“Paşinyanın son davranışları Qarabağda uğursuzluğun məsuliyyətinin xalqla bölüşülməsinə hesablanıb” – QUBAD İBADOĞLU

102

“Ümid edək ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın milli, strateji maraqları nəzərə alınmaqla yekunlaşacaq”

“Müharibənin başlamasının 1 ayının tamamına 5 gün qaldı. Qarşıdan çox həlliedici günlər gəlir. Bu ayın sayılı günlərinin Azərbaycan tarxi üçün əhəmiyyəti ötən 25 gündən də çoxdur. Belə ki, Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskvaya işçi səfərdən geri dönən xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtona yola düşür. Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşdən Azərbaycan indiyədək rəsmi məlumat açıqlamayıb. Yalnız, Rusiya XİN saytında qeyd olunub ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təxirəsalınmaz məsələlər müzakirə edildi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədrinin qənaətincə, söhbət icra olunmayan humanitar atəşkəs razılaşmasından gedir, lakin onun həllinə şərait yaradılması ilə bağlı hansı təxirəsalınmaz məsələlərin müzakirə edildiyi aydın deyildir: “Odur ki, bu barədə Azərbaycan XİN-in əlavə açıqlamasına ehtiyac vardır. Bağlı qapılar arxasında müzakirə olunan Azərbaycanın tarixində böyük əhəmiyyət kəsb edən məsələlərə dair mütləq açıqlama verilməli və xalq məlumatlandırılmalıdır. Ümid edək ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın milli və strateji maraqları nəzərə alınmaqla yekunlaşacaq və yenilməz ordumuzun zəfər yürüşünə heç kim maneçilik törətməyəcək. Bu arada diqqətinizi Ermənistanda gedən siyasi oyunlara çəkmək istərdim. Ermənistanın baş naziri Paşinyanın müharibə bəyanatları ilə çıxış və hərb üçün 6 addım planını “Facebook”da post etdiyi vaxt XİN rəhbəri Mnatsakanyanın “sülh göyərçini” cildində Moskvada apardığı danışıqlar, prezident Sarkisyanın Brüsseldə NATO baş katibinə Türkiyədən şikayət etməsi düşmənlərin məkrli planlarından xəbər verir. Biri müharibə tərəfdarı kimi daxili audtoriyanın, o biriləri isə sülh tərəfdarları olaraq xarici auditoriyanın ehtiyaclarını qarşılamaqla məşğuldur. Paşinyanın son davranışları çox böyük ehtimalla Qarabağda uğursuzluğun məsuliyyətinin xalqla bölüşülməsinə hesablanıb ki, sabah lazım olanda ermənilərə deyə bilsin ki, mən sizi döyüşə dəvət etdim, amma gəlmədiniz. ona görə də uduzduq. Görünən odur ki, ermənilər tarixdə ən acınacaqlı durumunu yaşayırlar. Amma yenə də pis əməllərindən əl çəkmirlər”.

Qubad İbadoğlu onu da qeyd edib ki, dünən Ermənistan hökuməti Türkiyədən gələn mallara müvəqqəti qadağaya dair qərar qəbul edib: “Qərar 31 dekabrdan tətbiq olunacaq. Heç kəsə sirr deyil ki, Ermənistan hökumətinin qərarı Türkiyənin Qarabağ müharibəsində sərgilədiyi mövqe ilə bağlıdır. Azərbaycan hökuməti və parlamenti isə Türk mallarının idxalına rüsumun ləğv edilməsi ilə əlaqədar təşəbbüsümə hələ də etinasız yaraşır, bu təklif geniş ictimai rezonans doğursa da rəsmilər indiyədək ona münasibət bildirməyiblər. Ermənilərin dünən verdiyi açıqlamaya görə, 1 aprel 2019-cu il tarixindən etibarən fəaliyyətə başlayan “Hərbçilərin Sığorta Fondu”na 60 milyon dollar vəsait toplayıblar. Fondun vəsaiti Ermənistan vətəndaşlarının aylıq ianələrindən formalaşır, eləcə də muzdlu işçilər aylda 1000 AMD (2 dollardan biraz çox) “müharibə vergisi” ödəyir. Ermənilər bu fonddan ölən, itkin düşən və ya birinci qrup əlil olanların ailəsinə 10 milyon dram (20 min dollar), ikinci qrup əlil olanların ailəsinə isə 5 milyon dram (10 min dollar) məbləğində birdəfəlik kompensasiya ödəyir. Bundan başqa, əsgərlərin ailəsinə hər ay müntəzəm olaraq 100-300 min dram (200-600 dollar) yardım verirlər. Bunları sadəcə məlumat üçün yazdım. Dünənə olan məlumata görə, Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna hüquqi şəxslər tərəfindən 45 milyon 422 min 582 manat məbləğində vəsait köçürülüb ki, onun da 17 milyon manatını “Caspian Drilling Company” köçürüb. Fonda bütövlükdə 120 milyon manatdan çox vəsait yığılsa, inanə edən fərdlərlə bağlı məlumat açıqlanmır. Amma şirkətlərin siyahısından bəlli olur ki, Azərbaycanda siyasi elitaya daxil olan məmurların himayə etdiyi şirkətlərin maksimum köçürmələri 1 milyon manat və ondan azdır. Vaxtı ilə tutduğu və ya indi daşıdığı siyasi vəzifəsinə görə korrupsiyaya qurşanaraq varlanıb oliqarxa çevrilənlər isə bu prosesi hələ də kənardan müşahidə edirlər. Yekun olaraq onu qeyd etmək istərdim ki, hər kəs üzərinə düşən məsuliyyəti dərk edərək orduya və şəhid ailələrinə, müharibə iştirakçılarına dəstək olmalıdır. Unutmayaq ki, bu qısa zaman kəsiyində baş verən tarixi hadisələrə görə yalnız rəşadətli Azərbaycan ordusuna minnətdar olmalıyıq. Allah əsgər və zabitlərimiz qorusun!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org