə Ermənistanda yeni bir dönəmin başlandığını demək olar: “Çünki Ermənistanda “Qarabağ klanı”na məxsus hərbi xunta uzun müddətdir ki, hakimiyyətdə idi və hakimiyyətdə olan hərbi xunta məhz Moskvanın hərbi siyasi çevrilişi nəticəsində gətirilmişdi. Artıq bu dönəmin bitdiyini demək olar və Ermənistanda yeni bir dönəmin başlandığını bəyan etmək olar. Ancaq bu yeni dönəmdə Ermənistanın çox böyük çətinliklərlə üzləşəcəyi artıq bəllidir. Çünki Ermənistanın büdcəsi boşdur. Nikol Paşinyan mitinqlərdə iştirak edən əhalinin ac qarnını doydurmaq məcburiyyəti ilə üzləşəcək. Yəni müxalifətdə hakimiyyətə qarşı hansısa radikal mövqe tutmaq bir başqa məsələdir, ancaq hökumətin başında durmaqla, xalqı doydurmaq, yeni iş yerlərini açmaq və Ermənistanda mövcud olan demoqrafik faciənin qarşısını almaq tamamilə fərqli bir məsələdir. O baxımdan düşünürəm ki, yeni dönəm olmuş olsa da, Nikol Paşinyan üçün çox çətin bir dönəm olacaq”.

    “Rusiya Azərbaycana“yaşıl işıq” yandıra bilər”

    N.Miri nəzərə çatdırdı ki, Nikol Paşinyan Qərbə inteqrasiya xəttinin tərəfdarı kimi tanınır: “Əgər Nikol Paşinyan Qərbə inteqrasiya xəttini yeridərsə, bu, təbii ki, Rusiyanı qıcıqlandıracaq və Rusiya Ermənistanı cəzalandırmaq istəyəcək. Bu cəzalandırma məhz Azərbaycan vasitəsilə ola bilər. Eynilə zamanında Afrin əməliyyatı üçün Rusiyanın Türkiyəyə yandırdığı “yaşıl işıq” kimi, indi də Ermənistanı cəzalandırmaq üçün Azərbaycana, Dağlıq Qarabağda işğal olunmuş torpaqları azad etmək üçün hərbi əməliyyata “yaşıl işıq” yandıra bilər. O baxımdan, düşünürəm ki, Nikol Paşinayn üçün yeni dönəm asan olmayacaq”.

    “Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləməlidir”

    “Nikol Paşinyan həqiqətən də yeni iqtisadi sistem bərqərar etmək istəyirsə, mitinqlərdə vəd etdiyi kimi korrupsiyanı ləğv etmək və oliqarxik sistemi dəyişdirmək istəyirsə, mütləq regionun həlledici ölkələrindən olan Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləməlidir. Çünki Ermənistan iqtisadiyyatının çiçəklənməsi dolayısı ilə Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Çünki Azərbaycan və Türkiyəsiz Ermənistan iqtisadiyyatını inkişaf etdirmək mümkün olardısa, bu günə qədər Ermənistanı dəstəkləyən Rusiya və İran kimi dövlətlərə rəğmən, Ermənistanın iqtisadiyyatı çöküş vəziyyətinə gəlməzdi. Bu faktın özü də göstərir ki, Azərbaycan və Türkiyə Ermənistana qarşı iqtisadi blokadanı, regional, qlobal enerji və digər iqtisadi layihələrdə Azərbaycan Ermənistanın iştirakına qoyduğu qadağanı götürmədikcə, Ermənistanda iqtisadiyyatı inkişaf etdirmək mümkün olmayacaq. Çünki bu blokada vəziyyətində Ermənstanda iqtisadi islahatlar aparmaq, yeni iqtisadi sistemi bərqarar etmək mümkün deyil. Ona görə də Nikol Paşinyan müxalifətdə olan zaman nə qədər radikal bəyanatlar vermiş olsa da, real hakimiyyət başında durduğu təqdirdə anlayacaq ki, iqtisadi sistemin inkişafı üçün mütləq regionun iqtisadi cəhətdən ən güclü ölkəsi olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməlidir. Təbii ki, bunun üçün Dağlıq Qarabağ probleminin həllində Ermənistan konstruktiv mövqe tutmalı və ilkin olaraq Dağlıq Qarabağ ətrafında olan işğal olunmuş rayonları boşaltmağa razı olmalıdır. Bu baxımdan, düşünürəm ki, Nikol Paşinyan bu cür çətin imtahanlar qarşısında olacaq və bu kontekstdə hansı qərarları qəbul edəcək, bu, Nikol Paşinyanın hökumət başcısı kimi yürüdəcəyi siyasətdən asılı olacaq”,- deyə politoloq qeyd etdi.

    “Paşinyanın Rusiya ilə münasibətləri necə tənzimləyəcəyi suallar yaradır”

    N.Miri vurğuladı ki, Ermənistanın Azərbaycan və Türkiyədən başqa, bir də Rusiya ilə münasibətləri tənzimləmək məcburiyyəti vardır: “Çox yaxın zamanlarda Avrasiya İttifaqının növbəti bir toplantısı var. Baxmyaraq ki, Putin Paşinyanı təbrik edib. Putinin Paşinyanı təbrik etməsi legitim bir hökumət formalaşması ilə əlaqədardır. Çünki hansısa küçədə verilən bir inqilabi qərar deyil. Hüquqi cəhətdən tam legitim olaraq parlamentdə deputatların verdiyi səslə, yəni Konstitusiyaya uyğun olaraq bir baş nazir seçilib və bundan sonra Paşinyan hökuməti formalaşdırmaq səlahiyyəti alacaq. Düşünürəm ki, bu, bir siyasi prosedurdur ki, Rusiyanın başçısı da bu kontekstdə Nikol Paşinaynı təbrik edib. Artıq Kremlin sözçüsü Peskovun verdiyi açıqlamaya görə, Avrasiya İttifaqının toplantısında da Putinlə birbaşa Nikol Paşinyanın görüşəcəyi haqqında da dolayısı ilə bir mesaj verilib. Təbii ki, Putinin Nikol Paşinyandan bəzi istəkləri olcaq. O baxımdan, hesab edirəm ki, Nikol Paşinyan üçün Rusiya ilə münasibətləri tənzimləmək o qədər də asan olmayacaq. Çünki Qərbə inteqrasiya xəttinin müdafiəçisi kimi tanınan Nikol Paşinyan ən azından bir balans siyasəti yürütmək məcburiyyəti ilə üzləşəcək. Çünki Nikol Paşinyanın hökumət başına gələnə qədər Ermənistan yalnız Rusiyaya yönəlik bir siyasət yürüdürdü. Ancaq bundan sonra Nikol Paşinyan həqiqətən Qərbə inteqrasiya xəttinin tərəfdarıdırsa, Qərbə yönəlik siyasət yürütməlidir ki, bu da Rusiyanı qane edəcək siyasət deyil. Çünki post-Sovet məkanında, xüsusilə də Rusiyanın orbitində olan ölkələrdə Rusiya həm siyasi, həm də iqtisadi demokratik islahatların keçirilməsini istəmir. Ona görə ki, elə bir demokratik ölkənin Rusiyanın orbitindən formalaşması Rusiyanın özünə müəyyən mənada təhlükə vəd edir. O baxımdan, Nikol Paşinyanın bütövlükdə bir demokrat kimi Rusiya ilə bu münasibətləri necə tənzimləyəcəyi açığı böyük suallar yaradır. Yaxın zaman çərçivəsində Paşinyanın bütün bu problemlərin nə səviyyədə öhdəsindən gəlib-gəlməməsi aydın olacaq”.

    “Nikol Paşinyan Azərbaycana borcludur”

    “Paşinyan ilk olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə onu göstərmək istəyir ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir və burada yaşayan ermənilərə bir hökumət başçısı kimi sahib çıxır. Dolayısilə, bu, həm Azərbaycana, həm də dünyaya verilən bir mesajdır. Düşünürəm ki, buna adekvat olaraq Azərbyacan da Nikol Paşinyana müəyyən mesajlar verməlidir ki, ən azından Paşinyan bu yöndə qərarlar alarkən iki dəfə düşünmək məcburiyyətində qalsın. Çünki Nikol Paşinyanın bu gün baş nazir seçilməsində həm də Azərbaycan müəyyən mənada iştirak edib. Yəni “məxməri inqilab” zamanı əgər Azərbaycan fürsətdən istifadə edib Dağlıq Qarabağa yönəlik hərbi əməliyyatlara başlamış olsaydı, təbii ki, Sərkisyan baş nazir olaraq bundan istifadə edib, xalqı toparlamağa və bu inqilabı dayandırmağa çağırardı. Bu da inqilabın nəticəsinin olmayacağı anlamına gəlirdi. Bu gün əgər Nikol Paşinyan baş nazirdirsə və yeni hökumət formlaşdıra bilirsə, bunun üçün Azərbaycana borcludur. Çünki məhz Azərbaycan Ermənistana qarşı etidallı davrandı ki, ən azından Ermənistandakı proseslərin nəticəsi aydın oldu. Ancaq düşünürəm ki, bu uzaq perspektivdə hər bir halda Azərbyacanın xeyrinə işləyəcək”.

    Şamo EMİN, Hurriyyet.org