“Paşinyanın münaqişənin danışıqlar yolu ilə həllinə siyasi iradəsi çatmır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

21

“Rusiya məcbur qalıb Azərbaycan və Türkiyə ilə birgə yeni siyasi konfiqurasiyaya gedə bilər”

“Azərbaycanın keçirdiyi iri miqyaslı hərbi-taktiki təlimlər Ermənistanda təhdid kimi qəbul olunur. Ermənistanın baş naziri və xarici işlər naziri Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində həll variantlarını inkar etsələr də, danışıqlarda maraqlı olduqlarını vurğulayıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, bu açıqlamalar İrəvanın siyasi manevridir və atəşkəsin qorunmasına hesablanıb: “Ermənistan tərəfi yenidən danışıqlara başlamaqla spekulyasiyalara əl atacaq. Çünki münaqişənin danışıqlar yolu ilə həllinə Paşinyanın siyasi iradəsi çatmır. Birincisi, öz xalqını sülhə hazırlaşdırmır. İkincisi, əldə olunan razılaşmalara ziddi olaraq nə əsirləri dəyişir, nə də həll varinatlarını qəbul edir. Belə olan təqdirdə münaqişənin həlli dondurulmuş qalır. Rusiya rəhbərliyi də Ermənistanın Qarabağ siyasətindən razıdır. Moskvanın baxışı nə sülh, nə də müharibədir. Minsk Qrupunun həmsədrləri Azərbaycanın hərbi təlimlərinə görə Ermənistanın xahişi ilə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla videokonfransla danışıqlar apardı. Xarici işlər nazirlərinin qısa zamanda görüşü razılaşdı. Qeyd edim ki, xarici işlər nazirlərinin görüşündə Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü razılaşdırıla bilər”.

Politoloq hesab edir ki, Ermənistan tərəfi bu danışıqlarda prosesləri yola vermək xatirinə qatılacaq: “Həmçinin öz absurd təklifi olan Qarabağ separatçılarının tərəf kimi iştirakını yenidən masaya daşıyacaq. Növbəti görüş baş tutarsa, rəsmi Bakı yüksək səviyyədə birmənalı şəkildə Qarabağa səfərlərin qarşısını alacağını və burada infrastruktur layihələrin reallaşdırılmasına imkan verməyəcəyi ultimatumunu verməlidir. Konkret olaraq Ermənistan rəhbərliyinin Qarabağa səfərinə yol verməyəcəyini diqqətlərinə çatdırmalıdır. Qeyd edim ki, Azərbaycan tərəfinin bu kimi hərbi təlimləri Rusiyada da diqqətlə izlənilir. Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti ilə telefon danışıqlarından sonra Azərbaycan prezidentinə zəng etdi. Tərəflər arasında danışıqların rəsmi xülasəsi deyilsə də, bu telefon danışığında Azərbaycan tərəfinin keçirdiyi hərbi təlimləri və Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə olunduğu istisna deyil. Bir neçə gün bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov da Azərbaycan və Ermənistana iki dəfə telefon açıb. Rusiyanın bu telefon zəngələri görünür, müəyyən narahatlıqdan irəli gəlir. Burada iki səbəb ola bilər. Azərbaycanın Türkiyə ilə müəyyən hərbi hazırlığından narahat ola bilər. Putin Ərdoğanla danışıqdan sonra prezident İlham Əliyevə zəng etdi. Çünki Türkiyə Suriyada və Liviyada uğurlu hərbi əməliyyatlar aparır. Növbəti geosiyasi marağı Cənubi Qafqaz ola bilər. Rusiya hazırkı vəziyyətdə Türkiyə ilə nə Suriyada, nə də Liviyada qarşı-qarşıya gəlir. Ondan əlavə, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə təbrik məktubunda suverenliyi və iki dövlət arasında sıx əməkdaşlığı vurğulaması Vaşinqtonun tam dəstəyini ifadə etmiş oldu. Göründüyü kimi, davam edən geosiyasi proseslərdə Ermənistan izolyasiya olunur. Azərbaycan bunu uğurla davam etdirir. Amma Rusiya faktoru hələlik Qarabağ məsələsində müəyyən problem olaraq qalır. Bir müddətdən sonra Rusiya Ermənistandan çıxa bilər. Regional şərtlər bunu diktə edəcək. Rusiya məcbur qalıb Azərbaycan və Türkiyə ilə birgə yeni siyasi konfiqurasiyaya gedə bilər. Odur ki, Azərbaycan irimiqyaslı hərbi təlimlərini davam etdirməli və bunu cəbhəyə yaxın məsafədə reallaşdırmalıdır ki, Ermənistan artıq açıq təhlükəni görsün”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org